«Koroğlu» operası musiqi və opera sənətinin mükəmməl bir abidəsidir ki, nəsillər boyu yaşayacaqdır».
                                      Səməd Vurğun
 
30 aprel 1937-ci ildə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “KOROĞLU" OPERASININ İLK TAMAŞASI oldu. 
"Koroğlu"nun ilk tamaşası bütün mədəniyyətimiz tarixində bayram oldu. Bu opera Azərbaycan dühasının yaratdığı, heç yerdə bənzəri, təkrarı olmayan bir əsər idi.
 
1937-ci il 30 aprel. Bakı. M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı.
Dahi bəstəkar Ü.Hacıbəyovun «Koroğlu» operasının premyerası gedir. Tamaşaçılar intizar içindədir… Pərdə yavaş-yavaş açılır. Hamını valeh edən, ürəkləri ovsunlayan, qəlbləri riqqətə gətirən musiqi sədaları altında səhnə mənzərələri canlanır…
 
Çənlibel. Qırat kişnəyib şahə qalxır, dağ cüssəli Koroğlu nərə çəkir. Misri qılınc parlayır. Xalqı soyub, talan edənlərə qarşı qeyrət döyüşü başlayır.
Koroğlu əlində saz düşmənə meydan oxuyur…
 
O gün «Koroğlu» operası həyata belə qədəm qoydu.
Bu əsərin səhnəyə qoyulmasında Azərbaycanın tanınmış incəsənət xadimləri fədakarlıq göstəriblər. İstedadlı rəssam Rüstəm Mustafayev, rejissor İsmayıl Hidayətzadə, baletmeyster İqor Arbatov, o cümlədən baş rolun ifaçısı Bülbül, balerina Qəmər Almaszadə və başqaları operanın ərsəyə gəlməsinə böyük əmək sərf ediblər.
70 ildən çoxdur ki, “Koroğlu” operası Azərbaycan Dövlət Opera və Balet Teatrının repertuarından düşmür.
Ü.Hacıbəyovun uzun illərdən bəri topladığı yaradıcılıq təcrübələri, dünya musiqi mədəniyyətini dərindən əxz etməsi və böyük çılğın istedadı həmin gün yeni bir qüdrətlə səsləndi.
Operanın mürəkkəb və zəngin simfonik quruluşu, milli musiqi alətlərimizlə Avropa musiqi alətlərinin həmahəng bir dildə danışması, mahir ustalıqla yazılan vokal partiyaların emosional təsiri, qəhrəmanlıq səhnələrini ifadə edən mürəkkəb və həyəcanlı musiqi nömrələri, xorun əzəmətli çıxışları və bütün bunların vahid ahəngi Üzeyir sənətinin ecazkar qüdrətini bir daha nümayiş etdirirdi.
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 493
Paylaş: