Bakı. Günaydın:
Bakı şəhəri və Abşeron yarımadasında torpaq qiymətlərinin artımı
müşahidə olunur.
Bunu Trend-ə açıqlamasında Azərbaycan
Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert
Vüqar Oruc deyib.
O vurğulayıb ki, bunun ilk səbəbi ölkə əhalisinin sayının
artmasıdır. Belə olduqda adambaşına düşən torpaq sahəsi azalır:
“Digər səbəb isə ölkədə iqtisadi artımın olmasıdır. Daşınmaz
əmlak növləri içərisində ən önəmlisi torpaq sahələridir. Çünki
digər daşınmaz əmlak növlərinin mövcud olması üçün mütləq şəkildə
torpaq sahəsinin var olması zəruridir. Bakı Şəhərinin Baş Planına
əsasən, müxtəlif infrastruktur layihələri həyata keçiriləcək ki,
bunlar da torpaq qiymətlərinə təsir göstərəcək. Baş Planın həyata
keçirilməsi üçün icra strukturları tərəfindən müəyyən normativ
qaydalara ciddi əməl edilməsi tələb edilir. Əvvəllər çoxmərtəbəli
yeni mənzillərin tikilməsi üçün müəyyən torpaq sahəsi ayrılırdı və
həmin sahədə sahibkar daha çox tikinti sahəsi əldə etmək üçün sıx
binalar inşa edirdi. Lakin indi normativ qaydalara əməl etmə
tələbindən sonra tikinti üçün nəzərdə tutulan ərazidə daha az bina
inşa etmək mümkün olur. Belə olduqda torpaq sahələrinin həm də
mənzillərin qiyməti bahalaşır”.
<!—->
<!––>
Sədr qeyd edib ki, insanlar fərdi evlərindən yaşayış və bağ evi
kimi istifadə edirlər.
“Bu da Bakıətrafı kəndlərdə, qəsəbələrdə daha çox rast gəlinir.
Getdikcə boş sahələrin azalması tendensiyasını görürük ki, bu da
qiymətin bahalaşmasını zəruri edən səbəblərdən biridir.
Adətən alqı-satqı faktları artdıqda qiymətlər yüksəlir. Lakin
hazırda durğunluqdur. Buna baxmayaraq torpaq sahələrinin də,
tikililərin də qiymətlərində artım var. Bizim insanlar daşınmaz
əmlaka tək zəruri tələbat subyekti kimi baxmırlar. Bu həm də
investisiya qoymaq üçün zəruri istiqamət kimi qəbul olunur. Hazırda
daşınmaz əmlak az riskli, stabil gəlir gətirən, dayanıqlı fəaliyyət
istiqamətidir. Aktiv bizneslə məşğul olmayan ölkə vətəndaşı
daşınmaz əmlak əldə etmək məqsədini qarşısına qoyur”, – deyə o qeyd
edib.