Bakı. Günaydın:
Aprelin 15-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsinin və Bakı Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə
Şirvanşahlar Sarayı Kompleksində “Hərflərin Sirri” adlı xəttatlıq
sərgisi ziyarətçilərə təqdim olunub.
Bu barədə Trend-ə idarədən məlumat verilib.
Məlumata görə, sərgi, qədim və zəngin estetikaya malik bir
ənənənin sirlərini kəşf etmək imkanı yaradır.
Sərgidə tanınmış xəttat Gülümxan Bəydəmirin 60-dan çox əsəri yer
alır. Bu əsərlər vasitəsilə tamaşaçılar xəttatlığın yalnız yazı
texnikası deyil, həm də fəlsəfi və ruhani bir ifadə vasitəsi
olduğunu daha dərindən hiss edə bilirlər. Əsrlər boyu Şərqdə həm
elmə, həm də mənəviyyata xidmət edən bu sənət forması sözün estetik
təqdimatı ilə seçilir. Mətnin forması, simvolikası və ruhu bu
sənətin əsas dayaqlarındandır.
<!—->
<!––>
Gülümxan Bəydəmirin yaradıcılığı Azərbaycanın xəttatlıq irsini
müasir dilə gətirir və bu sənətin beynəlxalq arenada tanıdılmasına
öz töhfəsini verir. Onun əsərləri müxtəlif ölkələrdə nümayiş olunub
və sənətşünaslar tərəfindən yüksək dəyərləndirilib.
İçərişəhərin tarixi atmosferində təqdim olunan “Hərflərin Sirri”
sərgisi yalnız incə sənət nümunələri ilə deyil, həm də dərin mənəvi
dəyərləri ilə diqqət çəkir. Ziyarətçilər burada həm sənət, həm də
zamanla səyahət təcrübəsi yaşayacaqlar.
Sərgi 15–22 aprel tarixlərində ziyarətçilər üçün açıqdır.