Ermənistanın “1in TV” internet kanalı Sünik vilayətinin (Zəngəzur) Bayandur kəndində yaşayan ermənilərlə bağlı reportaj hazırlayıb.
 
Ötən həftə sərhəddə baş vermiş silahlı toqquşmalardan sonra təşvişə düşən ermənilər yerli qurumlar tərəfindən onlara diqqət göstərilmədiyini bildiriblər.
 
Onlar bölgədə qaz və elektrik təchizatında problemlərin olduğunu, çətin durumla üzləşdiklərini söyləyiblər. Bununla belə erməni sakinlər Zəngəzuru tərk etmək istəmədiklərini vurğulayıblar.
 
“Sərhəddə yenidən gərginlik yaransa da kəndi əsla tərk etməyəcəyik”, - ermənilərdən biri deyib.
 
Jurnalistin suallarını cavablandıran sakinlər onsuz da getməyə yerlərinin olmadığını qeyd ediblər. Onlar düşünür ki, İrəvana köçmək mənasızdır.
 
Bundan əlavə, hökumətin sərhəd bölgələrdə yaşayan vətəndaşlara laqeyd münasibət bəslədiyi, təhlükəsizlik tədbirlərinin lazımınca görülmədiyi diqqətə çatdırılıb.
 
Bəzi sakinlər silahla təminat və sığınacaqların yaradılmamasından şikayətləniblər. Bununla belə, onlar tezliklə sülhün əldə olunmasını istədiklərini deyiblər.
 
“Ermənistan hökuməti sərhəd bölgələrdə yerləşən kəndlərdən bixəbərdir. Bura heç kim yardım göndərmir, gərginlik və ehtiyac içində yaşayırıq”, -deyə ermənilər İrəvan hakimiyyətinə etiraz ediblər.
 
Baxış sayı: 286
Paylaş: