Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, qüdrətli qələm sahibi nasir, dramaturq - İSİ MƏLİKZADƏ
 
Jurnalist Hidayət Elvüsal: 
"Dünyaya çıxarıla biləcək qələm sahibi.
Onun " Quyu" su hələ də sirrlərlə doludur. " Qatarda" gedənlər hələ də mənzil başına çatmayıblar..."
 
Çağdaş Azərbaycan ədəbiyyatında onun zəngin,  orijinal yaradıcılığı özünəməxsus yer tutur. Sənətkarın böyük ustalıqla qələmə aldığı, milli dəyərlərə söykənən, müasir insanın iç dünyasını, əxlaqını, dünyagörüşünü, həyat tərzini inandırıcı cizgilərlə əks etdirən hekayə, roman və povestləri, ssenariləri, filmlərə köçürülmüş, səhnələşdirilmiş əsərləri həm sovet dönəmində, həm də müstəqillik illərində ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb, yüksək dəyərləndirilib. Yüksək bədii dəyəri, ideya əhəmiyyəti ilə seçilən həmin əsərlərə oxucular tərəfindən daim xüsusi önəm verilir, sevilə-sevilə müraciət olunur. 
İsi Mə­lik­za­də­nin ilk ki­ta­bı olan «Həs­rə­tin so­nu» 1964-cü il­də, so­nun­cu − onun­cu ki­ta­bı «Do­la­şa­la­rın nov­ruz bay­ra­mı» ki­ta­bı isə 1992-ci il­də çıx­mış­dır. Təx­mi­nən otuz il ər­zin­də yazıçı­nın on ki­ta­bı çıx­mış­ və on­la­rın ara­sın­da 3-4 il ara ol­muş­dur. 
 
«Köv­rək qa­nad­lar» (Gənc­lik, 1973), «Kü­çə­lə­rə su səp­mi­şəm» (Gənc­lik, 1977), «Ya­şıl ge­cə» (Yazıçı, 1979), «Gü­nəş­li pa­yız» (Yazıçı, 1982), «Də­də pa­lıd» (Yazıçı, 1984), «Gümüş­göl əf­sa­nə­si» (Yazıçı, 1987), «Şeh­li çə­mən­lə­rin işığı» (Yazıçı, 1991), «Do­la­şala­rın nov­ruz bay­ra­mı» (Gənc­lik, 1992). Bu ki­tab­lar­da bir sıra po­vest­lə­rin tək­rar çap edil­di­yi­ni nə­zə­rə al­saq, eti­raf et­mə­li­yik ki, yazıçı­nın ən məh­sul­dar döv­rü 70-ci il­lər olmuşdur.
 
QISA ARAYIŞ:
İsi Abbas oğlu Məlikzadə 1934-cü il  may ayının 1-də Üzeyir Hacıbəyli, Həmidə xanım Cavanşir, Mütəllim Mütəllimov, Zülfü Adıgözəlov, Yaqub Məmmədov və başqa parlaq şəxsiyyətlərin dünyaya göz açdıqları qədim Ağcabədi torpağında doğulub. Onun atası Abbas Məlikov sadə bərbər peşəsi ilə məşğul olsa da, dövrünün ziyalı, müdrik, xeyirxah şəxslərindən sayılıb. Qarabağda, ətraf bölgələrdə Dəllək Abbas adı ilə məşhur olan bu el ağsaqqalı öz şəxsi mütaliəsi hesabına dərin biliyə yiyələnib. O, hazırcavablığı, zarafatları, məzəli söhbətləri ilə də əhali arasında böyük hörmət və nüfuz qazanıb. Abbas kişinin müdrik kəlamları, şux zarafatları, məzəli söhbətləri bu gün də Ağcabədi camaatı arasında zərb-məsəl, atalar sözü, lətifələr kimi dolaşır. Abbas əmi həyat yoldaşı Zəriş xala ilə birgə 7 qız, 1 oğul böyüdüb, boya-başa çatdırıb. Onların yeganə oğlu olan görkəmli yazıçı və ictimai xadim İsi Məlikzadə uşaqların sayca beşincisidir. 
İ.Məlikzadə 1952-ci ildə Ağcabədi şəhər orta məktəbini bitirib. O, lap kiçik yaşlarından məktəbdə bilik və bacarığı ilə yaşıdlarından fərqlənib. Dərslərini yaxşı oxumaqla yanaşı, məktəbin ictimai işlərində, dram dərnəklərində fəal iştirak edib. Elə ona görə də müəllimlərin və şagirdlərin sevimlisinə çevrilib. Deyilənə görə, ailənin tək oğlu olduğuna üçün, İsi ərköyün uşaq olub, hamı tərəfindən əzizlənib. Odur ki, heç kim onun xətrinə dəyməyib. Orta təhsilini əla qiymətlərlə başa çatdıran istedadlı gənc Bakı şəhərinə gedərək, ali məktəbə qəbul olmaq qərarına gəlib. Abbas kişi oğlunun bu qərarı ilə razılaşmalı olub. Qəbul imtahanları uğurlu alınıb. İsi keçmiş Azərbaycan Sənaye İnstitutunun neft-kimya fakültəsinə daxil olub. Beləliklə, o, qaynar paytaxt həyatına qovuşub. Burada sevdiyi Lətifə adlı bakılı xanımla ailə qurması bu bağlılığı daha da artırıb. O, 1957-ci ildə ali təhsilini başa vuraraq, Bakıda qalıb, işə düzəlib. Bir müddət istehsalatda sıravi işlərdə, sonralar isə mühəndis kimi fəaliyyət göstərib. Həmin dövrdə qələmə aldığı maraqlı kiçik hekayələr gənc mühəndisi bədii yaradıcılığa sövq edib. Bu sahədə qazandığı ilk uğurlar onu ədəbiyyat aləmi ilə yaxından bağlayıb. Gənc yazarın qələmə aldığı əsərlər, nəşr etdirdiyi kitablar ədəbi mühitdə geniş rezonans doğurub. 
 
Sənətkarın yaradıcılığının ən məhsuldar dövrü 1970-1990-cı illərə təsadüf edir. Həmin dövrdə əsərləri dünya dillərinə tərcümə olunub, teatrlarda tamaşaya qoyulub, haqqında mətbuatda sanballı məqalələr dərc edilib. Ədəbi aləmdə öz sözü, yeri olan yazıçı keçmiş SSRİ məkanında, onun hüdudlarından kənarda məşhur sənətkar kimi tanınıb, sayılıb-seçilib. O, bununla bərabər, "Ulduz", "Azərbaycan" jurnalı redaksiyalarında, "Mozalan" satirik kinojurnalında, Azərbaycan Dövlət Nəşriyyatında, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında məsul vəzifələrdə çalışıb. Nüfuzlu qələm sahibi 1990-1994-cü illərdə respublika Mədəniyyət Fondu Qarabağ filialının sədri vəzifəsində işləyib. Həmin vaxtlar o, bir müddət Ağcabədidə yaşayıb. Yazıçı 1994-cü ildən ömrünün sonuna kimi "Azərbaycan" jurnalında fəaliyyətini davam etdirib.
İsi Məlikzadə gənc yaşlarında mühəndislik ixtisasına dərindən bələd olan mütəxəssis kimi də diqqəti çəkib. Ancaq o, həmişə bədii yaradıcılıq fəaliyyətinə üstünlük verib. Odur ki, bu məsələ bir müddət müzakirə mövzusuna çevrilib. 
Müsahibələrinin birində o, verdiyi tutarlı cavabla bu mübahisəyə birdəfəlik son qoyub. Müxbirin "Yəqin ki, ədəbiyyata təsadüfən gəlmisiniz" sualının müqabilində yazıçı: "Xeyr, mühəndisliyə təsadüfən gəlmişəm" deyib. Sonralar həyat sənətkarın söylədiyi sözlərin doğruluğunu təsdiq edib.
İsi Məlikzadə qayğıkeş ailə başçısı, fədakar həyat yoldaşı kimi də tanınıb. Lətifə xanımla izdivacdan onların bir oğul, iki qız ovladı dünyaya gəlib. Oğlu Saleh keçmiş Xalq Təsərrüfatı İnstitutunu bitirib. Bakıda müxtəlif işlərdə çalışıb və 2003-cü ildə dünyasını dəyişib. Qızları, Xatirə Məmmədli Bakıda, Arzu Məlikzadə isə Sumqayıtda orta məktəb müəllimi işləyirlər. Ədib həmişə istedadlı şair və yazıçılara, xüsusilə gənc yazarlara qayğı ilə yanaşıb, onların əsərlərinin mətbuatda dərc edilməsinə yaxından köməklik göstərib.
 
İ.Məlikzadə torpağa, bütün ömrü boyu el-obaya möhkəm tellərlə bağlı bir insan olub. O, tez-tez ürəkdən sevdiyi doğma Ağcabədiyə gəlib, ata-anasına, qohumlarına, dostlarına baş çəkib, xeyir-şər məclislərində iştirak edib. Bəlkə, elə bu səbəbdən də onun əsərlərinin əksəriyyətinin mövzusu Ağcabədi həyatından götürülüb. Bu əsərlərin əsas qəhrəmanları müəllifin rastlaşdığı, yaxından tanıdığı ağcabədililərdir. Ona görə də, qələmə alınan bu cür bədii nümunələrdəki əhvalatlar, obrazlar daha canlı, təbii təsir bağışlayır.
 
Kaş ki, bu günləri görəydi!...
Müstəqillik dönəmində xalqımızın başına gətirilmiş müsibətlər, amansız erməni təcavüzü İ.Məlikzadənin həyatında da təsirsiz ötüşməyib. Torpaqlarımızın, xüsusən Qarabağın işğalı onu daxilən sarsıdıb. Yazıçı bununla heç vaxt barışmayıb. Vətənini canından əziz tutan, ölkəmizin məşhur elm və sənət xadimləri Xudu Məmmədov, Fərman Kərimzadə, Hamlet Xanızadə və digərləri kimi onun da qəlbi Qarabağ itkisinə dözməyib....
 
Vətənpərvər insan, fədakar yazıçı 5 dekabr 1995-ci ildə 61 yaşında, müdriklik dönəminin astanasında ikən ürək tutmasından vəfat edib. Özünün vəsiyyətinə əsasən yazıçı ata-baba yurdunda, Ağcabədi şəhərindəki Xəlfərəddin qəbiristanlığında torpağa tapşırılıb. Həyat yoldaşı Lətifə xanım və oğlu Saleh də orada dəfn olunublar. Yaşadığı küçəyə yazıçının adı verilib. Həmin küçənin başlanğıcında, onun doğulub-yaşadığı evin yaxınlığında xatirə lövhəsi var.
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 556
Paylaş: