Apple şirkəti Vision Pro qarışıq reallıq (AR + VR) cihazının yeni versiyası üzərində çalışır. Vision Pro 2 əvvəlki modelə nisbətən iki əsas təkmilləşdirmə ilə təqdim olunacaq. Bu barədə Bloomberg-in məşhur insayderi Mark Gurman məlumat verib. Gurman-ın sözlərinə görə, Vision Pro 2 həm daha yüngül, həm də daha ucuz olacaq. Mövcud Vision Pro modeli 1.5 kq ağırlığa malikdir və onun qiyməti 3 499$-dan start götürür. İnsayder həmçinin bildirib ki, Apple çox aşağı gecikmə səviyyəsi təmin etmək üçün Mac kompüterlərinə naqil vasitəsilə qoşula bilən daha bir versiya üzərində də çalışır.

“İdeya ondan ibarətdir ki, Mac ekranına məlumatların ötürülməsi və ya yüksək səviyyəli korporativ tətbiqlərlə qoşulmaq üçün ultra aşağı gecikməyə malik bir sistem yaradılsın. Bəzi müştərilər Vision Pro cihazından tibbi əməliyyatlar zamanı görüntülərə baxmaq və ya aviasiya simulyatorları ilə işləmək üçün istifadə edirlər. Bu isə istifadəçidən minimum gecikmə tələb edən iki sahədir – bunu isə tamamilə naqilsiz sistem təmin edə bilmir” – deyə Gurman-ın məlumatında qeyd olunub.
Hazırda Apple-ın bu cihazlardan hansını və nə vaxt bazara çıxaracağı məlum deyil. Qeyd edək ki, birinci nəsil Vision Pro keçən ilin fevral ayında satışa çıxarılmışdı. Gurman-ın məlumatında həmçinin qeyd olunub ki, Apple-ın baş direktoru Tim Cook üçün əsas prioritetlərdən biri tam funksiyalı artırılmış reallıq eynəyinin yaradılmasıdır. Lakin belə bir məhsulun bazarda görünməsi çox güman ki, “hələ uzun illər” tələb edəcək.
Mənbə: Macrumors