Bakı. Günaydın:
Azərbaycan və Türkiyə arasında münasibətlər tarixən qardaşlıq
prinsiplərinə əsaslanıb və bu əlaqələr zamanla strateji tərəfdaşlıq
və müttəfiqlik səviyyəsinə yüksəlib. Tərəflər siyasi, iqtisadi,
enerji, müdafiə və mədəni sahələrdə sıx əməkdaşlıq edərək, bu
əlaqələri daha inkişaf etdirirlər.
Bunu Trend-ə
açıqlamasında politoloq Azər Qarayev deyib.
“Azərbaycan və Türkiyə arasında siyasi münasibətlər ən yüksək
səviyyədədir. Bu əlaqələrin əsasını ortaq tarix, mədəniyyət və
milli maraqlar təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan və Türkiyə münasibətləri inkişaf etməkdə davam edir.
2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi bu münasibətləri rəsmi
olaraq müttəfiqlik səviyyəsinə qaldırdı. Bəyannamə təhlükəsizlik,
müdafiə və iqtisadi sahələrdə əməkdaşlığın daha da
dərinləşdirilməsini nəzərdə tutur”, – o bildirib.
Onun sözlərinə görə, iki ölkə beynəlxalq arenada da bir-birini
fəal dəstəkləyir.
“Türkiyə Azərbaycanın Qarabağ münaqişəsi zamanı və 44 günlük
Vətən müharibəsində göstərdiyi dəstəklə bu qardaşlığın ən bariz
nümunəsini ortaya qoydu. Azərbaycan isə Türkiyənin beynəlxalq
platformalarda mövqeyini gücləndirən mühüm tərəfdaşdır. Türkiyə və
Azərbaycanın ortaq maraqları təkcə regional deyil, həm də qlobal
xarakter daşıyır. Hər iki ölkə Türk Dövlətləri Təşkilatı (TDT)
çərçivəsində əməkdaşlığı gücləndirir, türk dünyasının
inteqrasiyasını dəstəkləyir. Bundan əlavə, BMT, NATO, ATƏT və digər
beynəlxalq təşkilatlarda vahid mövqe sərgiləmək üçün sıx
əlaqədədirlər”, – A.Qarayev bildirib.
İqtisadi əməkdaşlıqdan danışan politoloq vurğulayıb ki,
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri yüksələn xətlə inkişaf
edir.
“Azərbaycan və Türkiyə yaxın illərdə ticarət dövriyyəsini 15
milyard dollara çatdırılmasını hədəfləyir. İki ölkə arasında
iqtisadi əməkdaşlığın əsas istiqamətləri enerji sektoru, nəqliyyat
və logistika, sənaye və ticarət, həmçinin texnologiya və müdafiə
sənayesidir. Energetika sahəsində çox geniş əməkdaşlıq mövcuddur,
buraya TANAP, Bakı-Tbilisi-Ceyhan layihələri, üçüncü ölkələrə neft
və qaz ixracı daxildir. Yaxın günlərdə də belə layihələrdən biri
olan İğdır-Naxçıvan qaz kəmərinin açılışı baş tutdu. Burada
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan iştirak
etdilər. Prezident İlham Əliyevin açılış mərasimində dediyi kimi,
bu, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir
hadisədir: “Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın
enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz
Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq
Naxçıvanı da bu problemdən xilas etmiş olacaqdır”. Bu kəmər
sayəsində Naxçıvanın qaz təchizatı daha sabit və etibarlı olacaq.
Daha əvvəl İran vasitəsilə qaz idxal edən muxtar respublika artıq
Türkiyədən birbaşa təbii qaz alacaq. Bu layihənin əsas üstünlükləri
Naxçıvanın qaz təminatının diversifikasiyası, daha aşağı nəql
xərcləri və sabit enerji təchizatı, enerji sahəsində strateji
əməkdaşlığın güclənməsidir. Bu layihənin reallaşdırılması
energetika sahəsində əməkdaşlığımızda növbəti addımdır və belə
addımlar əminəm ki, davam edəcək”, – o bildirib.
Onun sözlərinə görə, eyni zamanda, iki ölkənin nəqliyyat
sahəsində günü-gündən daha da inkişaf edən əməkdaşlığı var.
“Hər iki ölkə birlikdə bir sıra layihələrdə iştirak edir.
Bunlara Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və digərlərini
aid etmək olar. Bu əməkdaşlığın növbəti mərhələsi də Zəngəzur
dəhlizi olacaq. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bu gün
Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox
gözəl üstünlüklər təmin edir, həm ölkələrimiz üçün, həm daha geniş
coğrafiya üçün: “Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu
nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və
təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq
bütün Türk dünyasına böyük bir töhfədir. Türk dünyasının birləşməsi
yolunda əziz Qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük rolu
var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi,
həm Türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar
yarandı. Azərbaycan da hər zaman Türk dünyasının birləşməsinə çox
böyük önəm verirdi və öz tərəfindən bu birliyi təmin etmək, bunu
əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri
qurmaq üçün səylərini əsirgəmirdi”. Buna əlavə olaraq gələcəkdə
Zəngəzur dəhlizinin açılması da iki ölkənin quru yolu ilə əlaqəsini
təmin edəcək. Bu isə, öz növbəsində, nəqliyyat sahəsindən başqa iki
ölkə arasında həm mədəni, həm humanitar, həm də insanlar arasında
əlaqələrin inkişafına mühüm töhfə verəcək”, – o bildirib.
A.Qarayev qeyd edib ki, həm Azərbaycan, həm də Türkiyə regionda
sülhün təminatçısı, inkişafın qarantıdırlar.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da bildirdiyi kimi,
Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir:
“Bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın
birlikdə inkişaf etməsini istəyirik. Bu məqsədlə indiyədək bir sıra
addımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra
regional sülh, rifah və əmin-amanlıqla bağlı hər cür layihəni
birlikdə həyata keçirməkdə qətiyyətliyik”. Azərbaycan və Türkiyə
yalnız strateji tərəfdaş və müttəfiq deyil, eyni zamanda regionun
aparıcı ölkələridirlər. Hər iki ölkə bölgədə təhlükəsizlik və
rifahın möhkəmlənməsi üçün mühüm addımlar atır, əməkdaşlıq və
qarşılıqlı iqtisadi layihələr vasitəsilə regional inteqrasiyanı
təşviq edir. Bu baxımdan, Azərbaycan və Türkiyənin birgə strateji
təşəbbüsləri bölgədə sülhün qorunması, əməkdaşlığın
genişləndirilməsi və davamlı inkişafın təmin edilməsi üçün mühüm
rol oynayır. Azərbaycan və Türkiyə münasibətləri təkcə indiki
reallıqlarla məhdudlaşmır, bu əlaqələrin gələcəyi daha da
parlaqdır. Tərəflər ikitərəfli sərmayə layihələrinin
genişləndirilməsi, müştərək silah istehsalı və müdafiə sənayesinin
inkişafı, Türk dünyasının iqtisadi və siyasi inteqrasiyasının
gücləndirilməsi istiqamətində yeni layihələr icra edirlər və bunu
davam etdirmək niyyətindədirlər”, – o bildirib.
Politoloq vurğulayıb ki, Azərbaycan və Türkiyə arasında əlaqələr
sadəcə diplomatik və iqtisadi münasibətlərdən ibarət deyil:
“Bu, qardaş xalqların ortaq tarixi və maraqları üzərində
qurulmuş strateji müttəfiqlikdir. Siyasi və iqtisadi əməkdaşlığın
davamlı inkişafı, yeni enerji və nəqliyyat layihələrinin
reallaşması, gələcək perspektivlər bu tərəfdaşlığın möhkəmlənməsinə
işarədir. Azərbaycanın və Türkiyənin birgə həyata keçirdiyi
layihələr təkcə iki ölkə üçün deyil, bütün region üçün
əhəmiyyətlidir və onların uğuru Türk dünyasının qlobal arenada daha
da möhkəmlənməsinə töhfə verəcək”.