Bakı. Günaydın:
7 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT)
Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında iştirakı
çərçivəsində Pakistan İslam Respublikasının Baş nazirinin müavini,
xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu
barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan-Pakistan strateji
tərəfdaşlığından irəli gələn məsələlər, ikitərəfli, çoxtərəfli
əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə olunub.
Ötən ay Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd
Şahbaz Şərifin ölkəmizə baş tutan səfəri zamanı aparılmış
müzakirələrə istinadən, iqtisadi, ticarət, investisiya, enerji
təhlükəsizliyi, nəqliyyat və digər qarşılıqlı maraq doğuran sahələr
üzrə tərəfdaşlıq məsələləri nəzərdən keçirilib.