"Yanvarın 1-dən Vergi Məcəlləsində yeni dəyişikliklər qüvvəyə mindi. Dəyişikliklərdən biri də ƏDV-ni geri al qaydaları ilə bağlıdır".
 
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu aydan etibarən plastik kartdan istifadə edərək alış-veriş edən vətəndaşlarımız üçün ƏDV-nin 15.0 deyil, 17.5 faizi geri qaytarılacaq:
 
"Eyni zamanda, nağd şəkildə ödəniş edənlər ƏDV-nin 10.0 deyil, 5.0 faizini geri ala biləcəklər. İşğaldan azad olunan ərazilərimizdə nağdsız ödəniş edən vətəndaşlarımız üçün isə ƏDV-nin 30.0 faizi geri qaytarılacaq. Bütövlükdə, Qarabağ və Şərqi Zəngəzurda yanvarın 1-dən etibarın 10 illik geniş miqyaslı güzəştlərin tətbiqinə start verildi. Bu isə o deməkdir ki, plastik kartdan istifadə edərək ödəniş edən vətəndaşlarımıza bu ildən etibarən daha çox vəsait geri qaytarılacaq. Bu baxımdan, nağdlı deyil, nağdsız ödəniş daha məqsədəuyğun və eləcə də iqtisadiyyatın leqallaşması baxımından çox vacibdir. ƏDV-ni geri al mexanizmində əsas məqsəd də məhz vətəndaşlarda plastik kartlardan istifadə vərdişlərinin genişləndirilməsi və institutsional olaraq nağdlı hesablaşmaların minimumlaşdırılmasıdır. Bu, iqtisadiyyatın ağardılması və islahatların dərinləşdirilməsi baxımından vacib idi. Vergi Məcəlləsinə edilən dəyişikliklər stimullaşdırıcı xarakter daşıyır və real sektorun bu imkanlardan faydalanmasına imkan yaradacaq".
 
Baxış sayı: 700
Paylaş: