Texnologiya sahəsi nəhayət rahat nəfəs ala bilər. Belə ki, Ağ Ev smartfonlar, noutbuklar, kompüter hissələri və digər elektronikanın ABŞ-a idxalına tətbiq edilən artırılmış rüsumları ləğv edib. İndiyə qədər əsasən Çində istehsal olunmuş iPhone-lar və bir çox digər elektronika məhsulları üçün 145%-ə qədər tariflərin tətbiq olunacağı gözlənilirdi – bu da elektronika məhsullarının bahalaşacağı ilə bağlı söz-söhbətə səbəb olmuşdu. ABŞ Gömrük və Sərhəd Xidməti, Çin məhsullarına tətbiq olunması nəzərdə tutulan 145%-lik tarif də daxil olmaqla, artırılmış rüsumların tətbiq edilməyəcəyi məhsulların siyahısını dərc edib. Bu barədə Bloomberg agentliyi məlumat yayıb. Siyahıya, həmçinin dünyanın əksər ölkələrindən gətirilən mallar üçün tətbiq olunan 10%-lik baza tarif də daxildir.

İstisnalar siyahısına smartfonlar, noutbuklar, sərt disklər, SSD yaddaş qurğuları, kompüter prosessorları və yaddaş çipləri, çap edilmiş lövhələr, ekranlar və monitorlar daxil edilib. Həmçinin, diodlar kimi yarımkeçirici komponentlərə də rüsumlar tətbiq olunmayacaq. Ümumilikdə bu qərar, əsasən ABŞ-da istehsal olunmayan və yerli istehsalının qurulması illər çəkə biləcək məişət və sənaye elektronikası sahəsində ən çox tələbat olan məhsullara şamil olunur. İstisnalara həmçinin yarımkeçirici məhsulların istehsalında istifadə olunan avadanlıqlar da daxildir – bu, ABŞ-a böyük investisiyalar yatıracağını elan edən dünyanın ən böyük müqaviləli istehsalçısı TSMC üçün mühüm əhəmiyyət daşıyır.

Bu qərar Intel və Samsung da daxil olmaqla digər çip istehsalçıları tərəfindən də müsbət qarşılanacaq. Beləliklə, Ağ Ev 1 həftə davam edən siyasi və bazar qeyri-sabitliyinə son qoya bildi. Həmin müddətdə əvvəlcə bütün idxal istiqamətləri üzrə rüsumların artırılacağı açıqlanmış, daha sonra isə Çin istisna olmaqla əksər ölkələr üçün tarif artımının 90 gün müddətinə dayandırıldığı bildirilmişdi. Çin üçün isə əksinə, tariflər mərhələli şəkildə artırılaraq 145%-ə qədər çatdırılmışdı. Texnologiya sahəsi üçün təhlükə bəlkə də hələ tam sovuşmayıb. Donald Trump administrasiyası Çin üçün müəyyən edilmiş 145%-lik tarifdən əlavə, sahəyə xas rüsumlar tətbiq etməyi planlaşdıra bilər. Lakin hazırda artırılmış rüsumların ləğvi həm Apple üçün, həm də son günlər texnikanı “köhnə” qiymətlərlə almağa tələsən bəzi istehlakçılar üçün rahatlıq gətirə bilər.
Mənbə: Bloomberg