ŞƏHİDLƏRİMİZİ TANIYAQ
 
 
İkinci Qarabağ müharibəsinin – başqa sözlə, Azərbaycan Böyük Vətən Müharibəsinin ilk hərbçi xanım şəhidimiz, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi feldşeri Arəstə Baxışovanın doğum günüdür.
 
Unutmayaq.
 
Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub. 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb.  2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" ixtisası üzrə təhsil alıb. Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qalıb.
 
Onun atası — baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb.  Arəstənin 4 yaşı olanda vəfat edib.
Arəstə Baxışovanın 2 qardaşı olub.
 
Hərbçi olmaq çoxdankı arzusu idi.  
Arəstə Baxışova 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edirdi.
 
Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındaca tibbi yardım göstərib. 
 
Arəstə Baxışova yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhid olub. Əsl hərbçi, əsl şəfqət bacısı, qadın qüdsiyyəti, Azərbaycan xanımı xeyirxahlığı ilə onun özü şəhadət şərbəti içib... 
 
Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub.
 
O, Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasınln Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.  
 
... O, Çernobıl faciəsinin qarşısının alınmasında iştirak etmiş veteran atanın övladıydı. 
Yetimçiliklə  böyümüşdü ... 
Sonra özü valideyn oldu. 
İndi iki gül balası bizlərə əmanətdir...
 
Şəhidin anası Məktubə Baxışova qızının cəbhəyə könüllü olaraq getdiyini bildirdi. Onsuz da könlümüzdə taxt qurmuş, ruhuna əbədi ehtiramımız olan uca könüllü Arəstə bu könüllülüyü ilə daha yeni ucalıq mərtəbəsi qazandı...
 
Dedi ki, “Ana, mən müharibəyə getmək istəyirəm, uşaqlar sənə əmanət. Hərənin bir qisməti var, əgər Vətən uğrunda şəhid olacağamsa, bu mənim başımın ucalığı olacaq”...
 
Xanım şəhidimizin 11 yaşlı qızı Zəhra anası ilə qürur duyduğunu deyir. 
“Anam mənimlə fəxr edirdi, mən də indi anamla fəxr edirəm; fəxr edirəm ki, Vətən uğrunda şəhid olub”...
 
Arəstə xanımın 12 yaşlı oğlu Mərdan isə əziz anası ilə son telefon danışıqlarını heç unutmur:
 
“Hər dəfə zəng edərdi, soruşardı. Bir gün ard-arda zəng etdim, cavab vermədi. Xeyli sonra telefonu açdı, səsi bir təhər gəlirdi. Düşündüm ki, bəlkə xəstələnmiş olar – dedi, yox, yaxşıyam, problem yoxdur. Sonra dedi, bacına yaxşı bax; nənənin sözündən çıxmayın, dərslərinizi vaxtlı-vaxtında oxuyun”.
 
Rahat yat, əziz bacım!
Ruhun şad, məkanın cənnət olsun!
İlahi yolçuluğun mübarək!
 
İllər ötəcək, Arəstə Baxışova unudulmayacaq, İkinci Qarabağ müharibəsinin ilk hərbçi qadın şəhidi kimi ömür-ömür xatırlanacaq...
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 511
Paylaş: