Avqustun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanında İctimai Şuranın üzvləri İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün təşkil edilən müsahibədə müşahidəçi qismində iştirak ediblər.

Şura üzvlərindən Nüşabə Məmmədova, Çingiz Bayramov, Rauf Zeyni əvvəlcə müsahibələrin keçirildiyi Azərbaycan İlahiyyat İnstitutunda namizədlər üçün yaradılmış şəraitlə tanış olublar. Ardınca müsahibə prosesini izləyən ictimaiyyət nümayəndələri Müsahibə Komissiyasının üzvləri tərəfindən namizədlərə verilən sualların “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması və attestasiyası üzrə proqram”a uyğunluğunu müəyyən etməklə yanaşı, namizədlərin hazırlıq səviyyəsi ilə də tanış olmaq imkanı əldə ediblər.

Müşahidənin sonunda fikirlərini bölüşən DQİDK yanında İctimai Şuranın üzvləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsahibənin şəffaf təşkilinə və reqlamentə uyğunluğuna görə məmnunluqlarını bildiriblər. Vurğulayıblar ki, Komissiya üzvləri tərəfindən namizədlərə proqrama uyğun olaraq, dini sahəylə yanaşı Azərbaycan Respublikası Konstitusiyası və dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktları barədə sualların verilməsi gələcəkdə dövlət-din münasibətlərinin tənzimlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 

Baxış sayı: 1006
Paylaş: