Bakı. Günaydın:
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov 8
Mart–Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını
təbrik edib, ən xoş arzularını bildirib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki,
təbrikdə deyilir:
“Azərbaycan qadını tarix boyu şərəfli və müqəddəs ana adını uca
tutmaqla müdrikliyi, işgüzarlığı, saflığı və mübarizliyi ilə
keçmişimizə ən parlaq səhifələr yazmışdır. Respublikamızın
ictimai-siyasi, mədəni həyatında, cəmiyyətdə fəal iştirak edərək
Vətənin müdafiəsində və dövlət quruculuğunda xüsusi bacarıq,
istedad nümayiş etdirməklə yanaşı, ərazi bütövlüyü uğrunda gedən
döyüşlərdə cəsarət və qorxmazlığı ilə seçilmişdir.
<!—->
<!––>
Dövlətçilik tariximizin şərəfli səhifəsi sayılan Azərbaycan Xalq
Cümhuriyyətinin ilk qərarlarından biri olan qadınlara seçmək və
seçilmək hüququnun verilməsi cəmiyyətdə onların yerini, xüsusi
hörmətə və nüfuza malik olduqlarını bir daha əks etdirir.
Respublikamız dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra
Azərbaycan qadınının cəmiyyətdə əvəzsiz rolu bir daha təsdiqləndi.
Milli dövlət quruculuğu prosesində, ölkəmizin sosial-iqtisadi və
mədəni potensialının artırılmasında fəal iştirakı Azərbaycan
qadınının dünyagörüşünün zənginliyinin, intellektual səviyyəsinin
yüksək olmasının bariz nümunəsidir.Azərbaycanın müstəqilliyi, ərazi
bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə qadınlar fəal
iştirak edib, qəhrəmanlıq, fədakarlıq nümunələri göstəriblər.
Azərbaycan qadını gənc nəslin Vətənə, dövlətə sevgi, müstəqil
dövlətçiliyə və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyə
olunmasına öz böyük töhfələrini verib və onların xalqa, cəmiyyətə
layiqli övlad kimi formalaşmasında əsl vətəndaş, ana kimi əməyini
əsirgəməyib.
Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban
xanım Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərimizə,
humanizm ideyalarına xidmət edən və ənənələrimizi qoruyub yaşadan
çoxlu sayda böyük layihələrin uğurla icra olunmasında, eləcə də
ölkəmizin müdafiə qüdrətinin artırılmasında bərpa-quruculuq
işlərində Azərbaycan qadını bu gün də yaxından iştirak edir, Böyük
Qayıdışa öz layiqli töhfələrini bəxş edir.
Mərhəməti, humanistliyi, xeyirxahlığı və vətənpərvərliyi ilə
fərqlənən Azərbaycan qadını ordu quruculuğu prosesində də yaxından
iştirak edir. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi
təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər
sahələrdə xidmət edən, həmçinin mülki işlərdə çalışan
qadınlarımızın əməyi, Vətən qarşısında vəzifə borclarını şərəf və
ləyaqətlə yerinə yetirmələri yüksək qiymətləndirilir. Azərbaycanın
müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı
şəhid olmuş qadınlarımızın əziz xatirəsini ehtiramla yad edir,
şəhid analarına, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların
ömür-gün yoldaşlarına, əsgər analarına bayram təbriklərimi
çatdırır, yüksək hörmət və ehtiramımı bildirirəm. İnanıram ki,
bütün sahələrdə olduğu kimi, ordu sıralarında xidmət edən və mülki
işlərdə çalışan qadınlarımız bundan sonra da ölkə rəhbərliyinin
etimadını doğruldacaq, göstərilən diqqət və qayğıya cavab olaraq
Vətənə, xalqa, dövlətə sədaqət göstərəcəklər. Sizə cansağlığı, ailə
səadəti, işlərinizdə uğurlar arzulayıram. Bayramınız mübarək, əziz
xanımlar!”