ABŞ prezidenti Donald Trump bəyan edib ki, Çin şirkəti ByteDance-ə məxsus TikTok-un ABŞ-dakı biznesinin alınması ilə bağlı razılaşma “hələ də gündəmdədir”. Bundan əvvəl Fox News telekanalı məlumat vermişdi ki, ABŞ prezidentinin administrasiyası artıq bu razılaşmanı nəzərdən keçirmir. Fox News-un jurnalisti Charles Gasparino, X sosial şəbəkəsində yazıb: “Ağ Ev rəsmiləri artıq etiraf edirlər ki, TikTok US ilə bağlı – yəni Çin şirkətinin amerikalı tərəfə satışı barədə razılaşma – yaxın gələcəkdə müzakirə olunmayacaq, bəlkə də heç vaxt. Çünki biz artıq Çin üzərində tam fokuslanmış ticarət müharibəsinə doğru gedirik”. O bu barədə öz telekanalında da açıqlama vermişdi.

Lakin daha sonra Trump Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib ki, TikTok-un ABŞ-dakı biznesinin ayrılması ilə bağlı razılaşma hələ də nəzərdən keçirilir. “Bizim çox yaxşı insanlarla, bir neçə çox zəngin şirkətlə razılaşmamız var və onlar bu işin öhdəsindən əla gələ bilərdilər. Amma biz gözləməli və Çində nə baş verəcəyini görməliyik. Bu məsələ hələ də gündəmdədir, bu, vacibdir” – deyə Trump qeyd edib. Keçən həftə ABŞ Prezidenti ByteDance-ə verilmiş müddəti uzatdı – bu müddət ərzində şirkət TikTok-un ABŞ-dakı biznesini satmalıdır. Əks halda xidmət ölkədə bloklana bilər. Qeyd edək ki, ABŞ-da TikTok-un təxminən 170 milyon istifadəçisi var. Yenilənmiş şərtlərə əsasən, bu razılaşma ən geci 19 iyuna qədər bağlanmalıdır.

Təklif olunan plana görə, TikTok-un ABŞ-dakı biznesi ölkə ərazisində yerləşəcək yeni bir şirkətə ayrılacaq və bu şirkət amerikalı investorların idarəsində olacaq. Demokrat senatorlar Mark Warner və Ed Markey son zamanlar bəyan ediblər ki, Trump-ın ByteDance ilə bağlı razılaşmanın baxılma müddətini uzatmaq üçün hüquqi səlahiyyəti yoxdur. Warner eyni zamanda əmin olduğunu bildirib ki, müzakirə edilən bu razılaşma mövcud qanunvericiliyin tələblərinə cavab vermir. Senatın kəşfiyyat komitəsinin sədri Tom Cotton isə bu həftə bəyan edib ki, bir çox amerikalı investor TikTok-u almaq istəyir, lakin bunun üçün Çinlə bütün əlaqələri kəsmələri tələb olunacaq. Daha əvvəl TikTok-un ABŞ-dakı biznesini almaq üçün əsas namizədlər sırasında Blackstone, Microsoft, Amazon, Oracle şirkətləri və X (Twitter) sosial şəbəkəsinin sahibi olan milyarder Elon Mask göstərilirdi.
Mənbə: Reuters