Bakı. Günaydın:
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə
əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam,
Qarnizon və Qarovul Xidmətləri, habelə Daxili Xidmət
nizamnamələrinin yeni layihələrinin hazırlanması məqsədilə
yaradılan işçi qrupunun martın 7-də növbəti görüşü keçirilib.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş
Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərliyi ilə
keçirilən görüşdə Silahlı Qüvvələrin aidiyyəti qurumlarının məsul
vəzifəli şəxsləri iştirak edib.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə
Silahlı Qüvvələrdə aparılan uğurlu islahatlar, qazanılan
nailiyyətlər və tətbiq edilən yeniliklər nəzərə alınmaqla yeni
hərbi nizamnamələrin hazırlanmasına dair geniş fikir mübadiləsi
aparılıb.
Hərbi nizamnamələrin hazırlanmasında müasir dövrün tələbləri,
inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi nəzərə alınaraq
perspektiv planlar müzakirə olunub.