"İnsan ömrü boyu gördüyü işlərlə, əməllərlə öz şəxsi tablosunu yaradır” - Bu sözlərin müəllifi, Azərbaycanın Əməkdar jurnalisti SONA BAĞIROVAnın doğum günüdür. 
 
Yaşasaydı 92 yaşı tamam olacaqdı...
 
Gənc jurnalistlərin yaradıcılıq yolunda işıq olan Sona Bağırova! 
 
Ehtiramla, hörmətlə, sevərək xatırlayaq.
Ruhu şad olsun.
 
İstedadlı qələm sahibi, görkəmli yazıçı, ustad jurnalist, Əməkdar Mədəniyyət işçisi Cəmil Əlibəyov: "Bizim bircə Sonamız vardı. O, bu qədr-qiyməti, pak imanı, dupduru halallığı, tərtəmiz abır-isməti, kimsənin imdadına çatmaq üçün xeyirxahlığa tələsməsi, uğur və sevinclərini hamı ilə bölüşmək məcazı, şücaəti, xas polad təki qeyrəti ilə qazanıb. Üstəlik də istedadı, qələm səmimiliyi ilə!”... - Nə qədər gözəl dəyər!
 
Durna qatarının yeganə Sonası - Əməkdar jurnalist Flora Xəlilzadə: 
"Biz nəsil jurnalistlərin həyatında və yaradıcılığında rolu olan elə xanım qələm sahibləri vardı ki, onları həmişə durna qatarına bənzədərdim. Firuzə Nağıyeva, Məryəm Həsənzadə, Sona Bağırova, Tamara Əliyeva, Svetlana Nəcəfova, Tükəzban Əsədova, Pirxanım Qasımova, Mailə Muradxanlı... Xalidə Hasilova da bu qatarın öncülü sayılardı. Hərdən ötənlərə boylananda onların necə fədakar, zəhmətkeş, əzabkeş olduqlarını anladıqca heyrətə gəlirəm. Nə qədər iradəli, daxilən böyük və qüdrətli olasan ki, həm fiziki, həm də mənəvi çətinlikləri dəf edə biləsən. Jurnalistikamızın, eləcə də o füsunkar durna qatarının yeganə Sonası...
 
Çox arzulayıram ki, şəxsiyyəti, yaradıcılığı ilə örnək olan bu xanım qələm sahibindən gənclər nümunə götürsünlər, ən başlıcası onu yaxından tanısınlar..."
 
Qısa arayış:
Onu yaxından tanıyanlar dəfələrlə qeyd ediblər ki, Sona Bağırova azərbaycanlı xanım adını ləyaqətlə daşıyaraq, jurnalist peşəsinin əsl vurğunu idi. Azərbaycan mətbuatının fədakar jurnalistlərindən biri olan Sona Bəhrəli qızı Bağırova indiki gənc jurnalistlərə örnək olacaq mənalı həyat yolu keçib. O, 1929-cu il may ayının 1-də Bakının Bülbülə qəsəbəsində doğulub.Onun uşaqlıq illəri isə Böyük Vətən müharibəsi dövrünə təsadüf edib. Sona Bağırova 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə daxil olur. Tələbəlik illərində tanınmış elm korifeyləri olan müəllimlərdən – Mir Cəlal Paşayevdən, Məmməd Cəfərdən, Feyzulla Qasımzadədən, Həsən Şahgəldiyevdən, İsrafil Nəzərlidən, İsmayıl Əlizadədən, Məmmədhüseyn Təhmasibdən dərs alır. Jurnalist peşəsinə ilk addımı “Kommunist” qəzetindən başlayır. “Kommunist” qəzetində ilk dəfə nəşr olunan yazısına görə qocaman jurnalist Qulam Məmmədlidən də xeyir-dua alır. 
 
Beləcə, Sona Bağırova sevdiyi peşəsinə - jurnalistikaya ilk qədəmlərini qoyur.1952-ci ildən taleyini “Azərbaycan gəncləri” qəzetinə möhkəm bağlayaraq, milyonlarla oxucunn rəğbətini qazanır. 
Həyatının 40 ilini «Azərbaycan gəncləri» qəzeti ilə bağlayan Sona Bağırova burada ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışmışdır.  
O, ötən əsrin 90-cı illərində "Açıq söz", "Bakı post", "Nəbz" qəzetlərinin əməkdaşı olmuşdur. 
 
Jurnalist Camal Qaryağdı: "Sona Bağırova düzlük təbəssümüdür..."
 
Sona Bağırovanın yazdığı məgalələr əsasən gənc nəslin təlim-tərbiyəsinə , xalqı narahat edən problemlərə, gənclərin vətənpərvərlik tərbiyəsinə,  torpağa, Vətənə məhəbbətə həsr olunmuşdur. 
Sona Bağırova Vətənin odlu-alovlu dövründə Qarabağ torpağını garış-garış gəzib, jurnalist borcunu, ilk novbədə isə öz vətəndaşlığ borcunu ləyaqətlə yerinə yetirmişdir. 
 
O, mənfur qonşularımız tərəfindən torpağlarımızın, gözəl Qarabağımızın  zəbt olınmasını özünə dərd etmişdi. O, bir Azərbaycan ziyalısı, vətəndaşı kimi torpaqlarımızın düşmən tapdağından azad olunması üçün çıxış yolunu güclü nizami ordunun yaranmasında görürdü. Sona xanımın "Ordu nə vaxt yaradılacaq?", "Oğullarımızı gırırlar, bəs biz nəyi və kimi gözləyirik?", "Dar günün ömrü" və başqa məqalələri respublikaya səs salmiş, xalqı ayağa qaldırmışdır.
 
Moskvada "Krasnaya zvezda" qazetində dərc olunan məqalədə yazılmışdı: "Jurnalist Sona Bağirovanın məgalələrini oxuduqdan sonra Rusiyada xidmət edən Azərbaycanlı əsgərlər və zabitlər hərbi hissələrdən yayınarag Qarabağa döyüşə gedirlər..."
 
 
O daim odlu-alovlu nöqtələrə, cəbhə bölgələrinə, bir də elindən-obasından didərgin düşmüş insanların yanına can atır, onlarla dərdlərini bölüşürdü. 
Ömrünün 60-cı illərində Sona xanımın sorağı Şuşadan, Xankəndindən, Laçından, Qubadlıdan, Zəngilandan... gəlirdi. Həmin dovrdə onun respublika mətbuatında dərc olunan onlarla siyasi-publisistik yazıları boyük əks-sədaya səbəb olmuşdu. 
 
Doyüş bölgələrinə tez-tez ezamiyyətə getmək onun kişi geyrətindən irəli gəlirdi. Bu yazıları ilə o, şanlı-şərəfli tarixi olan "Azərbaycan gəncləri" qəzetinin salnaməsinə, Azərbaycan qadınının əxlaqi-tərbiyəsinə yeni, unudulmaz səhifələr yazırdı. Onu da qeyd etmək yerinə düşər ki, həmin illərdə 20-dən çox yaradıcı işçisi olan "Azərbaycan gəncləri" qəzeti redaksiyasında Sona xanım yeganə qadın müxbiri idi. 
 
Hacı Sona imanlı qadın idi...
 
Sona xanım Həcc ziyarətinə gəlbinin hokmiyle getmişdi. Onun Məkkədən gayıdandan sonra dərc olunmuş müxtəlif səpkili məqalələri çox maragla qarşılanırdı. İran İslam Respublikasına səyahətindən sonra yazdığı silsilə yazilar da oxucuların böyuk marağına səbəb olmuşdu. 
 
Hələ sağlığında istedadlı publisist olmaqla bərabər, hamıya arxa və dayaq olmağa da çalışıb. Gördüyü nəcib, xeyirxah işlərin isə sayı-hesabı yoxdur.
 
Jurnalistika sahəsində böyük məktəb yaradan Sona Bagırova Azərbaycan Qadınlar Cəmiyyətinin də fəal üzvü olmuşdur.
 
Son dərəcə fədakar, vətəninə, yurduna bağlı olan Sona Bağırova gözəl jurnalist olduğu qədər də gözəl ana idi.  O gərgin iş günündən sonra uç övladının - Sevinc, Sevda və Tamillanın qayğısını cəkməyə özündə güc və vaxt  tapa bilirdi.
 
Sona xanım Azərbaycanımızı, xalqını böyuk məhəbbətlə sevir, ona xidmət etməyi özü üçün şərəf, fəxr hesab edirdi. Həyatın son illərində, səhhəti imkan verməsə də qələmini yerə qoymadı,  
yazdı-yaratdı. 
 
Sona xanım Bağırova 2001-ci il mayın 10-da, ömrünün 72-ci zirvəsində dünyasını dəyişmişdir. 
 
Xatirələrdən:
Jurnalist Hidayət Elvüsal:
"Azərbaycan gəncləri"ndə iş yoldaşı olmuşuq. Prinsipial, bacarıqlı jurnalist idi. Təbiətcə.sakit olsa da, qaıdırdığı məsələlərdə üsyan edirdi..."
Nur içində yatsın.
 
Jurnalist İlqar Həsənov: 
"Sona Bağırova həm gözəl jurnalist, həm də çox səmimi, mehriban insan idi. Biz  gənclərə xüsusi diqqət göstərirdi. O həm də hamının uğuruna sevinən bir ana idi. Allah rəhmət eləsin!"
 
Bəstəkar-jurnalist Rauf Məmmədov:
"Sona xanımla, "Azerbaycan gəncləri" qəzetində bir yerdə işləmişik. Həmişə  bir-birimizə qarşı hörmətimiz olub."
 
Son söz yerinə:
Ömrünün 40 ilini “Azərbaycan gəncləri” qəzetində, ötən əsrin 90-cı illərində isə “Açıq söz”, “Bakı post”, “Nəbz” qəzetlərində çalışan Sona Bağırova mətbuatımızın keşiyində təmiz əqidəsi və iti qələmi ilə məğrur dayanıb. 
 
Sona Bağırova media sahəsindəki fəaliyyətinə görə çoxsaylı mükafatlarla təltif olunmuşdur. 1991-ci il iyulun 22-də mətbuat sahəsindəki xidmətlərinə görə Əməkdar jurnalist fəxri adına layiq görülmüşdür.  O, "Qızıl qələm”, Həsən bəy Zərdabi adına mükafatlar laureatı idi. "Azərbaycanın Əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdü.
2002-ci ildə «Elm və həyat» nəşriyyatında Sona Bağırovanın «Pozulmaz izlər» adlı kitabı çapdan çıxmışdır.
 
Nə yaxşı ki, onu tanıyanların arasında mən də olmuşam!...
 
Sona Bəhrəli qızı Bağırovanın əziz xatirəsi unudulmayacaq, peşəkar jurnalist, gözəl ana, fədakar Azərbaycan xanımı kimi hər zaman xatirələrdə, ürəklərdə yaşayacaqdır.
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
Baxış sayı: 628
Paylaş: