Bakı. Günaydın:
Fransa Milli Assambleyasının üzvü Azərbaycanın Fransada
sabitliyi pozmağa çalışdığını, ölkəsinin xarici və daxili
siyasətindəki qeyri-sabitliyə görə Azərbaycan diplomatlarının
məsuliyyət daşıdığını bildirib. Görünür, Makron hökuməti diplomatik
uğursuzluqlarına günahkar axtarır. Şübhə doğurmayan məqam isə odur
ki, anti-Azərbaycan ritorikası Fransanın xarici və hətta paradoksal
olsa da, daxili siyasətinin mərkəzi komponentinə çevrilib.
Trend Diasporla İş üzrə
Dövlət Komitəsinə istinadən xəbər verir ki, bu barədə tanınmış
siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin
təsisçisi və baş direktoru Reyçel Avraham qlobal yəhudi mediasının
nəhəngi, ABŞ-də yayımlanan “Jewish Press”də dərc olunmuş “Fransa
Azərbaycan və Ermənistan arasında” sərlövhəli məqaləsində
yazıb.
Fransanın Cənubi Qafqazda, eləcə də Yaxın Şərqdə sabitliyi
pozmağa yönələn siyasətinin təhlili aparılan yazıda qeyd olunub ki,
Azərbaycan və Gürcüstan gündəlik məsələləri özləri həll etməkdən
ötrü regional əməkdaşlıq üçün yeni platforma yaratmağa çalışırlar.
Çünki kənar müdaxilə bölgədə sabitliyi pozan əsas amil kimi
görünür. Buna baxmayaraq, Qərb dövlətlərinin, xüsusən də Fransanın
siyasəti regionun inkişafına mane olur.
Bildirilib ki, Cənubi Qafqaz hər bir siyasi addımı və manevri
izləyən xarici oyunçuların daimi nəzarətindədir. Bu ölkələr öz
geostrateji məqsədlərinə çatmaq üçün diplomatiyadan istifadə
edirlər. Tarix göstərir ki, ardıcıl olaraq bu və ya digər tərəfi
dəstəkləyən xarici oyunçuların müdaxiləsi parçalanmaları daha da
gücləndirməklə həddindən artıq qütbləşməyə, düşmənçiliyə gətirib
çıxarır. Bu baxımdan müəllif Azərbaycanı xarici təsirlərə boyun
əyməyi qəbul etməyən və Ermənistanla sülh danışıqlarında üçüncü
tərəfin iştirakına razı olmayan ölkə kimi səciyyələndirib.
Diqqətə çatdırılıb ki, Azərbaycanla Ermənistan arasında
mübahisədə mərkəzi oyunçuya çevrilən Paris İkinci Qarabağ
Müharibəsindən sonra İrəvanın himayədarı rolunu öz üzərinə götürüb.
Fransa uzun müddətdir ki, ardıcıl olaraq Ermənistanı dəstəkləyir və
bu, mediada işıqlandırılan təmayül deyil, artıq təsdiqlənmiş
faktdır. Belə ki, Fransa həddindən artıq və yanlış tənqidlərə görə
Azərbaycanla münasibətlərini itirmək riski ilə üz-üzədir.
Avropa İttifaqının (Aİ) Azərbaycan-Ermənistan münaqişəsinə
qarışması məsələsinə toxunan müəllif əmindir ki, Aİ Azərbaycanla
əlverişli iqtisadi münasibətlərə baxmayaraq, demək olar ki, açıq
şəkildə Ermənistanın tərəfini tutub. Bakı ehtiyat edir ki,
Avropanın, xüsusən də Aİ-nin Ermənistandakı missiyasının (EUMA)
iştirakı sülh prosesinə xələl gətirər və Ermənistanda sülhə qarşı
çıxan revanşist qrupları dəstəkləyər. Bundan əlavə, Azərbaycan
EUMA-nın güclü üzv dövlətlərin təsiri altına düşmədən Aİ-nin bir
bölməsi kimi muxtar fəaliyyət göstərə bilməsindən narahatdır və bu
da Fransa hərbçilərinin missiyada birbaşa iştirakı ilə
bağlıdır.
Ermənistanla Azərbaycan arasında hərbi kampaniyanın başa
çatdığına və iki ölkənin bir neçə məsələ istisna olmaqla, münaqişə
ilə bağlı əksər məsələləri danışıqlar yolu ilə nizamladığına diqqət
çəkən müəllif Parisin İrəvana verdiyi dəstəyi gərginliyi artırmaq,
münaqişəni qızışdırmaq cəhdi kimi xarakterizə edib. “Aydındır ki,
fransızlar öz siyasi və diplomatik məqsədləri üçün Cənubi Qafqazda
münaqişənin saxlanmasında maraqlıdırlar”, – tanınmış jurnalist
sonda vurğulayıb.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: