Bakı. Günaydın:
Milli Məclis Azərbaycanın “İnkişaf etməkdə olan səkkiz ölkənin
İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmasını
ratifikasiya edib.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında
müzakirə edilib.
“İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq
Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında” qanun layihəsi səsə
qoyularaq bir oxunuşda qəbul olunub.
Məlumat üçün bildirək ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı
səkkiz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənin
təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş,
İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın
əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında
atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və
hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub.
Katibliyi İstanbul şəhərində yerləşir. Təşkilatın yeni hədəfləri
“2020-2030-cu illər yol xəritəsi” sənədində əks olunub.
Azərbaycan keçən ilin 19 dekabr tarixində Misirin paytaxtı
Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi
Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı D-8-ə tamhüquqlu
doqquzuncu üzv kimi qəbul edilib. Bu üzvlük Azərbaycanın beynəlxalq
aləmdə artan nüfuzunu və təşkilatla sıx əməkdaşlıq imkanlarını əks
etdirir. Azərbaycanın D-8-in fəaliyyətində iştirak etməsi,
ölkəmizin geostrateji mövqeyini və iqtisadi potensialını nəzərə
alaraq təşkilatın inkişafına mühüm töhfələr verə bilər. Azərbaycan,
Şərq ilə Qərb arasında körpü rolu oynayan və İslam dünyasının əsas
iqtisadi və mədəni mərkəzlərindən biri kimi D-8 çərçivəsində
əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacaq.
Azərbaycanın D-8-ə qoşulması iqtisadi və ticarət əlaqələrinin
inkişafına yeni imkanlar açır. Azərbaycan xüsusilə Türkiyə,
Pakistan, İran və Malayziya ilə geniş ticarət əlaqələrinə malikdir.
Neft və qaz ixracı, kənd təsərrüfatı və sənaye sahəsində əməkdaşlıq
imkanları mövcuddur. Bununla yanaşı, Orta Dəhliz marşrutu üzərində
yerləşən Azərbaycan, Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı
Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə D-8 ölkələri üçün mühüm
tranzit mərkəzinə çevrilir.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və
Türkiyə-Pakistan-Azərbaycan strateji tərəfdaşlığı çərçivəsində D-8
ölkələri ilə əməkdaşlığı gücləndirmək üçün geniş imkanlar
mövcuddur. Azərbaycan D-8 çərçivəsində iqtisadi inteqrasiya
layihələrində iştirak etməklə yanaşı, təşkilatın əsas prinsiplərinə
töhfə verməyə davam edəcək. Azərbaycanın təşkilata üzvlüyü
beynəlxalq ticarət və iqtisadi mövqeyini daha da möhkəmləndirərək
regional və qlobal əməkdaşlıq perspektivlərini genişləndirir.
D-8-in rəsmi dili ingilis dilidir və təşkilatın əsas prinsipləri
iqtisadi inkişaf, ticarət əməkdaşlığı, ədalətli iqtisadi sistem və
beynəlxalq diplomatik əlaqələrin möhkəmləndirilməsidir.