Bakı. Günaydın:
Albaniyanın paytaxtı Tiranada 23 yaşadək güləşçilər arasında
keçirilən Avropa çempionatı davam edir.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, yarışın altıncı günündə yunan-Roma güləşi üzrə beş çəki
dərəcəsində mübarizəyə start verilib. Digər çəki kateqoriyalarında
isə təsəlliverici qarşılaşmalar baş tutub.
Azərbaycan millisinin yarışa qoşulan beş güləşçisindən ikisi
yarımfinala yüksəlib. Onlardan Ruslan Nurullayev finala adlayıb,
Elmin Əliyev isə yarımfinalda məğlub olub və bürünc medal uğrunda
mübarizə aparacaq.
Yunan-Roma güləşi:
60 kq – Hüseyn Qəribov 1/8 finalda Türkiyə təmsilçisi Mert İlbarsa
4:6 hesabı ilə məğlub olub.
67 kq – Fərid Xəlilov almaniyalı Yanis Hainzelbekkeri 6:0 hesabı
ilə məğlub etsə də, 1/4 finalda rusiyalı Daniyal Ağayevə (UWW) 1:5
hesabı ilə uduzub.
<!—->
<!––>
72 kq – Ruslan Nurullayev bolqarıstanlı Dimitar Georgiyevi
(10:1) və litvalı Rokas Çepauskası (3:1) məğlub edərək yarımfinala
yüksəlib. O, yarımfinalda ukraynalı Oleq Xəlilov üzərində 4:2
hesablı qələbə qazanaraq finala vəsiqə qazanıb.
82 kq – Elmin Əliyev macarıstanlı Dominik Botosu (5:2) və
isveçli Aleksander Yohanssonu (6:5) məğlub edərək yarımfinala
yüksəlib. Lakin finala gedən yolda moldovalı Aleksandru Soloveyə
0:8 hesabı ilə uduzub və bürünc medal uğrunda mübarizəni davam
etdirəcək.
97 kq – Aqil Musayev 1/8 finalda Ermənistan təmsilçisi Harutyun
Kirakosyana “tuş”la məğlub olub.
Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə saat 19:45-də, medal
görüşləri isə 21:00-da başlayacaq.