Bakı. Günaydın:
Parisdə, UNESCO-nun mənzil-qərargahında təşkilatın İcraiyyə
Şurasının 221-ci sessiyası öz işinə başlayıb.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, sessiyanın 7-8 aprel tarixlərində keçirilən plenar
debatlar hissəsində ölkəmizin UNESCO yanında daimi nümayəndəsi
Elman Abdullayev Azərbaycanın milli bəyanatını səsləndirib.
Milli bəyanatda ölkəmizin UNESCO-nun qlobal prioritetləri olan
Afrika və gender bərabərliyinə, habelə onun aparıcı proqramlarının
səmərəli həyata keçirilməsinə böyük diqqət yetirdiyi bildirilmiş,
bu məqsədlərə nail olmaq üçün Azərbaycanın həm təşkilat, həm də üzv
dövlətlərlə açıq, şəffaf və inklüziv şəkildə əməkdaşlıq etməyə
hazır olduğu qeyd olunub.
UNESCO-nun donor ölkələrindən biri kimi Azərbaycanın təşkilatın
qlobal missiyasına nümayiş etdirdiyi fəal dəstəkdən bəhs edən
səfir, xüsusilə Afrikanın zəngin mədəni və təbii irsinin qorunması,
potensialın gücləndirilməsi və s. kimi sahələrdə müvafiq
təşəbbüsləri dəstəkləməklə qitənin inkişafına verdiyi töhfələrdən
bəhs edilib.
Çoxəsrlik multikulturalizm, müxtəliflik, mədəniyyətlərarası və
dinlərarası dialoq, əməkdaşlıq, qarşılıqlı anlaşma və hörmət
ənənələrinə malik Azərbaycanın “Bakı Prosesi” və “Peace4Culture”
kimi təşəbbüslər vasitəsilə dünya miqyasında sülh mədəniyyətini
təşviq etdiyi diqqətə çatdırılıb.
Azərbaycan üçün strateji prioritet təşkil edən təhsil sahəsində
həm milli, həm də beynəlxalq səviyyədə atılan addımlar qeyd edilib,
STEAM, TVET, UNITWIN/UNESCO Kafedralar Proqramı və ASPnet kimi
çərçivələrdə ölkəmizin iştirakından bəhs edilib.
<!—->
<!––>
Çıxış zamanı mədəni irsin qorunmasının əhəmiyyətinə toxunulub və
bu kontekstdə 2025-ci ilin 14-15 mart tarixlərində Bakı və
Xocavənddə UNESCO-nun iştirakı ilə keçirilmiş “Qədim insan
məskənlərinin qorunub saxlanması: təhlükələr və müasir yanaşmalar”
mövzusunda beynəlxalq konfrans barədə məlumat verilib.
Sessiyada həmçinin iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın
fəal iştirakı barədə sessiya iştirakçılarına məlumat verilmiş və
ölkəmizin COP29-a uğurla ev sahibliyi və sədrlik etməsi
vurğulanıb.
Daha sonra, iclas iştirakçılarına Azərbaycanın suverenliyi və
ərazi bütövlüyünün bərpası barədə, həmçinin ərazilərimizin
Ermənistanın 30 illik hərbi işğalından azad edilməsi ilə Cənubi
Qafqazda yaranmış yeni şərait, habelə işğal zamanı ərazilərimizin
məruz qaldığı böyük dağıntılar, Qarabağ və Şərqi Zəngəzurdan 750
minə yaxın, Qərbi Zəngəzur, İrəvan, Göyçə, Vedi və digər tarixi
torpaqlarımızdan isə 300 mindən artıq azərbaycanlı mülki əhalinin
öz tarixi və ata-baba yurdlarından qaçqın və məcburi köçkünə
çevrilməsi barədə məlumat verilib.
Azərbaycan hökumətinin, çoxsaylı Azərbaycan QHT-lərin və Qərbi
Azərbaycan İcmasının Ermənistanda Azərbaycan mədəni irsinin
dağıdılmasından dərin narahatlıq ifadə edərək, vəziyyətin
qiymətləndirilməsi üçün faktaraşdırıcı missiyanın göndərməsinə dair
UNESCO-ya etdiyi müraciətin Azərbaycan xalqının haqlı tələbi olduğu
vurğulanıb.
Həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və
yenidənqurma, habelə məcburi köçkünlərin qayıdışı istiqamətində
görülən işləri barədə məlumat verilərək, bu xüsusda mina və
partlamamış hərbi sursatların yaratdığı ciddi təhlükə və əngəllər
qeyd olunmuşdur. 2020-ci ildən bəri mülki şəxslər də daxil olmaqla
400-dən çox insan minaların qurbanı olduğu diqqətə çatdırılıb.