Bakı. Günaydın:
Səhiyyə Nazirliyi Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru
Cəbrayıl Əsəd-zadə Nazirliyin rəsmi saytına müsahibə verib.
Trend
həmin müsahibəni təqdim edir:
– Cəbrayıl müəllim, rəhbərlik etdiyiniz “Səhiyyənin
İnformasiyalaşdırılması Mərkəzi” yenilənərək, “Rəqəmsal Səhiyyə
Mərkəzi” adı ilə fəaliyyət göstərməsi qərarı hansı zərurətdən
yarandı və bu dəyişiklik nə kimi perspektivlər vəd edir?
– Qeyd etmək istəyərdim ki, mərkəzin adının dəyişdirilməsi təkcə
simvolik xarakter daşımır, eyni zamanda qarşıya qoyulan daha geniş
strateji hədəflərin təzahürüdür.Ümumiyyətlə, səhiyyə məlumatlarının
kağız daşıyıcılardan elektron formata keçirilməsi prosesləri
Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan
Respublikasının inkişafı naminə informasiya və kommunikasiya
texnologiyaları üzrə Milli Strategiya”nın (2003 – 2012-ci illər)”
icrası məqsədilə 2005-2012-ci illəri əhatə edən və uğurla həyata
keçirilmiş Dövlət Proqramları çərçivəsində başlanılıb. 2006-cı
ildən etibarən “Vətəndaşların elektron sağlamlıq kartı”, “Tibbi
müayinə kartı”, “Nümunəvi tibbi informasiya sistemləri” yaradıldı
və tibb müəssisələrində tətbiq edilib.
Səhiyyənin elektronlaşdırılması sahəsində artan hədəflərin
vaxtında və daha yüksək peşəkarlıqla qarşılanması, elektronlaşdırma
proseslərinə nəzarət mexanizminin gücləndirilməsi məqsədilə bu
sahədə ixtisaslaşan qurumun yaradılması aktuallaşdı. Nəticədə,
2010-cu ildə Səhiyyə Nazirliyinin müvafiq əmri ilə “Səhiyyənin
İnformasiyalaşdırılması Mərkəzi“ yaradılıb. Həmin dövrdə səhiyyə
sahəsinin elektronlaşdırılması prosesləri daha da sürətləndi.
Dövrün tələblərinə uyğun olaraq, 20-dən çox tibbi elektron reyestr,
40-dan çox elektron xidmət, “Kadrların avtomatlaşdırılmış uçot”,
“Yoluxucu xəstəliklərin elektron müşahidə”, “Vahid qan bankı”,
“Təcili tibbi yardım stansiyasının dispetçer xidmətinin sistemləri”
kimi ölkədə səhiyyə sahəsinin inkişafında müstəsna rol oynayan
layihələr reallaşdırılıb.
Səhiyyə məlumatlarının vahid sistemdə toplanması məqsədilə bütün
sistemlərin “Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS)”ndə 2012-ci
ildə birləşməsi həyata keçirilib. Son illər həyata keçirilən mühüm
rəqəmsallaşma prosesləri nəticəsində Rəqəmsal resept, Dərman
vasitələrinin dövriyyəsinin təqib və izləmə, e-Epikriz, e-Bülleten
kimi yeni sistemlər VSİS çərçivəsində yaradılıb.
Hazırda ölkəmizdə rəqəmsallaşmanın sürətlə elektronlaşmanı əvəz
etməsi səhiyyə sahəsinidə də öz əksini tapıb. Səhiyyənin
rəqəmsallaşdırılması istiqamətində başlıca prioritetlər səhiyyə
məlumatlarının rəqəmsallaşaraq vahid landşaftda birləşdirilməsi, bu
məlumatlara rahat interfeyslər vasitəsilə, vətəndaşların və tibb
işçilərinin əlçatalığının təmin edilməsi, səhiyyə sahəsində
qərarverici orqanların dəqiq analitik və statistik məlumat əldə
etməsi, dövlət qurumlarının göstərdiyi xidmətlərdə və fəaliyyətində
tələb olan tibbi məlumatların əldə edilməsi kimi məqsədlərin həyata
keçirilməsndən ibarətdir. Səhiyyənin rəqəmsallaşması sahəsində
normativ hüquqi bazanın təkmilləşdirilməsi, bütün dünyada aktual
olan kibertəhdidlərin qarşısının alınması, idarəçiliyin
effektivliyinin artırılması qarşıda duran vacib vəzifələrdir.
Qeyd edilən məqsəd və vəzifələri uğurla icra etmək məqsədi ilə
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiya Qərarı ilə
“Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi”nin adı dəyişdirilərək
“Rəqəmsal Səhiyyə Mərkəzi” adlandırıldı və müasir çağırışlara cavab
verən Nizamnaməsi təsdiq edilidi. Mərkəzin strukturunun, fəaliyyət
istiqamətlərinin, kadr potensialının müasir çağırışlara uyğun
formalaşdırılması, rəqəmsal texnologiyalar üzrə ixtisaslaşmış
kadrların işə cəlb edilməsi prosesi artıq başlanıb. Mərkəzin
fəaliyyəti ölkədə səhiyyə sahəsinin rəqəmsallaşmasına mühüm töhvə
verəcəyinə inanırıq.
– Səhiyyənin rəqəmsallaşmasının gələcəyi ilə bağlı hədəfiniz
nədir və Rəqəmsal Səhiyyə Mərkəzi bu hədəfə çatmaq üçün necə töhfə
verə bilər?
– Səhiyyənin rəqəmsallaşması üzrə hədəflər bütün dünyada
oxşardır və gələcək perspektivlər olduqca ümidvericidir. Rəqəmsal
texnologiyaların inkişafı səhiyyə xidmətlərinə və məlumatlarına
çıxışın yaxşılaşdırılmasında böyük rol oynayır. Teletibb və
elektron sağlamlıq qeydləri kimi rəqəmsal vasitələrin tətbiqi
xəstənin sağlamlığının diaqnozunu, müalicəsini və monitorinqini
yaxşılaşdıra bilər. Səhiyyə məlumatlarının vahid landşaftda
birləşdirilməsi və təhlili ictimai sağlamlığı yaxşılaşdırmaq və
səhiyyə müəssisələrinin fəaliyyətini optimallaşdırmaq üçün
əsaslandırılan qərarlar qəbul etməyə kömək edəcək. Səhiyyə
xidmətlərinin sürətinin, dəqiqliyinin və əlçatanlığının artırılması
üçün rəqəmsal həllərin tətbiqi qarşıda duran ən prioritet
məsələlərdən biridir. Hazırda Rəqəmsal transformasiya çərçivəsində
prioritet istiqamətlər Tibbi Rəqəmsal Əkiz Sisteminin yaradılması,
Rəqəmsal səhiyyə standartlarının və təsnifatlarının tətbiqi, tibbi
məlumatların vahid informasiya məkanının formalaşması, sadə və asan
anlaşılan elektron xidmətlərin tətbiqidir. Mərkəzin bütün
fəaliyyəti bu hədəflərə çatmağa yönəlib.
– Səhiyyənin rəqəmsallaşmasında gələcək illərdə ən böyük təsirə
malik olacaq yeni texnologiyalar (məsələn, süni intellekt,
blokçeyn, əşyaların interneti) hansılardır? Mərkəzin rəqəmsal
sağlamlıq həllərinin inkişaf edən texnologiyalar və səhiyyə
ehtiyaclarına uyğun olmasını təmin etmək üçün hansı strategiyalar
hazırlanır?
<!—->
<!––>
– Rəqəmsal səhiyyə innovasiyaları pasiyentlərə göstərilən
xidmətlərin həm keyfiyyətini, həm də əlçatanlığını əhəmiyyətli
dərəcədə yaxşılaşdırır. Bu texnologiyalar həkimlərin işini
avtomatlaşdırmaqla yanaşı, pasiyentlərin vaxt və məsafə baxımından
məhdudiyyətlərini aradan qaldırır. Məsələn, teletibb
texnologiyasının tətbiqi ucqar ərazilərdə yaşayan vətəndaşlara
keyfiyyətli tibbi məsləhətlər almaq imkanı yaradır. Süni
intellektin tətbiqi xəstəliklərin erkən diaqnostikası və müalicə
prosesini sürətləndirir. Süni intellekt əsaslı sistemlər böyük
həcmdə tibbi məlumatları avtomatik emal edərək, tibbi personalın iş
yükünü azaldır. Təbii dil emalı (Natural Language Processing, NLP)
texnologiyaları həkim qeydlərini avtomatik analiz edib
strukturlaşdırır. Süni intellekt pasiyent məlumatlarını analiz
edərək, fərdi müalicə planları hazırlayır. Genetik analizlərə
əsaslanaraq xəstəliklərə qarşı fərdi risk səviyyəsini
qiymətləndirir və preventiv tədbirlər təklif edir.
Süni intellekt radiologiya sahəsində də xüsusi əhəmiyyət kəsb edir.
Rentgen, MRT və KT görüntülərini analiz edərək, həkimlərə daha
sürətli və dəqiq diaqnoz qoymağa kömək edir. Məsələn, dərin öyrənmə
(deep learning) modelləri xərçəngin erkən mərhələlərdə
aşkarlanmasına kömək edə bilər.
“Tibbi əşyaların interneti” vasitəsilə müxtəlif cihazlar vasitəsilə
tibbi məlumatların toplanması və sağlamlığın monitorinqi prosesini
heç zaman əvvəllər görünməyən səviyyəyə qaldırır.
Tibbi Rəqəmsal Əkiz Sistemi (TRƏS) vətəndaşların müxtəlif tibb
müəssisələrinə müraciətlərinin, müalicələrinin, laborator
müayinələrinin, müxtəlif formatda qeyd edilən radioloji
müayinələrinin, peyvəndlərinin, reseptlərinin məlumatlarını əhatə
edir. Bu layihənin həyata keçirilməsi həkimlərə vətəndaşın
sağlamlığı haqqında tam dolğun məlumat almağa, daha dəqiq və
operativ diaqnoz qoymaqla düzgün müalicə təyin etməyə, tibbi
xidmətlərin keyfiyyətini yüksəltməyə imkan verəcək.
Səhiyyə sahəsinin strateji hədəflərinə çatmaqda bu sistemlərin
tətbiqi çevikliyi artıracaq və elmi-tibbi araşdırmalar üçün geniş
məlumat bazası formalaşdıracaq.
– Rəqəmsal səhiyyə həllərinin həm xəstələr, həm də səhiyyə
işçiləri üçün əlçatan və istifadəçi dostu olmasını necə təmin
edilir?
– Vətəndaşların rəqəmsal səhiyyə həllərindən daha geniş və
effektiv istifadə etməsi üçün sadə və intuitiv platformaların
yaradılması əsas prioritetdir. İstifadəçilər üçün “Elektron
Səhiyyə” və “Reseptim” mobil tətbiqləri istifadəyə verilib. Bu
istifadəçi dostu mobil tətbiqlər vətəndaşlara səhiyyə xidmətlərini
daha əlçatan etmək məqsədi güdür. “Elektron səhiyyə” mobil tətbiqi
vasitəsilə vətəndaşlar, tibb işçiləri, sahəvi biznes fəaliyyəti ilə
məşğul olan hüquqi və fiziki şəxslər Səhiyyə Nazirliyinin təqdim
etdiyi elektron xidmətlərdən faydalana bilirlər.
Bununla yanaşı, vətəndaşların maarifləndirilməsi məqsədilə
vebinarlar, təlimlər təşkil edilir və sosial media üzərindən
məlumatlandırıcı məzmunlar paylaşılır. Xüsusilə, səhiyyə sahəsində
ixtisaslaşmış “Sağlam Radio” 93.0 FM vasitəsilə rəqəmsal yeniliklər
haqqında da məlumatlar mütəmadi olaraq ictimaiyyətə çatdırılır.
– Səhiyyə rəqəmsallaşmasında məlumat pozuntuları və ya
kibertəhlükəsizlik təhdidləri ilə bağlı risklər necə idarə
olunur?
– Hazırda rəqəmsal səhiyyədə ən aktual məsələlərdən biri,
məlumatların təhlükəsizliyi və məxfiliyinin qorunmasıdır. Eyni
zamanda, rəqəmsal səhiyyə həllərinin əlçatan olması da vacibdir. Bu
məsələlərə yanaşarkən, biz texnoloji tərəqqini nəzərə alaraq həm
hüquqi, həm də sosial aspektləri diqqətlə qiymətləndiririk.
Şəxsi məlumatların məxfiliyi və təhlükəsizliyinin təmin edilməsi
bizim üçün ən yüksək prioritetdir. Bunun üçün “Rəqəmsal Səhiyyə
Mərkəzi”ndə xüsusi “Kibertəhlükəsizlik Şöbəsi” yaradılıb. Burada
müasir kibertəhlükəsizlik alətləri və xidmətlərindən istifadə
edilir. Bu alətlər və xidmətlər yalnız informasiya təhlükəsizliyini
təmin etməklə yanaşı, həm də məlumatların məxfiliyini, bütövlüyünü
və əlçatanlığını qorumağa yönəldilib. Məlumatların təhlükəsizliyini
təmin etmək üçün şifrələmə texnologiyaları, çoxfaktorlu
autentifikasiya və məlumatların saxlanılması ilə bağlı beynəlxalq
təhlükəsizlik standartlarına uyğun tədbirlər görülür. Mövcud
infrastrukturun qorunması, müxtəlif təhdid modellərinin analizi,
gələcəkdə yarana biləcək potensial risklərin qarşısının alınmasını
üçün tədbirlər həyata keçirilir. Bundan əlavə, sistemlərdə mütəmadi
olaraq təhlükəsizlik auditi aparılır və yalnız icazəli şəxslərin
məlumatlara çıxışı təmin edilir.
– Səhiyyə sisteminin rəqəmsallaşmasında qurumun hansı əsas
tərəfdaşlıqlarını qeyd etmək istərdiniz? Bu əməkdaşlıqların uğur
qazanması üçün hansı addımlar atılır?
– Səhiyyənin rəqəmsallaşmasında dövlət qurumları, texnoloji
şirkətlər və beynəlxalq səhiyyə təşkilatları ilə sıx əməkdaşlıq
edirik. Qanunvericiliyə uyğun olaraq məlumatların “MyGov” rəqəmsal
hökumət platformasına inteqrasiyası mərhələli şəkildə davam
etdirilir.
Hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB ilə “Səhiyyə sahəsinin
rəqəmsallaşdırılması üzrə Yol Xəritəsi” hazırlanıb və 2024-cü ilin
sentyabrdan həyata keçirilir. Sistemlərdə mövcud olan məlumatların
dürüstləşdirilməsi, sistemlər arasında inteqrasiya, məlumatların
paylaşılmasını və əlaqələndirilməsi üzrə tədbirlər icra edlir. Bu
sahədə qarşılaşdığımız ən böyük çətinliklər, məlumatların
standartlaşdırılması və müxtəlif platformalar arasında uyğunluğun
təmin olunmasıdır. Bu işlərin uğurla həyata keçirilməsi üçün biz
sistemli yanaşmanı, qarşılıqlı dəstəyi və güclü əlaqələr qurmağı
vacib hesab edirik. Nəticə etibarı bu əməkdaşlıq ölkədə səhiyyə
xidmətlərinin keyfiyyətinin artırılmasına və əhalinin rifahının
yaxşılaşdırılmasına təkan verəcək.