Bakı. Günaydın:
Aprelin 9-da Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun
vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri
Leyla Əliyevanın təşəbbüsü ilə “İndi al! Müştəriyə tələ” sənədli
filmi nümayiş olunub.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki,
tədbirin açılışında nümayişə qatılan 400-ə yaxın gəncə məsuliyyətli
istehlakın əhəmiyyəti, mövcud istehlak mədəniyyətinin ətraf mühitə
uzunmüddətli təsirləri, eləcə də gənclərin ekoloji davamlılığa
töhfə vermələri üçün gündəlik həyatlarında necə daha məsuliyyətli
ola biləcəkləri barədə ətraflı məlumat verilib. Bildirilib ki,
ekoloji maarifləndirmə və hər bir fərdin istehlak vərdişlərində
edəcəyi dəyişikliklər bu sahədə davamlı inkişafa yol aça bilər və
gənclər bu prosesin aparıcı qüvvəsinə çevrilməlidir. Bu xüsusda,
IDEA tərəfindən həyata keçirilən tədbir və layihələrin ekoloji
düşüncə tərzinin formalaşdırılması, gənclərin maarifləndirilməsi,
eləcə də sağlam və dayanıqlı həyat tərzinin təşviqi baxımından
mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Daha sonra sənədli film nümayiş olunub.
<!—->
<!––>
Qeyd edək ki, “İndi al! Müştəriyə tələ” sənədli filmi Böyük
Britaniyanın “Grain Media” şirkəti tərəfindən istehsal olunub.
Rejissor Nik Steysinin ekranlaşdırdığı sənədli filmdə aparıcı
beynəlxalq korporasiyalar və elektron ticarət platformaları
tərəfindən tətbiq olunan marketinq strategiyaları, müasir istehlak
vərdişlərinin ətraf mühitə mənfi təsiri və sözügedən problemin
aradan qaldırılması yolları barədə bəhs edilir. Bir sıra qlobal
şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə çalışmış şəxslərlə aparılan
müsahibələr, müvafiq statistik məlumatlar və nümunələr vasitəsilə
bu tendensiyaların doğurduğu risklər filmdə ətraflı
işıqlandırılıb.
IDEA İctimai Birliyi hər kəsi gündəlik həyatında məsuliyyətli
istehlak vərdişlərini formalaşdırmağa, eləcə də daha yaşıl və
dayanıqlı gələcək naminə birgə addımlar atmağa çağırır.