Bakı. Günaydın:
Almaniya hökuməti Avropa İttifaqının (Aİ) bir direktivini
vaxtında həyata keçirmədiyi üçün 34 milyon avro cərimə ödəməli
olacaq.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu
barədə Lüksemburqda yerləşən Avropa Ədalət Məhkəməsi qərar qəbul
edib.
Aİ-yə üzv olan 27 ölkə 2021-ci ilə qədər informatorların
(whistleblower) qorunmasına dair yeni qaydaları milli
qanunvericiliklərinə daxil etməli idi. Almaniyada bu məsələ ilə
bağlı Bundestaq və Əyalət Nümayəndələri Şurası (Bundesrat) arasında
fikir ayrılığı yarandığı üçün qaydalar yalnız iki il gecikmə ilə
qüvvəyə minmiş və bu, ciddi maliyyə nəticələrinə gətirib
çıxarmışdı.
<!—->
<!––>
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyanenin şikayəti
əsasında məsələyə baxan Avropa Ədalət Məhkəməsi Almaniya da daxil
olmaqla beş ölkəyə cərimə təyin edib. Almaniyadan əlavə,
Lüksemburq, Çexiya, Macarıstan və Estoniya da cərimələnib. Lakin
onların ödəməli olduğu məbləğlər 375 min avrodan 2,3 milyon avroya
qədər dəyişir. Polşaya qarşı isə artıq 2024-cü ilin aprelində
sanksiyalar tətbiq edilib.
Qeyd edək ki, Aİ 2019-cu ildə feysbuk məlumat sızması və “Panama
sənədləri” kimi qalmaqalların informatorlar sayəsində üzə
çıxacağını nəzərə alaraq, onların məlumat ötürməsini təhlükəsiz
şəkildə təmin edən qaydalar qəbul etmişdi. Qaydalara əsasən, üzv
dövlətlər 2021-ci ilə qədər korrupsiya, çirkli pulların yuyulması
və vergi qanun pozuntuları barədə məxfi məlumat vermək üçün müvafiq
şərait yaratmalı idilər.