Koreya Mərkəzi Teleqraf Agentliyinin (KCNA) verdiyi məlumata görə, Şimali Koreya paytaxtında ölkə tarixində ilk kompüter klubu açılışa hazırlaşır. Bu müəssisəni artıq dövlət başçısı da ziyarət edib. Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Jong Un ötən həftə, 3 aprel tarixində Pxenyanın yeni Hvasonq rayonundakı ictimai xidmət obyektlərinə baxış keçirib. Şimali Koreya liderinin ziyarət etdiyi obyektlər arasında ölkənin ilk kompüter-əyləncə pavilyonu da olub – bu, “kompüter oyunları ilə xidmət göstərməyə ixtisaslaşmış yeni məkan” kimi təqdim olunur.

Kompüter klubu 300 yerlik nəzərdə tutulub və KCNA tərəfindən yayımlanan fotolara əsasən, hələlik kompüterlərlə tam təchiz olunmayıb – hazırda orada oyun kresloları və bilyard masaları mövcuddur. NK News portalının qeyd etdiyi kimi, Şimali Koreya tarixindəki ilk kompüter klubunu avadanlıqla təmin etmək üçün KXDR-in mövcud sanksiyaları dolanaraq komponentlər gətirməyin yollarını tapması lazım olacaq.

Məlumata görə, KXDR hakimiyyəti klubda təqdim edilən məzmunu ciddi şəkildə nəzarətdə saxlayacaq, hətta xarici oyunlarda siyasi rejim üçün təhlükə yaradan süjetləri aradan qaldırmaq məqsədilə onların modifikasiyasını həyata keçirəcək. KCNA vurğulayıb ki, kompüter klubu “gənclər və uşaqlar arasında çox böyük populyarlıq qazanacaq”, Kim Jong Un isə “istismar sistemi və qaydalarına, eləcə də texniki xidmətə hazırlığa” xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib.
Mənbə: NK News