OnLeaks ləqəbli məşhur insayder 91mobiles saytı ilə birgə Google Pixel Watch 4 smart saatının ilk render fotolarını təqdim edib. Render fotolardan da görmək olar ki, vizual olaraq bu cihaz Pixel Watch 3-ü xatırladır – dairəvi ekran və əyri şüşə qorunur, lakin ekran daha incə çərçivələrə sahibdir, bu da ekranın istifadə edilə bilən sahəsini artıracaq. Saatın gövdəsi bir qədər qalın olacaq – əvvəlki modeldə 12.3 mm olan qalınlıq bu dəfə 14.3 mm-ə qədər artacaq. Bu, yəqin ki, daha böyük batareya və ya yeni komponentlərlə əlaqədardır.

Arxa paneldə artıq əvvəlki kimi dörd şarj kontaktı yoxdur, bu da induksiyalı (naqilsiz) şarj texnologiyasına keçidi göstərir. Gövdənin sol tərəfində daha böyük səsgücləndirici və mikrofon dəliyi yerləşdirilib, iki əlavə düymə də əlavə olunub – onların funksiyaları hələ məlum deyil. Sağ tərəfdə isə naviqasiya düyməsi əvvəlki kimi qalıb. Gözlənilir ki, Pixel Watch 4 smart saatı WearOS 5 əməliyyat sistemi və Snapdragon W5 Gen 2 prosessoru ilə çalışacaq. Yeni modelin təqdimatının bu yay, Pixel 10 smartfon seriyası ilə eyni vaxtda baş tutacağı ehtimal olunur.



Mənbə: 91mobiles