Bakı. Günaydın:
Martın 6-da Heydər Əliyev Mərkəzində italyan heykəltəraş Cüzeppe
Kartanın (Giuseppe Carta) “Təbiətin nemətləri” (“Gifts of nature”)
adlı fərdi sərgisi açılıb.
Trend AZƏRTAC-a
istinadən xəbər verir ki, ekspozisiyada böyük meyvə və tərəvəz
heykəllərinin müəllifi Cüzeppe Kartanın müxtəlif əsərləri
sərgilənir. Müəllif bu əsərlərin bir qismini məhz Heydər Əliyev
Mərkəzindəki sərgisi üçün yaradıb və onlar ictimaiyyətə ilk dəfə
Bakıda təqdim olunur.
Tədbiri açan Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov
diqqətə çatdırıb ki, Mərkəz yarandığı gündən burada çoxsaylı
tədbirlər keçirilir. O, bu gün çox maraqlı heykəltəraş Cüzeppe
Kartanın əsərlərinin təqdim olunacağını deyib və sərginin ərsəyə
gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirib. Anar Ələkbərov
vurğulayıb ki, sərgidə Cüzeppe Kartanın 40-a yaxın əsəri təqdim
olunur. Həmçinin bildirib ki, ölkəmiz bu yaxınlarda Venesiya
Bienallesində də iştirak edəcək və həmin Bienalledə Heydər Əliyev
Fondunun dəstəyi ilə Azərbaycanın bir sıra memarlıq əsərləri təqdim
olunacaq. O qeyd edib ki, artıq bu istiqamətdə hazırlıqlara
başlanılıb. Xüsusi olaraq Zəfər muzey və park komplekslərinə önəm
veriləcək, Zəngilan və Şuşa məscidləri, “Ağ şəhər” Kompleksi
Venesiya Bienallesində təqdim olunacaq.
İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko çıxışı
zamanı sərginin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürünü
bildirib. O, Fondun İtaliya incəsənətini, italyan mədəniyyətini hər
zaman təşviq etdiyini diqqətə çatdırıb, yüksək səviyyədə və
hərtərəfli əməkdaşlığa görə minnətdarlığını ifadə edib. Səfir
bundan sonra da bir sıra digər çoxsaylı təşəbbüslərə dəstək
veriləcəyini qeyd edib.
Tədbirdə çıxış edən heykəltəraş Cüzeppe Karta Heydər Əliyev
Mərkəzinin gözəl, əhəmiyyətli və nüfuzlu məkanlar sırasında
olduğunu bildirib.
O, incəsənət sahəsində fəaliyyəti barədə məlumat verərək, artıq
30 ildir heykəltəraşlıqla məşğul olduğunu söyləyib, öz əsərlərini
olduqca sadə formada ərsəyə gətirdiyini qeyd edib.
Heykəltəraş bildirib ki, yaratdığı bütün əsərləri “cücərmə”
adlandırır və əsərlərində “cücərmə”ni əks etdirməyə çalışır. Onun
sözlərinə görə, hər kəs öz üzərinə düşən işi etməklə, təbiətə
minnətdar olmalıdır.
<!—->
<!––>
Sonra sərgiyə baxış keçirilib.
Mərkəzin park ərazisində və sərgi zalında nümayiş olunan əsərlər
arasında xüsusi sənətkarlıqla işlənilən, yaradılması böyük zaman
tələb edən fındıq, moruq, şaftalı, Çili bibərinin unikal heykəlləri
və instalyasiyalar yer alıb.
Əsərlər mövzunun sadəliyi baxımından tamaşaçıya çox yaxındır,
eyni zamanda, təbiətin bizə bəxş etdiyi nemətlərin nə qədər dəyərli
olduğunu ifadə edir. Məhz bu xüsusiyyət Cüzeppe Karta
yaradıcılığının incəsənət nöqteyi-nəzərindən ümumbəşəri mesajını
çatdırır.
Nar, zeytun, üzüm və s. heykəlləri Cüzeppe Kartanı dünyaya
sülhü, torpağı və xalqların mədəniyyətini təbliğ edən incəsənət
xadimi kimi tanıdıb. Onun sənətinin əsas mövzusu təbiət və torpağın
nemətləridir. O, bu mövzunu həyatın, ümidin, yenidən doğuluşun və
cücərmənin universal rəmzi kimi təsvir edir.
ABŞ, Avstraliya, Böyük Britaniya, Çin, Fransa, İsveçrə, İtaliya,
Yeni Zelandiyada təşkil edilən sərgilərdə, festivallarda, Venesiya
Biennalesində təmsil olunan, çoxsaylı beynəlxalq mükafatların
sahibi Cüzeppe Kartanın əsərlərini paytaxt Bakıda bir ilə yaxın
müddətdə izləmək mümkün olacaq.
“Təbiətin nemətləri” sərgisi Heydər Əliyev Mərkəzində 2026-cı
ilin yanvar ayınadək davam edəcək.