MediaTek şirkəti keçən ilin ikinci rübündə təqdim etmiş olduğu Dimensity 9400 flaqman prosessorunun sürətləndirilmiş versiyasını təqdim edib. Söhbət, MediaTek Dimensity 9400+ prosessorundan gedir. Şirkət bildirib ki, Dimensity 9400-dən fərqli olaraq yeni prosessor gündəlik istifadədə daha geniş imkanları təqdim edə bilir. Yeni prosessor 3 nanometrlik texnoloji proses əsasında hazırlanıb və özündə 8 ədəd nüvəni birləşdirir. Nüvələr prosessor tərkibində “1 + 3 + 4” sxemi üzrə yerləşiblər. Yəni Dimensity 9400+ özündə 1 ədəd Cortex-X925 nüvəsini, 3 ədəd Cortex-X4 nüvəsini və 4 ədəd Cortex-A720 nüvəsini birləşdirir.

Keçən ilki adi Dimenisty 9400 ilə müqayisədə Dimensity 9400+ modelində Cortex-X925 əsas nüvəsinin çalışma tezliyi 3.62 GHz-dən 3.73 GHz-ə kimi yüksəldilib. Yeni prosessorda qrafik imkanlardan 12 nüvəli ARM Immortalis-G925 qrafik çipi cavabdehdir. Bu qrafik prosessor həmçinin mobil oyunlarda enerjiyə qənaət üçün dinamik kadr tezliyi imkanını əldə edib. Dimensity 9400+ prosessorunda reallaşdırılmış əsas yenilik NPU 890 neyron çipinin çalışma prosesinin təkmilləşdirilməsidir. Belə ki, neyron çipi Speculative Decoding+ adlı texnologiyanın dəstəyini əldə edib.
Bu texnologiya süni zəkanın mövcud emal prosesinin yekunlaşmasından öncə onun növbəti addımını təyin edə bilir. Bu isə öz növbəsində süni zəka vasitəsilə yerinə yetirilən tapşırıqların 20% daha sürətlə yerinə yetirilməsinə imkan verir. Bu, generativ süni zəka sistemləri üçün olduqca vacib bir özəllikdir. Yeni prosessor Wi-Fi 7 dəstəyinə sahibdir, onun Bluetooth dəstəyi isə 10 km məsafəyə kimi çalışa bilir. MediaTek Dimensity 9400+ prosessorunu ilk əldə etmiş smartfonlar OPPO Find X8s və Find X8s+ oldular.
Mənbə: 9to5google