ABŞ-a smartfonlar, noutbuklar, kompüter hissələri və digər elektronikanın idxalına tətbiq edilmiş artırılmış rüsumların ötən cümə günü ləğv edilməsi müvəqqəti tədbir olub. Çünki Ağ Ev bu məhsulları yarımkeçiricilər kateqoriyasına daxil etməyi və onlar üçün ayrıca rüsum tətbiq etməyi planlaşdırır. Bu barədə bazar günü ABŞ-ın ticarət naziri Howard Lutnick, ABC News kanalında yayımlanan This Week proqramında məlumat verib. “Bu məhsulların hamısı yarımkeçiricilər kateqoriyasına daxil ediləcək və onların üzərinə xüsusi rüsum növü tətbiq olunacaq ki, bu məhsulların istehsalının ölkəyə qaytarılması təmin olunsun” – deyə Lutnick bildirib. “Biz ehtiyac duyduğumuz fundamental məhsullar baxımından Çinə güvənə bilmərik” – deyə Lutnick əlavə edib.

Bloomberg-in qeyd etdiyi kimi, nazirin şərhləri göstərir ki, ABŞ-ın Gömrük və Sərhəd Xidməti tərəfindən cümə axşamı yayımlanmış sənəddəki istisnalar, bu məhsulları uzun müddətlik rüsum azaldılması üçün deyil, gələcəkdə onları ABŞ prezidenti Donald Trump-ın yarımkeçiricilər üçün çoxdan vəd etdiyi ayrıca rüsum kateqoriyasına keçirmək məqsədilə tətbiq olunub. Buna baxmayaraq, artırılmış rüsumların ləğvi, istehsalda Çinə arxalanan Apple və digər şirkətlər üçün müvəqqəti də olsa bir qələbə oldu. Çin hökuməti bu addımı müsbət qarşıladı və Trump-ı bu istiqamətdə irəliləməyə çağırdı. “Bu, ABŞ-ın birtərəfli şəkildə tətbiq etdiyi ‘qarşılıqlı tariflər’ kimi qanunsuz addımlarını düzəltmək istiqamətində atdığı kiçik bir addımdır” – deyə Çin Ticarət Nazirliyinin bazar günü WeChat-dakı rəsmi hesabında yayımlanmış bəyanatda bildirilir.

Nazirlik ABŞ-ı “qanunsuz addımları tamamilə ləğv etmək və qarşılıqlı hörmətə əsaslanan, bərabərhüquqlu dialoq yolu ilə fikir ayrılıqlarını həll etmək üçün düzgün yola qayıtmaq” üçün böyük addım atmağa çağırıb. Lakin Howard Lutnick və Donald Trump administrasiyasının digər nümayəndələri bazar günü bəyan ediblər ki, bu sadəcə yeni tariflərə keçid öncəsi bir fasilədir və həmin tariflərin ötən həftə Trump tərəfindən Çin üçün tətbiq olunan 125%-lik rüsumdan aşağı olması ehtimal olunur. Ağ Ev uzun müddətdir bəyan edir ki, Çin üçün 125% və digər əksər ölkələr üçün 10% olmaqla ölkə əsaslı tariflər, xüsusi sahələr üzrə ayrıca rüsumlar tətbiq ediləcək sektorlara şamil edilməyəcək.
Trump artıq polad, alüminium və avtomobil idxalına rüsumlar tətbiq edib, həmçinin avtomobil ehtiyat hissələri və mis üçün də tariflər müəyyənləşdirib. O həmçinin yarımkeçirici çiplər, dərman preparatları, taxta materialları və ehtimal ki, strateji əhəmiyyətə malik minerallar üçün də əlavə tariflərin tətbiqini planlaşdırdığını açıqlayıb. Lutnick-in sözlərinə görə, yarımkeçiricilər üçün nəzərdə tutulan rüsumlar 1-2 ay ərzində qüvvəyə minəcək. O həmçinin bildirib ki, yarımkeçiricilərlə bağlı bildiriş bu həftə federal reyestrdə dərc olunacaq. Lakin bu barədə ətraflı məlumat verilməyib. Hələlik Trump administrasiyasının yarımkeçiricilər üçün hansı tarif dərəcəsini təyin edəcəyi məlum deyil – digər sahələr üçün bu göstərici 25%-dir.
Mənbə: Bloomberg