Bakı. Günaydın:
UNEC İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı və UNEC Tələbə
Həmkarlar Komitəsinin dəstəyi ilə 8 Mart Beynəlxalq Qadınlar Günü
münasibətilə “Bu dəfə Analar danışacaq” adlı tədbir keçirilib.
UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova
tədbirin açılışını etdikdən sonra, İnklüziv Təhsil Mərkəzinin
direktoru Sevinc Məhsimova tədbir barədə məlumat verib. Bildirib
ki, tədbirin əsas məqsədi əlilliyi olan tələbələrin analarının
yaşadıqları çətinlikləri və övladlarının qazandıqları uğurları
bölüşmələrinə imkan yaratmaqdır. Əlilliyi olan şəxslərin təhsilə və
cəmiyyətə inteqrasiyası istiqamətində atılan addımlardan söz açan
S.Məhsimova UNEC-də inklüziv təhsil sahəsində nümunəvi modelin
tətbiq edildiyini diqqətə çatdırıb. O, əlilliyi olan gənclərin
UNEC-in bütün təhsil, eləcə də sosial imkanlarından bərabərhüquqlu
istifadə etməsi üçün bütün imkanların yaradıldığını və
infrastrukturun təmin edildiyini bildirib.
Sonra tədbirdə iştirak edən analar övladları ilə birlikdə
keçdikləri çətinliklərdən danışıblar, qarşılaşdıqları maneələri
aşmağın yolları barədə həyat təcrübələrini bölüşüblər.
<!—->
<!––>
Tədbirdə iştirak edən AR Əmək və Sosial Müdafiə Nazirliyinin
nəzdində Sosial Xidmətlər Agentliyinin departament rəhbəri Tünzalə
Verdiyeva, “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin sədri Azadə
Məmmədova, “Zəfər” İB sədri Pərvanə Salmanqızı, terapevt və
osteopat Elfanə Süleymanova və digər qonaqlar tədbirin əhəmiyyətini
vurğulayaraq, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının
təşviq edilməsinin vacibliyini bildiriblər. Onlar həmçinin belə
tədbirlərin ictimaiyyətin diqqətini bu sahəyə yönəltmək və təhsil
imkanlarının hər kəs üçün bərabər olmasını təmin etmək baxımından
müstəsna rol oynadığını ifadə ediblər.
Tədbirin bədii hissəsi UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin və
“Bacarıqlı Əllər” İctimai Birliyinin hazırladıqları proqramla davam
edib.