Bakı. Günaydın:
Ermənistan hakimiyyəti son addımları ilə Qərbin əlində alət
olduğunu bir daha təsdiqləyir. Hazırda Avropa İttifaqı bu ölkə
üzərindən Cənubi Qafqaz regionunda öz planlarını reallaşdırmağa
çalışır.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı
Sevinc Fətəliyeva deyib.
Millət vəkili bildirib ki, Avropa İttifaqı Ermənistana Avropa
Sülh Fondundan daha 10 milyon avro ayırmağı nəzərdə tutur. Artıq
Aİ-nin ali nümayəndəsi Kaya Kallas bu təklifi Aİ Şurasına təqdim
edib:
“Bu vəsaitin Ermənistanın “müdafiəsini gücləndirilməsi” üçün
istifadə olunacağı bildirilir. Məlumdur ki, Ermənistan son
illərədək Rusiyanın regionda forpostu funksiyasını yerinə yetirib.
İndi isə Paşinyan hökuməti öz davranışı ilə Qərbin əlaltısına
çevrilir. Ermənistan hakimiyyəti Qərbin diqtəsi ilə Rusiyadan
uzaqlaşmaq siyasətini davam etdirir. Ermənistanın hazırkı addımları
bütün region dövlətlərinin maraqlarına ziddir. Belə bir şəraitdə
Aİ-nin Ermənistana növbəti hərbi yardım ayırması
qəbulolunmazdır”.
S.Fətəliyevanın sözlərinə görə, Ermənistanın bu kimi addımları
sülh prosesinə də zərbə vurur:
“Aİ və xüsusən Fransa 44 günlük müharibədən sonra regionda
yaranmış yeni geosiyasi reallıqlar, Azərbaycanın nüfuzunun əsaslı
artmasından çox narahatdır. Ermənistanın silahlandırılması da
buradan qaynaqlanır. Halbuki, beynəlxalq təcrübə göstərir ki,
işğalçı ölkə hərbsizləşdirilməlidir. İkinci Dünya Müharibəsindən
sonra işğalçı Almaniya və Yaponiyanın tərksilah edilməsi buna
nümunədir. Ermənistan da 30 il ərzində Azərbaycan torpaqlarını
işğal altında saxlayıb. Azərbaycan öz gücünə Ermənistanı məğlub
edərək torpaqlarını azad etdi. Lakin Aİ hazırkı addımı ilə işğalçı
ölkə olmuş Ermənistanı gücləndirməyə çalışır. Digər tərəfdən,
Qafqaz regionunda Gürcüstanda və Azərbaycanda mövqelərini itirmiş
Aİ bunu Ermənistanla kompensasiya etməyə cəhd göstərir”.
Parlamentari qeyd edib ki, Ermənistanın Aİ tərəfindən
silahlandırılması sülh gündəliyinə xidmət etmir və alınan bütün
yeni silahların şərti sərhəddə yaxın bölgədə yerləşdirilməsi
legitim hədəf olmasına gətirib çıxaracaq.
“Bundan əlavə, Ermənistan özünün Aİ nümayəndəliyində daimi hərbi
attaşe vəzifəsini yaradıb. Bu isə onu göstərir ki, Ermənistanın Aİ
ilə hərbi sahədə əməkdaşlığı yeni sistematik mərhələyə çıxıb.
Ermənistanın militarizasiyası, Brüsseldə daimi hərbi attaşe
postunun yaradılması və Aİ müşahidə missiyasının fəaliyyətinin
uzadılması Azərbaycana qarşı yönəlmiş siyasətin ayrı-ayrı
elementləridir. Bütün bunlar regionumuzda sülhü və sabitliyi təhdid
edir. Ona görə də həm Aİ, həm də Ermənistan bu təhlükəli planlardan
çəkinməlidir”, – deyə deputat qeyd edib.
Milli Məclisin deputatı Zaur Şükürov isə
Trend-ə
açıqlamasında bildirib ki, əsasən xarci auditoriyaya özünü “sülh
göyərçini” kimi təqdim etməyə çalışan Ermənistan əslində hərbi
potensialını artırmaq üçün hər vəchlə bütün imkanlardan
yararlanmağa çalışır:
“Fransa kimi ölkələr son illər sərgilədiyi qərəzli addımları ilə
regionumuzda təhlükəsizliyin təmin olunmasına öz maraqları naminə
mane olmaqda davam edirlər. Azərbaycanın beynəlxalq hüququn
hamılıqla qəbul edilmiş prinsipləri əsasında ərazi bütövlüyünü və
suverenliyini bərpa etməsi bu kimi dövlətlərin, həmçinin Avropa
İttifaqı, Avropa Şurası və digər təşkilatların həqiqi niyyətlərini
üzə çıxardı. Erməni cinayətlərinə davamlı olaraq göz yuman bu
qüvvələr, Ermənistanı təxribatçı əməllərdən çəkindirmək əvəzinə, bu
ölkədəki revanşistlərin baş qaldırmasına rəvac verirlər.
Avropa Sülh Fondunun sülhü müdafiə etmək əvəzinə Ermənistana
vəsait ayrılması barədə qərar qəbul etməsi, Ermənistanın Avropa
İttifaqı yanında diplomatik missiyasında hərbi attaşe təyin
edilməsini qərarlaşdırması Aİ ilə Ermənistan arasında hərbi
əməkdaşlığın gələcəkdə genişləndiriləcəyi ehtimalını artırır ki, bu
da öz növbəsində narahatçılıq üçün əsas verir”.
Millət vəkili əlavə edib ki, Ermənistan regionda sülhün və
sabitləyin təmin edilməsi üçün öz riyakar əməllərindən əl
çəkməlidir.
“Bu kimi qüvvələr nəhayət anlamalıdırlar ki, öz tarixi
torpaqlarını Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində
azad edərək erməni separatizminə, terrorçuluğa son qoyan Azərbaycan
istənilən təhdidlərə qarşı hər zaman layiqli cavab verməyə
hazırdır. Ermənistan regionda sülhün və sabitliyin təmin edilməsi
üçün Azərbaycanla həqiqi və dayanıqlı sülh sazişinin imzalanması
üçün konstitusiyası və digər qanunvericilik aktlarında ölkəmizə
qarşı ərazi iddilarını aradan qaldırmalıdır. Əks halda, bu dövlət
yenə də təcrid olunmuş halda qalaraq, digər qüvvələrin maraqlarına
xidmət edən bir vasitə rolunu oynayacaq və hətta öz dövlətçiliyini
itirmək təhlükəsi ilə üzləşəcək”, – Z.Şükürov qeyd edib.