Bakı. Günaydın:
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti
səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin
təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam
etdirir.
Nazirlikdən Trend-ə bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti
tərəfindən Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “Bakı Tekstil
Fabriki” MMC-yə məxsus tikiş sexində keçirilən yoxlama zamanı
yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu,
həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və
dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən
edilib. Belə ki:
– obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam
quraşdırılmayıb, həmçinin mövcud qurğuya texniki qulluq
göstərilməyib;
– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması
Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik
təsərrüfatına profilaktik baxış keçirilməyib;
– obyektdə yanğın su hovuzu mövcud deyil və daxili yanğın
kranları quraşdırılmayıb;
– obyekt odsöndürən balonlarla tam təmin olunmayıb;
– təxliyə planı mövcud deyil;
– obyektin taxta konstruksiyalarına odadavamlı məhlul
hopdurulmayıb;
– obyektin müəyyən yerlərində yanar üzlüklərdən istifadə
olunub;
<!—->
<!––>
– istehsalat və anbar otaqlarında yanar materialdan istifadə
edilərək otaqlar yaradılıb;
– anbar sahəsində mallar “Yanğın Təhlükəsizliyi Qaydaları”nın
tələblərinə uyğun yığılmayıb;
– obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;
– obyektin tikinti və lahiyə sənədləri yanğın təhlükəsizliyinə
əməl olunması baxımından DYNX ilə razılaşdırılmayıb;
– obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi
təqdim olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin
istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə
biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz
edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və
qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş
Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “Bakı Tekstil Fabriki”
MMC-yə məxsus tikiş sexinin fəaliyyətinin dayandırılması barədə
Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə
təqdim edilib.