Bakı. Günaydın:
7 mart 2025-ci il tarixində “SOCAR Tower”də SOCAR-ın “yaşıl
istiqraz”larının Bakı Fond Birjasında (BFB) tədavülünə başlanması
ilə bağlı tədbir keçirilib.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, tədbirdə Azərbaycan Respublikasının iqtisadiyyat naziri,
SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, SOCAR-ın
prezidenti Rövşən Nəcəf, eləcə də BFB, MDM, bank, sığorta və
investisiya şirkətlərinin rəhbərləri və akademik dairələrin
nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə
başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından
keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Daha sonra SOCAR istiqrazlarına həsr olunmuş videoçarx nümayiş
etdirilib.
Tədbirdə edilən çıxışlarda dünya miqyasında bərpa olunan
enerjiyə artan tələbat və ekoloji məsələlərə həssas yanaşmanın daha
da yüksəlməsi fonunda Azərbaycanın strateji hədəflərindən, bu
istiqamətdə ölkəmizin atdığı addımlardan bəhs olunub.
<!—->
<!––>
SOCAR-ın strateji hədəfləri çərçivəsində bərpa olunan enerji
sahəsində reallaşdırılan və nəzərdə tutulan layihələr barədə
məlumat verilib, bu xüsusda, “yaşıl istiqrazlar”ın SOCAR-ın
dayanıqlı inkişaf hədəflərinə uyğun şəkildə daxili kapital
bazarlarına qazandırdığı yenilik və səmərəlilik xüsusilə
vurğulanıb.
Bununla yanaşı, 2016-cı ildən buraxılmağa başlanan SOCAR
İstiqrazlarının yerli kapital bazarlarında formalaşdırdığı müsbət
dinamika, investorların uzunmüddətli inam və marağının qazanılması,
eləcə də bu istiqrazların son illər ərzində yaratdığı iqtisadi
dəyər xüsusi qeyd edilib. SOCAR-ın “yaşıl istiqraz”larının bazara
çıxarılmasının ekoloji cəhətdən daha dayanıqlı investisiya
alətlərinin genişlənməsi baxımından strateji əhəmiyyət kəsb etdiyi
və yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirildiyi diqqətə
çatdırılıb.
Tədbirdə rəmzi “açılış zəngi”nin çalınması ilə SOCAR-ın “yaşıl
istiqraz”larının BFB-də təkrar bazar əməliyyatlarına start
verilib.
Daha sonra rəmzi istiqraz vərəqəsi imzalanıb və xatirə şəkili
çəkdirilib.
SOCAR-ın “yaşıl istiqraz”ları kapital bazarlarında şirkətin
strateji mövqeyini daha da möhkəmləndirməklə bərabər, SOCAR-ın
ekoloji dəyərlərə sadiqliyini və dayanıqlı inkişaf prioritetlərini
də özündə əks etdirir.