Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qocanı itirdik.
 
O, 85 yaşında vəfat etdi.
Allah rəhmət eləsin!.
 
"Bardaş qurub oturmuşam kainatda,
Oturmuşam
milyard işıq ili aşağıda
Allahın ayağı altda" ,- 
 
deyən Azərbaycanının Xalq şairi, Əməkdar İncəsənət xadimi, “Şöhrət” və "İstiqlal"  ordenli Fikrət Qoca dünyasını dəyişdi.  
 
Böyük, kiçik, yaxşı, pis bütün əməllərim yolüstü gördüyüm işlərimdir.
 
 
Evim-avtobuslar, vaqonlar, təyyarələr.
Kəndlər, şəhərlər, səyyarələr-
                           dayanacağım.
Milyon kilometrlərlə ömür yaşamışam.
Kim bilir,
harada dayanacağam... 
 
Dayandı Fikrət Qoca. 
Yenidən yaşamaq, ürəklərdə, könüllərdə əbədilik yuva qurmaq  üçün dayandı.
Amma yeni ömrü, yeni həyatı başladı...
 
Çağdaş ədəbi həyatımızın canlı korifeyi, Azərbaycan ədəbiyyatının qüdrətli söz ustalarından biri Fikrət Qoca XX əsr ədəbi-bədii söz sənətində xüsusi yeri olan, yaradıcılığı ilə şəxsiyyəti üst-üstə düşən görkəmli ədəbi simalardan biridir. 
 
Mən ayaq açıb anamın yanından
             məzarıma kimi gedən bir yolçuyam.
Atamın məsləkinə, anamın laylalarına                    
                                     qarovulçuyam...
 
Geniş fəlsəfi dünyagörüşünə, milli və bəşəri özünüdərkə, kamil sənətkarlıq məziyyətlərinə malik olan şair “Qağayı”, “Hamıya borcluyam”, “Dənizdə ay çiməndə”, “Od gəlini”, “Yatmadığım gecələrdə”, “Günlərin bir günü”, “Gül ömrü”, “İnsan xasiyyəti”, “Ömürdən səhifələr”, “Mavi dünyanın adamları”, “Seçilmiş əsərləri”, “Eldən-elə, dildən-dilə”, “Sükutun səsi” və digər kitabların müəllifidir.
Fikrət Qoca poeziyasında müqəddəs Vətən torpağına sonsuz məhəbbət, onun gələcəyinə olan nigarançılıq, Vətən şəhidlərinin əziz xatirəsinə böyük ehtiram, yurdumuzun əsrarəngiz təbiət gözəllikləri, tarixi şəxsiyyətləri barədə düşüncələr əsasdır, aparıcıdır. 
 
1990-cı il hadisələrindən, Qarabağ müharibəsindən, gənclərin qəhrəmanlığından bəhs edən “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər”, “Rəssam düşünür”, “Taleyin ağır taleyi” əsərlərində həyatın acı, keşməkeşli üzü bədii boyalarla əks olunub.
 
Fikrət Qoca poeziyasının əsas qayəsi vətənpərvərlik, yurdsevərlikdir. Onun şeirlərində vətənə, insana, cəmiyyətə, təbiətə, sonsuz sevgi və məhəbbət tərənnüm olunur. O, öz qələmi ilə xalqa, vətənə, müstəqil dövlətçiliyə xidmət etmişdir. 
 
Fikrət Qocanın Vətənə, çox sevdiyi el-obasına həsr etdiyi şeirlərində də dünya şeirlərində olduğu kimi səmimilik var, Vətənə sonsuz bir məhəbbət var.
 
Vətənin təbiətinə vurğunluq, onun tərənnümü, təbiət gözəllikləri, özünəməxsus cazibədarlığı onun əsərlərində böyük vəcdlə tərənnümünü tapmışdır. Onun vətənlə, Qarabağla, şəhidlərimizlə, yağı tapdağı altda qalan torpaqlarımızla bağlı şeirləri oxucuları zamanında çox düşündürmüşdür. 
 
Bu şeirləri oxuyan zaman sanki yüzlərlə şəhid ailəsinin iztirabını, ağrı-acısını onlarla bölüşüb yaşayırsan. O, xalqının, ümumiyyətlə bəşəriyyətin ağrı-acısını, dərdi-sərini qələmə almışdır.
 
Lirik və nəğməkar şairin yaradıcılığında həyatın hər üzünü görən müdrik bir insanın acılı-şirinli xatirələri geniş yer tutur. Onun dili sadə, axıcı və səmimidir. Şeirlərin ruhuna hopan həzinlik əsas üslub keyfiyyətləri kimi səciyyələnir.
 
 Fikrət Qoca şeirlərində dünya və həyat, insan və ömür yolu haqqında bədii cəhətdən ümumiləşdirilən məna və nəticə qələmə alınıb.
 
Fikrət Qoca poeziyası doğma dilin zənginliyini, milli qürurü, mənəvi özünüdərki, klassik ənənələri özündə ehtiva etmişdir. O, xalqının, vətəninin və bəşəriyyətin taleyüklü məsələlərini əbədi, bədii və poetik dilə gətirməyi  və həlli yolunda ideya kəşf etməyi bacarmışdır. Fikrət Qoca xalqa, vətənə və ədəbiyyata münasibətdə ən səmimi, ən dəyərli, ən fədakar ziyalılardan biridir.
 
Çoxsahəli yaradıcılıq fəaliyyətinə malik olan Fikrət Qoca şair kimi lirikdir. Dərin, psixoloji lirizm onun şairlik dünyasının, şeir-sənət aləminin ən ümdə xassəsi, ən mühüm xüsusiyyətidir. 
Onun lirikası lirik “mən”ini, demək olar ki, bütün cəhətlərdən açıqlayır, arzu, xəyal və istəklərini, fikir, düşüncə və duyğularını, hiss və həyəcanlarını, bütövlükdə əhval-ruhiyyəsini ən münasib formalarda, yeni ruhda əks etdirir. 
 
Fikrət Qoca yeni bir fəlsəfə uydurmaq, yeni bir dünya yaratmaq, yeni bir dil icad etmək, yaxud heç kəsə bəlli olmayan janrda yazmaq iddiasından uzaqdı. Yeni olan onun özünəməxsus tərzi, deyim forması, ifadə vasitəsidir. Dünya qədər qədim mövzuların, həyatın özü kimi köhnə dərdlərin, sevinclərin, ümid və təsəllinin yeni, orijinal şəkildə sözə çevrilməsidi şərt. Hansı vəzndə, hansı formada yazmasından asılı olmayaraq. 
 
Əsasən, sərbəst vəzndə yazan Fikrət Qocanın şeirlərində nəzərə çarpan əsas cəhətlərdən biri çərçivəsizliyidir. Amma bu çərçivəsizliyin də “çərçivəsində” elə bir  zərgər dəqiqliyi var ki... Forma və məzmun vəhdəti, ritm, temp, ahəng, musiqi, sanki şair bunların hamısını yüz ölçüb, bir biçmişdir..
 
Zəngin və bənzərsiz yaradıcılığı olan Fikrət Qoca poeziyası poetik duyğuların poeziyasıdır, güclü poetik duyğu axarları ilə zəngindir, səmimiliyə, təmizliyə, həqiqi mənada milliliyə köklənib. Onun  yaradıcılığı ictimailik, vətənpərvərlik, xəlqilik və vətəndaşlıq keyfiyyətlərinin göstəricisidir.
 
 
Qısa arayış:
 
 Azərbaycan Respublikasınının Xalq şairi Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca) 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir.
 
Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olmuşdur. 
1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 
1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir.
 
Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr etmiş, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazmışdır. 
 
1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var: "Ölüm ayrılıq deyil" (1990), "Hələlik, — qiyamətədək" (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapmışdır.
 
Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və başqalarının əsərlərini doğma dilimizə tərcümə etmişdir. 
Onun əsərləri də bir sıra xarici dillərə tərcümə olunmuşdur.
 
Şeirlərinə musiqi bəstələnmişdir ("Anacan dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s.).
 
Fikrət Qoca gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülmüşdür. Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunmuşdur (1995).
23 may 1998-ci ildə "Azərbaycan Respublikasının Xalq şairi" fəxri adına layiq görülmüş Fikrət Qoca 1 sentyabr 2015-ci ildə  "Şərəf" ordeni,  26 may 2016-cı ildə Azərbaycan Respublikasının Dövlət Mükafatını almışdır.  
24 avqust 2020- ci ildə, anadan olmasının 85 illiyi münasibətilə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca) “İstiqlal” ordeni ilə təltif edilmişdir.
 
Son söz yerinə:
 
Görkəmli şairimiz Rəsul Rza Fikrət Qocadan söz düşəndə demişdir: “F.Qocanın şeirlərində məni sevindirən bu şeirlərin əksəriyyətində olan qüvvətli yenilik hissidir... Onun ən yaxşı şeirlərində mədəni bir şairin, ürəyi sözlə dolu  bir insanın, nəyə isə məhəbbət, nəyə isə nifrət aşılamaq istəyən bir şairin səsini eşidirik”.
 
Hələ barmaqla sayılacaq qədər şeiri işıq üzü görən gənc şair barədə deyilənləri bu gün on cildliyin müəllifi olan 85 yaşlı Fikrət Qoca haqda da olduğu kimi təkrar edirdir. Və heç şübhəsiz ki, illər öncə yazdıqlarının da, lap yaxın vaxtlarda qələmə aldıqlarının da bu gün köhnəlməməsinə səbəb Xalq şairimiz Rəsul Rzanın  söylədiyi “qüvvətli yenilik hissidir”.
 
 
..İllər ötəcək, poeziyamıza təzə-tər yeni nəfəs, yeni şeirlərlə imza atan gənc yazarlar gələcək. Amna həyatın bütün sınaqlarlndan ləyaqətlə keçən Azərbaycan ədəbiyyatının sonuncu magikanlarından biri - Fikrət Qoca Azərbaycan poeziyasının böyük imzası olaraq həmişə ədəbiyyatımızda qalacaq, könüllərdə yaşayacaqdır.
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
Baxış sayı: 664
Paylaş: