Bakı. Günaydın:
8 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT)
Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında iştirakı
çərçivəsində Tunis Respublikasının xarici işlər, immiqrasiya, və
xaricdəki tunislilər naziri Məhəmməd Əli Əl-Nafti ilə görüşüb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu
barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı, Azərbaycan və Tunis arasında
ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə
olunub.
Ortaq dini və mədəni köklərlə bağlı olan ölkələrimiz arasında
müxtəlif sahələr üzrə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti,
habelə bu istiqamətdə geniş potensialın mövcud olduğu qeyd
edilib.
Bu xüsusda, Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmə
mexanizminin yaradılmasının əhəmiyyəti vurğulanıb. Azərbaycan ilə
Tunis arasında regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT,
İƏT, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı faydalı
əməkdaşlığın zəruriliyi diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.