Samsung şirkəti dözümlü gövdəyə sahib Galaxy XCover 7 Pro smartfonu ilə yanaşı üstəlik dözümlü gövdəyə sahib Galaxy Tab Active 5 Pro planşetini də təqdim edib. Beləliklə Galaxy Tab Active 5 Pro planşeti 120 Hz-lik təsvir yenilənməsinə sahib 1920×1200 piksel keyfiyyətli 10.1 düym ölçülü TFT LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir və üstəlik o, stilus dəstəyinə sahibdir. Ekran Gorilla Glass Victus+ qoruyucu şüşəsi ilə əhatə olunub. Planşetin gövdəsi IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir.

Bununla yanaşı cihazın gövdəsi MIL-STD-810H hərbi standartının tələblərinə cavab verir. Planşet Snapdragon 7s Gen 3 prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 128/256 GB (2 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda planşet 12 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə planşet 10 100 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy Tab Active 5 Pro bu ay ərzində satışa çıxacaq və onun qiyməti 809 avrodan start götürəcək.

Mənbə: Samsung