Mark Zuckerberg-in 2012-ci ildə Instagram, 2014-cü ildə isə WhatsApp sosial platformalarını əldə etməsi onun imperiyasına milyardlarla istifadəçiyə çatmağa kömək edib. Üstündən 10 ildən artıq vaxt keçməsinə baxmayaraq, ABŞ-ın Federal Ticarət Komissiyası (FTC) bu alışları mübahisələndirməyə hazırlaşır və bildirir ki, bu razılaşmalar antiinhisar qanunvericiliyini pozub. Tənzimləyici qurum hesab edir ki, bu sövdələşmələr qanunsuz olub, heç vaxt təsdiqlənməməli idi və bu xidmətlər Meta-nın əsas biznesindən ayrılmalıdır. Bloomberg-in məlumatına görə, müvafiq məhkəmə iddiası gələn bazar ertəsi təqdim olunacaq.

FTC iddia edir ki, Instagram və WhatsApp ilə bağlı razılaşmalar rəqabəti boğmaq məqsədilə bağlanıb və sənaye üzrə tənzimləyici qurumlar bu sövdələşmələri təsdiqləməklə səhvə yol veriblər. Öz arqumentlərini əsaslandırmaq üçün qurum Meta tətbiqlərinin ümumi keyfiyyətinin aşağı düşdüyünü sübut etməyə çalışacaq. Bu, xüsusilə reklamların sayının artması və məxfilik səviyyəsinin azalması ilə özünü göstərir. FTC ilə Meta arasında baş tutacaq məhkəmə prosesi, hansı ki Vaşinqtonda hakim James Boasberg tərəfindən araşdırılacaq, Zuckerberg-in sosial şəbəkələr sahəsindəki dominant mövqeyinə varlıq səviyyəsində təhdid yaradır.

Bu iş Meta-nın bölünməsi ilə nəticələnə bilər ki, bu da potensial olaraq dünya üzrə son dərəcə məşhur bir sıra rəqəmsal məhsulların itirilməsi ilə nəticələnəcək. Meta-nın 1.3 trilyon dollar bazar dəyəri və şirkətin Instagram-dan əldə etdiyi reklam gəlirlərindən asılılığı nəzərə alınarsa, biznesin bölünməsi şirkətin bazar dəyərində yüz milyardlarla dollar itkiyə səbəb ola bilər. Bu məhkəmə prosesində Meta rəhbərliyindən bir sıra şəxslər, o cümlədən Mark Zuckerberg və keçmiş əməliyyat direktoru Sheryl Sandberg də daxil olmaqla çoxsaylı şahidlər iştirak edəcəklər.

Meta daha əvvəl Instagram və WhatsApp-ın alınmasının rəqabət və istehlakçılar üçün faydalı olduğunu sübut etmək gücündə olduğunu bildirmişdi. Şirkət həmçinin FTC-nin 10 ildən çox əvvəl bağlanmış sövdələşmələri araşdırmasından narazılığını ifadə edib. Mənbənin məlumatına görə, Zuckerberg şəxsən ABŞ Prezidenti Donald Trump-dan FTC ilə olan fikir ayrılıqlarını həll etməyi xahiş edib. Lakin hazırkı mərhələdə ABŞ prezidentinin bu işə müdaxilə edəcəyi inandırıcı görünmür. Mənbənin fikrincə, Trump-ın bu işə apellyasiya mərhələsində qarışaraq FTC üzvlərinə təzyiq göstərməsi və Meta ilə razılaşmaya getmələrinə çalışması daha real ehtimaldır. Bununla belə, bu işin illərlə davam edə biləcəyi ssenarisi də kifayət qədər mümkündür.
Mənbə: Bloomberg