Bakı. Günaydın:
Azərbaycan qadını əsrlər boyu ölkəmizin ictimai-siyasi həyatında
fəal iştirak edib, öz mərdliyi, sədaqəti ilə seçilib, milli-mənəvi
dəyərlərimizin formalaşmasında əhəmiyyətli rol oynayıb. Qadına
hörmət xalqımızın öndə olan ənənələrindən olub. Tarixin bütün
dövrlərində Azərbaycan qadını Vətənimizin müdafiəsində yaxından
iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl
vətənpərvərlik nümunələri göstərmişdir. Azərbaycan xalq
ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud”
dastanında Azərbaycan qadınlarının savaş meydanında göstərdikləri
şücaət, eyni zamanda Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris,
Nigar, Həcər kimi qəhrəmanlıq nümunəsi olan lider qadınlarımız
bunun bariz nümunəsidir. Azərbaycan qadınları Şərqin ilk demokratik
respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə
seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında
yaxından iştirak etməyə başlamışlar. Azərbaycan digər sahələr kimi,
qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması
sahəsində də əldə etdiyi təcrübə ilə nümunədir. Ölkəmizdə qadınlara
diqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissəsidir və bu
sahədə təkmil qanunvericilik bazası mövcuddur.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər
Əliyev qadınların ictimai-siyasi fəallıqlarının artırılmasına,
dövlət idarəçiliyində irəli çəkilmələrinə xüsusi diqqət yetirirdi.
Ümummilli Liderin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət
Komitəsinin yaradılması da Azərbaycanda qadın siyasətinin
prioritetliyini təsdiqləyən amillərdəndir. 1998-ci ildə keçirilən
Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin
tarixində mühüm hadisədir. Respublikada cərəyan edən mürəkkəb
ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim
milli dövlətçilik mövqeyindən çıxış etmələrini nümayiş etdirən
qurultayda mühüm məsələlər müzakirə olunmuşdu. 1998-ci ildən
etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları
keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən
əlamətdar və mühüm hadisələrdən biri kimi qiymətləndirilir.
Bu fikirləri Trend-ə
açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycan Konstitusiyasına əsasən,
irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən,
mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən,
siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai
birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və
azadlıqlarının bərabərliyinə təminat verilir. Ulu Öndər Heydər
Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer
ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider
qadınlar yetişdirdi. Ölkəmizdə dövlət səviyyəsində qadın
siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın
şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər Heydər Əliyevin
siyasətini son 21 ildən artıq dövrdə bütün istiqamətlərdə uğurla
davam etdirən Prezident İlham Əliyevin bu yöndə atdığı addımlar,
qəbul olunan qanunlarda təkmilləşmə, hədəflərin uğurlu icrasına
xidmət edən Dövlət proqramları dövlət qadın siyasətində yeni bir
mərhələnin təməlini qoyub. Bu sırada dövlətimizin başçısı İlham
Əliyevin 2006-cı il fevralın 6-da imzaladığı Fərman ilə ailə və
uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks
həlli nəzərə alınaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin yaradılmasını xüsusi qeyd etməliyik. Təbii ki, atılan
hər bir addım Azərbaycanın bugününə və gələcəyinə, kiçik dövlət
kimi dəyərləndirilən ailə institutunun təkmilləşdirilməsinə,
qadınların cəmiyyətdə rolunun artmasına və dövrün, zamanın
çağırışlarının düzgün cavablandırılmasına öz töhfələrini
vermələrinə yönəlib.
Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü
münasibətilə Azərbaycan qadınlarına təbrikinə diqqəti yönəldən
Vüqar Rəhimzadə vurğulayıb ki, dövlətimizin başçısının qeyd etdiyi
kimi, Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı
olmuş, daim ülvi amallarla yaşamışlar. Çoxəsrlik mədəni-mənəvi
sərvətlərimizin günümüzədək layiqincə qorunub saxlanılmasında nəcib
və gözəl analarımızın misilsiz xidməti vardır. Onlar öz güclü
iradələri, vətənpərvərlik və fədakarlıqları ilə yurdumuzun mübarizə
salnaməsində silinməz izlər qoymuşlar. Ötən müddət ərzində milli
dövlət quruculuğu prosesində yaxından iştirak edərək bütün
sahələrdə əzmlə çalışan qadınlarımız Vətənimizin qüdrətinin
artırılması, xalqımızın rifahının yüksəlməsi naminə dolğun və
səmərəli fəaliyyət göstərmiş, sosial-iqtisadi və mədəni inkişafda
mühüm nailiyyətlər əldə etmişlər.
<!—->
<!––>
Milli Məclisin deputatı bu məqamı da xüsusi vurğulayıb ki, son 5
ildə bayramlarımızı zəfər ruhunda qeyd edirik. 30 il işğal altında
qalan torpaqlarımızın 44 günlük Vətən müharibəsində sahibinə
qovuşması dövlətimizin qətiyyəti, xalqımızın birliyi, ordumuzun
gücü, qüdrəti ilə yanaşı, gənclərimizin torpaq, Vətən sevgisinin
təqdimatı oldu. Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı
edir ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə
olunmalı, böyüməlidir.
Təbii ki, bu missiyanın yerinə yetirilməsində kiçik dövlət olan
ailə mühüm rol oynayır. Kiçik dövlətdə ananın rolu böyükdür. Bu gün
bizlərə Zəfər sevincini yaşadan, qanları, canları ilə tarix yazan
şəhidlərimizin, qazilərimizin anaları qarşısında baş əyirik. Bu gün
hər bir ana 30 il ərzində işğal altında qalan torpaqlarımızın azad
edilməsində, soydaşlarımızın doğma yurd-yuva həsrətinə son
qoyulmasında, azərbaycanlıların yenilməz, məğrur xalq kimi dünyaya
təqdimatında onların yetişdirdikləri vətənpərvər oğulların öz
payının, rolunun olmasından qürurludur.
Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət müstəqilliyimizin
bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu
prosesinin fəal iştirakçısına çevrildi, ölkəmizin sosial-iqtisadi
və mədəni potensialının artmasına dəyərli töhfələr verdi. Bu gün
çoxşaxəli fəaliyyəti ilə ölkə və dünya qadınlarına nümunə olan
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyeva Azərbaycan qadınının nüfuzunu
daha da yüksəklərə qaldırır. Birinci xanımın xeyriyyəçilik
tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir. Mehriban xanım
Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası,
mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl
örnəkdir. Mehriban xanım Əliyevanın humanitar layihələri
Azərbaycana yeni dostlar qazandırır. Heydər Əliyev Fondu uzun
illərdir ki, Azərbaycanın humanitar və mədəniyyət diplomatiyasının
səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən
əvvəl dünyada ölkəmizin təqdimatı və təbliğidir. Ölkənin Birinci
vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən
və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra
olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin
mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olmasının
bariz nümunəsidir.
Millət vəkili bildirib ki, dövlət qadın siyasətinin uğurla
həyata keçirilməsi nəticəsində Azərbaycan qadınının cəmiyyətdə yeri
və nüfuzu daha da artır. Ölkəmizdə gender siyasətinin
gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün
ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm
dövlət strukturlarında, parlament və bələdiyyələrdə uğurla təmsil
olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə
fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr
verirlər. Qadınlarımızın ölkəmizin ictimai-siyasi həyatının bütün
sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf
və qürur mənbəyidir. Bu gün Azərbaycan Ordusunun bütün qoşun
növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb
ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən
qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər.
Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək
qiymətləndirilir. Qadınlarımız ölkənin bütün sahələrində olduğu
kimi, Milli Məclisdə də uğurla təmsil olunur. V çağırış Milli
Məclisə 21, VI çağırış Milli Məclisə 22, VII çağırış Milli Məclisə
isə 26 qadın deputat seçilmişdir. Göründüyü kimi, bu sahədə də
dinamika getdikcə artır. Ölkənin ictimai-siyasi həyatında aparıcı
rol oynayan Yeni Azərbaycan Partiyasının sıralarında da qadınlar
çoxluq təşkil edir.
Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, qadınlarımız
ölkəmizin ictimai-siyasi həyatında böyük nüfuza malikdirlər.
Prezident İlham Əliyevin 8 Mart-Beynəlxalq Qadınlar Günü
münasibətilə təbrikində də bu əminlik ifadə edilir ki, qadınlar
gənc nəslin Vətənə və milli ideallara bağlılıq ruhunda yetişməsi
üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, həmçinin
ictimai-mənəvi mühitimizi yeni töhfələrlə zənginləşdirəcəklər.