Bakı. Günaydın:
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin gözlənilmədən
ATƏT-in Minsk qrupunun ətrafında yaranmış vəziyyətin “dəyişdiyini”
bəyan etdi. Bu açıqlama geniş rezonans doğurdu, çünki hələ yaxın
vaxtlara qədər Moskva bu formatın tamamilə aktuallığını itirdiyini
israrla vurğulayırdı.
“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi mandatı verilmiş
ATƏT-in Minsk qrupu de-fakto fəaliyyət göstərmir”, – S.Kopırkin
bəyan etdi. O, Qərb həmsədrlərinin rusiyalı həmsədr ilə işləməkdən
imtina edərək onu fakt qarşısında qoyduğunu xatırlatdı.
“İndi vəziyyət, əlbəttə, dəyişib. Minsk qrupunun hansı formatda
işləyə biləcəyini təsəvvür etmək çətindir. Çünki bir həmsədr açıq
şəkildə rusofob mövqe tutur, digəri isə Rusiya ilə bağlı mövqeyini
yenidən dəyərləndirir. Üstəlik, Minsk qrupunun fəaliyyət göstərməsi
üçün bütün tərəflərin razılığı olmalıdır. Birbaşa prosesə cəlb
olunan ölkələr bununla bağlı razılığa gəlməlidir”, – deyə Rusiya
diplomatı bildirib.
O, eyni zamanda vurğuladı ki, regionun məsələləri məhz region
ölkələr tərəfindən həll olunmalı, kənar qüvvələrin müdaxiləsi
olmamalıdır. Bu, Cənubi Qafqazda gedən proseslərin təhrif
olunmasının qarşısını almaq üçün vacibdir.
Xatırladaq ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə Qarabağ
ətrafında baş verən Ermənistan-Azərbaycan münaqişəsinin
tənzimlənməsi məqsədilə yaradılmışdı. 30 il ərzində o, heç bir real
nəticəyə nail olmadı və münaqişənin həlli üçün effektiv mexanizm
təklif edə bilmədi. 2020-ci ildə 44 günlük müharibədən sonra
Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdə, bu formatın zəruriliyi
tamamilə aradan qalxdı.
2022-ci ilin dekabrında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi
nümayəndəsi Mariya Zaxarova bəyan etdi ki, məhz ABŞ və Fransa
Moskva ilə əməkdaşlıqdan imtina edərək Minsk qrupunu faktiki olaraq
“dəfn etdilər”: “Vaşinqton və Paris əsassız bəhanələrlə Moskva ilə
əməkdaşlıqdan imtina etdilər. Onlar əslində Minsk qrupunu məhv
etdilər”.
2023-cü ilin yazında Rusiya diplomatiyası bu formatın tamamilə
aktuallığını itirdiyini təsdiqlədi, 2024-cü ilin dekabrında isə
Zaxarova bir daha vurğuladı ki, “Minsk qrupunun mandatı
tükənib”.
Bu bəyanatların fonunda Moskva açıq şəkildə Bakı və İrəvandan
ATƏT-ə müraciət edərək Minsk qrupunun buraxılmasını tələb
etmələrini istədi. Azərbaycan uzun müddətdir prinsipial mövqe
nümayiş etdirərək bu formatın müasir geosiyasi reallıqlara heç bir
aidiyyəti olmadığını bildirirdi. İrəvan isə əvvəlcə bu addımdan
çəkinirdi, lakin zaman keçdikcə Azərbaycanın mövqeyinin əsaslı
olduğunu etiraf etməyə başladı.
Rusiyalı səfirin gözlənilməz bəyanatı müəyyən mənada maraqlıdır,
çünki əgər Moskva uzun müddətdir Minsk qrupunun “öldüyünü” bəyan
edirdisə, indi niyə onun müzakirə obyekti olması ehtimalı ortaya
çıxır?
Görünür, Moskva bu minvalla Ermənistana və ABŞ-yə təzyiq etmək
niyyətindədir. Rusiya Minsk qrupu mövzusundan Ermənistan üzərində
təzyiq vasitəsi kimi istifadə edə bilər. Çünki İrəvan getdikcə daha
çox Qərbə doğru istiqamətlənir. Bundan əlavə, bu bəyanat Vaşinqtona
bir mesaj kimi də dəyərləndirilə bilər: Moskva yalnız öz şərtləri
əsasında regional məsələləri müzakirə etməyə hazır olduğu barədə
messic verir.
ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda getdikcə möhkəmlənir və
yeni danışıqlar formatları təklif edir. Belə vəziyyətdə Moskva
təşəbbüsü öz əlinə almaq və bu regionda hələ də təsir imkanlarına
malik olduğunu xatırlatmaq istəyir.
O da mümkündür ki, Kopırkinin bəyanatı Moskva ilə Vaşinqton
arasında yeni beynəlxalq şəraitdə kəsişmə nöqtələri tapmaq cəhdi
kimi dəyərləndirilə bilər. Fəqət ABŞ-nin Minsk qrupunun bərpasına
razılıq verəcəyi ehtimalı olduqca azdır, çünki onlar bu formatdan
imtina edən tərəf idi.
Ermənistanın özündə isə ATƏT-in artıq tarixə qovuşan Minsk qrupu
məsələsi ilə bağlı ciddi daxili fikir ayrılığı yaratmağa davam
edir. Sözügedən məsələ ölkənin müxtəlif siyasi qüvvələri arasında
dərin parçalanmanın göstəricisinə çevrilib. Baş nazir Nikol
Paşinyanın rəhbərlik etdiyi rəsmi İrəvan getdikcə daha çox
Azərbaycanın mövqeyi ilə razılaşır və bu formatın artıq öz rolunu
itirdiyini qəbul edir. Amma Rusiya yönlü və müxalif qüvvələr,
xüsusilə Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Minsk
qrupunun formal buraxılmasına kəskin şəkildə qarşı çıxır.
2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsində məğlub
olduqdan sonra Nikol Paşinyanın hökuməti xarici siyasət və
diplomatik prioritetlərini yenidən nəzərdən keçirmək zərurəti ilə
üzləşdi. Ermənistan, Rusiyaya olan ənənəvi bağlılığına baxmayaraq,
Qərblə fəal şəkildə yaxınlaşmağa başladı və Azərbaycanın ərazi
bütövlüyünü tanımağa doğru məcburi addımlar atdı.
Müxtəlif beynəlxalq platformalarda Ermənistanın rəsmi
nümayəndələri açıq şəkildə bəyan etdilər ki, ATƏT-in Minsk qrupu
əvvəlki aktuallığını itirib. Üstəlik, Ermənistan rəsmiləri Qərb
tərəfdaşları ilə görüşlərdə Minsk qrupunu xatırlamaqdan çəkinir, bu
isə faktiki olaraq bu mexanizmin artıq işləklik qabiliyyətinə malik
olmadığını etiraf etmək deməkdir.
Paşinyanın Minsk qrupunu dəstəkləməsi əslində ermənilərin özləri
üçün risklər yaradır. Belə ki, kollektiv Qərb bu formata maraq
göstərmir. Ermənistan ABŞ və Avropa İttifaqının dəstəyini qazanmağa
çalışır, halbuki Vaşinqton və Brüssel Minsk qrupundan imtina edib.
Bu formatın dəstəklənməsi Ermənistan-Qərb münasibətlərini
çətinləşdirə bilər. Ermənilər onu da unutmasınlar ki, rəsmi
İrəvanın ümidlərinə baxmayaraq, Minsk qrupu 2020-ci il
müharibəsinin qarşısını almaq üçün heç bir real addım atmadı. Bu,
hətta Ermənistan hakimiyyəti daxilində də bu mexanizmə olan etimadı
sarsıtdı.
Hazırda Ermənistan və Azərbaycan arasında əsas danışıqlar
platforması birbaşa təmaslar, eləcə də Avropa İttifaqı və ABŞ-nin
vasitəçiliyidir. Moskva da bu prosesdə rolunu qorumağa çalışır,
lakin Minsk qrupu artıq bu danışıqlara daxil edilmir.
Rəsmi İrəvandan fərqli olaraq, Ermənistanın Rusiya yönlü
qüvvələri Minsk qrupunun təzyiq vasitəsi kimi qorunub saxlanmasını
israrla tələb edirlər. Bu mövqenin əsas təbliğatçılarından biri
keçmiş prezident Robert Köçəryandır. O, Kremlin yaxın müttəfiqi
kimi tanınır və Qarabağ məsələsində sərt mövqeyi ilə seçilir.
Robert Köçəryan bu yaxınlarda bəyan etmişdi: “Minsk qrupunun
buraxılması danışıqlar prosesinə düzəlməz ziyan vuracaq. Bu format
hər nə bahasına olursa-olsun qorunmalıdır”.
Beləcə, Köçəryan, Minsk qrupundan uzun illər diplomatik vasitə
kimi istifadə edərək danışıqları uzatmağa və status-kvonu qorumağa
çalışan köhnə erməni elitasının nümayəndəsidir. Ermənistandakı
Rusiya yönlü qüvvələr Moskvanın maraqları çərçivəsində hərəkət
edirlər və Minsk qrupunu Cənubi Qafqazda potensial təsir vasitəsi
kimi saxlanmasını istəyirlər. Eyni zamanda, Bakı və İrəvan arasında
gedən danışıqlara təsir cəhdi də aşkardır. Minsk qrupunun ləğvi
Ermənistanın keçmiş hakimiyyətinin 30 il ərzində yürütdüyü
siyasətin tam iflasa uğradığını rəsmən etiraf etmək demək olardı.
Köçəryan və onun ətrafı üçün bu, siyasi baxımdan
qəbuledilməzdir.
Paşinyanın komandasının mövqeyi ilə müxalifətin yanaşması
arasındakı ziddiyyətlər Ermənistanın ümumi daxili siyasi böhranını
əks etdirir. Hakimiyyət yeni geosiyasi reallıqlara uyğunlaşmağa
çalışırsa, Rusiya yönlü müxalifət Ermənistanı Kremlin orbitində
saxlamaq üçün köhnə siyasi mexanizmlərdən istifadə etməyə
çalışır.
Reallıqsa ondan ibarətdir ki, Minsk qrupu çoxdan öz aktuallığını
itirib. Ermənistan bunu qəbul etməyə məcburdur, hətta ölkə
daxilindəki müəyyən siyasi dairələr bu labüdlüyə müqavimət
göstərməyə çalışsalar belə.
Azərbaycanın Minsk qrupu ilə bağlı mövqeyi birmənalı və
prinsipialdır: bu qurum tamamilə və rəsmi şəkildə ləğv edilməlidir.
Minsk qrupunu danışıqlar prosesinə qaytarmaq cəhdləri Azərbaycan
üçün ölkənin daxili işlərinə müdaxilə və tam iflasa uğramış
beynəlxalq mexanizmin süni şəkildə dirçəldilməsi kimi
qiymətləndirilir.
Azərbaycanın ATƏT-in Minsk qrupunun buraxılmasını tələb
etməsinin bir neçə əsas səbəbi var.
ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılmışdı, lakin üç onillik
ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində heç
bir real irəliləyiş əldə edə bilmədi. Bu qurumun əsas məqsədi
münaqişənin dinc yolla tənzimlənməsinə kömək etmək idi, lakin
nəticədə danışıqlar sadəcə uzadıldı, Ermənistan isə bu diplomatik
qeyri-müəyyənlikdən istifadə edərək işğal etdiyi ərazilərdə
möhkəmlənməyə nail oldu.
2020-ci ildə 44 günlük Vətən müharibəsinin nəticəsində
Azərbaycan işğal altında olan torpaqlarını azad edərək BMT
Təhlükəsizlik Şurasının illərlə icra olunmayan qətnamələrini yerinə
yetirdi. Minsk qrupu isə bu qətnamələrin icrasına nail olmaq üçün
heç bir real addım atmamışdı. Bu uğurlu hərbi və diplomatik
prosesdən sonra Bakı artıq vasitəçilərin köhnəlmiş formatına
ehtiyac duymadı, çünki Azərbaycanın ərazi bütövlüyü məsələsi
birdəfəlik həll olundu.
Moskva özü Minsk qrupunun mənasız olduğunu qəbul edib. Son
illərdə məhz Rusiya Minsk qrupunun aktuallığını itirdiyini açıq
şəkildə bəyan edirdi. 2022-ci ilin dekabrında Rusiya Xarici İşlər
Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ və Fransanın Minsk qrupu
çərçivəsində əməkdaşlıqdan imtina etdiyini vurğuladı və bunun
nəticəsində bu qurumun faktiki olaraq mövcudluğunu dayandırdığını
bildirdi. Bu isə o deməkdir ki, hətta Minsk qrupunun həmsədr
ölkələrindən biri olan Rusiya da onun fəaliyyətinin mənasızlığını
qəbul edib.
Və ən nəhayət, Qərbin təsirini qorumaq cəhdi açıq görünür.
Azərbaycan Minsk qrupunun yenidən gündəmə gətirilməsini Qərbin öz
tənzimləmə mexanizmlərini diqtə etməyə çalışması kimi
qiymətləndirir. Bakı belə hesab edir ki, ATƏT və digər beynəlxalq
qurumlar vasitəsilə keçmiş münaqişə ilə bağlı yeni formatlar
yaratmaq cəhdi manipulyasiya xarakteri daşıyır və real vəziyyəti
əks etdirmir. Azərbaycan açıq şəkildə bildirir ki, beynəlxalq
danışıqlar köhnəlmiş və heç bir nəticə verməyən mexanizmlər
əsasında deyil, tamamilə yeni reallıqlar əsasında
aparılmalıdır.
Rusiya isə Minsk qrupundan İrəvana təzyiq vasitəsi kimi istifadə
etmək variantını arxivə yollamayıb. 2020-ci ildə məğlub olduqdan
sonra Ermənistan Qərblə fəal şəkildə yaxınlaşmağa başladı. Moskva
isə bu prosesə qarşı çıxaraq öz təsirini qorumaq istəyir. Minsk
qrupunun müzakirəyə qaytarılması ilə bağlı verilən siqnal İrəvana
mesaj ola bilər: Rusiya “köhnə formatı” nəzərdən keçirə bilər,
lakin bunun üçün Ermənistanın Moskvanın maraqlarına sadiq qalması
lazımdır.
ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda fəallığını artırır,
müxtəlif yeni danışıqlar formatları irəli sürür. Moskva isə bölgədə
təsirini itirmək istəmir və Minsk qrupunu gündəmə gətirməklə Qərbə
qarşı diplomatik manevr etməyə çalışır.
Moskva Azərbaycanı 2020-ci ildəki qələbəsini tanısa da, bəzi
analitiklər hesab edirlər ki, Minsk qrupunun “canlandırılması”
məsələsi Bakıya təzyiq vasitəsi kimi istifadə edilə bilər. Xüsusilə
də Azərbaycanı Rusiyanın inteqrasiya layihələrinə cəlb etmək və
Moskvanın regional təsirini gücləndirmək məqsədilə.
Azərbaycanın prinsipial mövqeyi və Rusiyanın dəfələrlə Minsk
qrupunun aktuallığını itirdiyini bəyan etməsi fonunda bu formatın
yenidən aktivləşdirilməsi ehtimalı son dərəcə aşağıdır. Bakı təkcə
Minsk qrupunun formal şəkildə buraxılmasını tələb etmir, eyni
zamanda bütün beynəlxalq danışıqların artıq köhnəlmiş və nəticə
verməyən mexanizmlərsiz, yeni reallıqlara uyğun aparılmalı olduğunu
vurğulayır.
Bu səbəbdən də Rusiyanın Ermənistandakı səfirinin bəyanatı daha
çox diplomatik oyun kimi görünür. Minsk qrupu siyasi baxımdan
“ölü”dür və müəyyən siyasi dairələrin onu yenidən gündəmə gətirmək
cəhdlərinə baxmayaraq, bu formatın bərpası faktiki olaraq
mümkünsüzdür.