Arxiv.org saytında 2024 YR4 adlı asteroidə dair ilk hərtərəfli qiymətləndirməni təqdim edən bir tədqiqat işi dərc olunub. Bu məqalə astronomiya sahəsində ən nüfuzlu elmi jurnallardan biri olan The Astrophysical Journal Letters üçün hazırlanıb. 2024 YR4 asteroidi Yer ətrafı obyektlərin müşahidə tarixi boyunca planetimiz üçün ən ciddi təhdid hesab olunur və bu səbəbdən böyük marağa səbəb olub. Obyektin ilkin tədqiqi zamanı 2024 YR4-ün potensial təhlükə dərəcəsi 1%-dən 3%-ə qədər yüksəlib. Asteroidin ölçüsünün 90 metrə qədər olduğu ehtimal olunur və əgər bu obyekt Yerə düşsəydi, 50 km radiusda bütün canlıları məhv edə bilərdi.

Hesablamalara görə, asteroidlə mümkün toqquşma 2032-ci ilin 22 dekabrında baş verə bilərdi – məhz həmin gün asteroidin Yerlə trayektoriyasının təhlükəli dərəcədə yaxınlaşacağı ehtimalı var. 2024 YR4 asteroidi üzrə müşahidələr bir sıra yerüstü teleskoplar vasitəsilə aparılıb. Fevral ayında bu müşahidələrə James Webb kosmik teleskopu də qoşulub. Məhz bu teleskop obyektin ölçülərini daha dəqiq müəyyən etməyə imkan verib – 53 ilə 67 metr arasında. Lakin dərc olunmuş tədqiqat işində bu məlumatlar yer almır. Müəlliflər W. M. Keck və Gemini South rəsədxanalarının teleskoplarından istifadə ediblər. Onların müşahidələrinə əsasən, asteroidin ölçüsü 30-65 metr arasındadır ki, bu da Webb teleskopunun nəticələrinə yaxındır.

Asteroidin parlaqlığına əsasən alimlər belə qənaətə gəliblər ki, onun forması qeyri-müntəzəmdir, bir qədər yastılanmışdır və o, tam fırlanmanı 20 dəqiqəyə tamamlayır. Asteroid formasına görə xokkey şaybasını xatırladır. Onun forması tərkibi və mənşəyi barədə də məlumat verir. Tədqiqatçılar hesab edirlər ki, 2024 YR4 karbon əsaslı (boş strukturlu) deyil, daş mənşəli bir obyektdir. Bu isə vacib məqamdır, çünki asteroidin strukturundan onun istiqamətini dəyişmək üçün seçiləcək metod asılıdır – boş quruluşlu obyektə zərbə effekt verməyə bilər. Asteroidin quruluşu və tərkibi onun ehtimal olunan mənşəyini göstərib və bu, alimləri təəccübləndirib. Belə obyektlər adətən Mars və Yupiterin orbitləri arasında yerləşən əsas asteroid qurşağında formalaşır və orada qalırlar.

Yupiterin cazibə qüvvəsi, bir qayda olaraq, bu cür cisimlərin Yerə yaxınlaşmasının qarşısını alır və onları həmin qurşaq daxilində saxlayır. Lakin 2024 YR4 asteroidinə bu qravitasiya maneəsini dəf etmək mümkün olub. Bu isə alimlərdə və ictimaiyyətdə narahatlıq yaradıb. Xoşbəxtlikdən, son müşahidələr 2024 YR4-dən gələn təhlükəni əhəmiyyətsiz saymağa əsas verir. Bununla belə, onun Ayla toqquşma ehtimalı kifayət qədər yüksəkdir və 3%-dən çoxdur. Amma bu, Yer elmi üçün əsl fürsət ola bilər. Əgər asteroid Ayla toqquşsa, Ayın daxili quruluşunu öyrənmək üçün çox qiymətli seysmoloji təcrübə aparmaq, həmçinin asteroid toqquşmasının Ay səthindəki nəticələrini yüksək dəqiqliklə qiymətləndirmək mümkün olacaq.
Mənbə: Arxiv.org