“Qarşıdan gələn avtomobil əks istiqamətə çıxdı, saatda 130-140 km sürətlə üstümüzə sürdü”.
 
Bu barədə “Report”a açıqlamasında Yevlaxda avtomobil qəzasında xəsarət alan futbol hakimi Rövşən Rəcəbov deyib.
 
I Divizionda “Mingəçevir” və “Qaradağ Lökbatan” (0:2) komandaları arasında keçirilən XIV tur oyununun baş hakimi olan Rəcəbov Bakıya qayıdarkən yaşanan hadisə zamanı yalnız avtomobilin sürücüsü Ceyhun Haşımovun ciddi xəsarət aldığını söyləyib:
 
“Bizim olduğumuz nəqliyyat vasitəsində başqa heç kimin səhhətində problem olmadı. Avtomobili Ceyhun müəllim idarə edirdi. Öz yolumuzla normal sürətdə gedirdik. Stansiya Mingəçevir yaxınlığında qarşıdan gələn maşın bizim yolumuza çıxdı. Ceyhun müəllim nə qədər çalışsa da, avtomobili qəzadan yayındıra bilmədi, o da gəlib bizi vurdu”.
 
Qeyd edək ki, dekabrın 10-da baş verən hadisə zamanı “Mingəçevir”-“Qaradağ Lökbatan” görüşünə təyinat alan Ceyhun Haşımov, Elmin Süleymanov, Rövşən Rəcəbov, Asif Abdullayev və Rəsul Babayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Həmin qarşılaşmada Rövşən Rəcəbov baş hakim, Elmin Süleymanov və Asif Abdullayev yan xətt hakimləri, Rəsul Babayev dördüncü hakim, Ceyhun Haşımov isə hakim-inspektor olub.
Baxış sayı: 682
Paylaş: