Bakı. Günaydın:
7 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına işgüzar
səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici
İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında iştirak və çıxış
edib.
XİN-dən Trend-ə bildirilib
ki, nazir Ceyhun Bayramov müqəddəs Ramazan ayı münasibətilə bütün
İslam dünyasına ən xoş arzularını çatdırıb.
Qəzza bölgəsi və Fələstindəki mövcud humanitar böhran, günahsız
insanların kütləvi tələfatı, infrastrukturun məhvi, bölgədəki qida
və su qıtlığının narahatlıq mənbəyi olaraq qaldığı, mülki şəxslərin
ölümünə səbəb olan güc tətbiqinin qəbuledilməz olduğu və bu
vəziyyətə son qoyulması üçün təcili və qətiyyətli addımların
atılmasının vacibliyi qeyd edilib.
Bu istiqamətdə, beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü
və güc tətbiqinin yolverilməzliyi prinsiplərinin üstün tutulmalı
olduğu diqqətə çatdırılıb.
Ölkəmizin yanvar ayında əldə olunmuş atəşkəsi müsbət
qiymətləndirdiyi diqqətə çatdırılıb, mövcud həssas vəziyyətdə
atəşkəsin pozulması və eskalasiyaya gətirəcək addımlardan
çəkinilməsinin vacibliyi vurğulanıb.
Əldə olunmuş atəşkəsin beynəlxalq hüquqa, o cümlədən Fələstin
xalqının legitim istəklərinə əsaslanan dayanıqlı sülh prosesinin
başlanğıcı rolu oynamasının əhəmiyyəti vurğulanıb.
Bu kontekstdə, Azərbaycanın münaqişənin “iki dövlət” prinsipi
əsasında, beynəlxalq hüququn norma və prinsipləri, BMT
Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllini
dəstəklədiyi bir daha diqqətə çatdırılıb.
Hazırkı dövrdə göstərilən sülh təşəbbüslərindən əlavə, humanitar
yardım səylərinin əhəmiyyəti qeyd olunub. Azərbaycanın İƏT-in
məsuliyyətli üzvü kimi, həmçinin 2026-cı ildə İƏT-in sədri olaraq
hər zaman qardaş Fələstin xalqına dəstək göstərməyə hazır olduğu
diqqətə çatdırılıb. Bu istiqamətdə, öncəki illərdən əlavə,
eskalasiyanın başladığı 2023-cü ildən etibarən Azərbaycanın
Fələstin xalqının humanitar vəziyyətinin yüngülləşdirilməsi
məqsədilə 2 milyon ABŞ dolları həcmində yardım göstərdiyi
bildirilib.
Ölkəmizin, həmçinin Fələstin xalqına təhsil və səhiyyə sahəsində
dəstək üzrə təşəbbüs göstərdiyi, bu istiqamətdə 2024-2025-ci illər
üzrə Fələstindən olan 15 tələbəyə “Heydər Əliyev adına Beynəlxalq
Təhsil Qrantı”nın ayrıldığı, həmçinin Azərbaycanın Nablusda 600
nəfərlik məktəbin tikintisini də öhdəsinə götürdüyü diqqətə
çatdırılıb.
Nazir Ceyhun Bayramov çıxışı zamanı ölkəmizin Qəzzanın bərpası
və yardım göstərilməsi üzrə Misir tərəfindən irəli sürülmüş və 4
mart tarixində Fövqəladə Ərəb Sammiti zamanı təsdiqlənmiş planı
dəstəklədiyini vurğulayıb.
Nazir çıxışı zamanı, bugünkü iclasda Suriyanın İƏT-də üzvlüyünün
bərpa olunması ilə əlaqədar təbriklərini çatdırıb.
Suriyanın ərazi bütövlüyü və suverenliyinə, habelə ölkədə
davamlı sülh və sabitliyin bərpa olunmasına dəstək ifadə
olunub.