Bakı. Günaydın:
Azərbaycanda jurnalistlər media fəaliyyətinə görə deyil,
kənardan qeyri-şəffaf maliyyələşmə, xarici dövlətlərin məxfi siyasi
layihələrində təsir agentlərinə çevrildiklərinə görə məsuliyyət
daşıyırlar.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bunu İnsan hüquqları komitəsinin sədri Zahid Oruc
parlamentin bu gün keçirilən plenar iclasında İnsan hüquqları üzrə
müvəkkilin 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması
haqqında illik məruzəsinin müzakirəsi zamanı çıxışında deyib.
“Məsələn, “Abzas Media” layihəsi əsla KİV deyil, xəfiyyə və
hibrid mübarizə platformasıdır. BBC, “Amerikanın Səsi”, “Rossiya
seqodnya” və digər media subyektləri, eləcə də UNDP və ya “Rus evi”
kimi mədəni-humanitar çətir altında çalışan təşkilatlarla bağlı
dövlətimizin seçdiyi prinsip beynəlxalq qanunlara və milli ləyaqət
prinsiplərinə tamamilə uyğundur. Belə ki, ölkəmiz simmetrik
münasibət tələb edir, əks halda məhdudlaşdırma tədbirlərinə qərar
verilir. Yəni, bizə göstərilən münasibət təkrarlanır”, – deyə
komitə sədri bildirib.
Zahid Oruc insan hüquqları təşkilatlarının fəaliyyətindən də söz
açıb.
“HRW, Freedom House və digər təşkilatlar son 4 ildə bir
zəngilanlının, şuşalının azad torpaqlara qayıdışına, o cümlədən,
mina terroruna hesabat həsr etməyiblər. İnsan hüquqlarının selektiv
tətbiqi-özünü hüquq istismarçıları və qlobal prokurorlar kimi
aparanların inhisarında olan sahəyə çevrilmişdi. Artıq hüquq
monpolistlərinin hakimiyyəti iflasa uğrayır.
BMT-nin bir sıra qurumlarının yerli ofislərinin, həmçinin,
Qırmızı Xaç Cəmiyyətinin 90-cı illərlə müqayisədə Vətən
müharibəsində və ondan sonrakı fəaliyyəti nizamnamə tələblərinə
uyğun olmayıb, anti-Azərbaycan planlarına xidmət edirdi. İtkin
düşən şəxslərlə bağlı artıq yeni beynəlxalq qurum Bakıdadır və
xaçsız humanist məqsədlərə xidmət edəcəkdir.”, – deyə deputat qeyd
edib.