O, Azərbaycanın elm tarixində analitik kimya ixtisası üzrə ilk və yeganə akademik kimi qalır...
 
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru, professor, (akademik), "Şöhrət" ordeni laureatı, Əməkdar Elm xadimi Rəfiqə xanım Əliyevanın xatirə günüdür.
 
Hörmətlə xatırlayaq.
 
 
Görkəmli alim, akademik Rəfiqə Əlirza qızı Əliyeva onu tanıyanların yaddaşında əsl Azərbaycan qadını, elm fədaisi və humanist qəlbli insan kimi yaşayır, işıqlı xatirəsi daim ehtiramla anılır.
Humanist ruhlu pedaqoq və alim –  Rəfiqə Əlirza qızı Əliyeva 10 sentyabr 1932-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur.
 
1956-cı ildə Аzərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsində alıb, Əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) kiçik elmi işçi vəzifəsində başlayıb. 
 
 
1960-1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin aspiranturasında təhsil alan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin Analitik kimya kafedrasında işləyib və assistentdən başlayaraq baş müəllim, dosent, professor vəzifəsinə qədər yüksəlib. 1970-ci ildə “Germaniumun bəzi üzvi reagentlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi və onun fotometrik metodla təyini” mövzusunda namizədlik dissertasiyası, 1999-cu ildə isə kimya elmləri doktoru elmi dərəcəsini almaq üçün “d-, f- elementləri və germaniumun tərkibində N-, S-, O- olan liqandlarla müxtəlifliqandlı kompleksləri və analitik tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1999-cu ildə professor elmi adını alıb və analitik kimya kafedrasının professoru vəzifəsində çalışıb. 
 
O, 2001-ci ildən “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmişdir.
2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilib.
 
Elmi fəaliyyəti:
 
 
O, 1970-ci ildə “Germaniumun bəzi üzvi reaktivlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi və onun fotometrik metodla təyini” mövzusunda namizədlik dissertasiyasını,1999-cu ildə “d-,f-elementləri və germaniumun tərkibinə N-,S-,O- olan liqandlarla müxtəlifliqandlı kompleksləri və onların analitik tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
 
Bakı Dövlət Universiteti “ Analitik kimya” kafedrasının professoru olan Rıfiqə Əliyeva 2001-ci ildən təşkil edilmiş “Ekoloji kimya və ətraf mühitin mühafizəsi”elmi-tətqiqat laboratoriyasını rəhbərlik etmişdir. 
 
Bakı Dövlət Universitetinin nəzdindəki 02.00.02, 02.00.03,02.00.04 ixtisasları üzrə Dissertasiya Müdafiə Şurasının sədr müavini, BDU-nun və Kimya fakültəsinin Elmi Şurasının üzvü olmuşdur.
 
Professor R.Əliyeva tərəfindən ilk dəfə olaraq β- diketonlar əsasında azobirləşmələr sintez edilmiş və fotometrik reagent kimi tətbiq edilməsi təklif edilmişdir. Onun rəhbərliyi altında sintez edilmiş üzvi reagentlərdə kvantkimyəvi hesablamalara görə elektron sıxlığı hesablanmış və alınan nəticəyə əsasən bu reagentlərin bir-birinə nəzərən nə dərəcədə analitik effekt verməsi qabaqcadan proqnozlaşdırılmışdır. Professor R.Ə.Əliyeva qarışıqliqandlı kompleks birləşmələrin tədqiqi sahəsində geniş işlər aparmışdır. O ilk dəfə olaraq liqand-liqand qarşılıqlı təsirini müxtəlif fiziki-kimyəvi metadlarla öyrənməklə qarışıqliqandlı kompleks birləşmələrin alınmasında üçüncü komponentin seçilmə prinsipi haqqında müəyyən fikirlər irəli sürmüşdür. O təcrübi faktların analizinə əsasən müəyyən etmişdir ki, qarışıqliqandlı kompleks birləşmələrin alınmasında əgər binar sistemə əlavə edilən üşüncü komponent metala koordinasiya edərsə, onda kompleks birləşmələrin davamlığı artır, bu isə seçiciliyin artmasına səbəb olur. Əgər üçüncü komponent liqandla qarşılıqlı təsirdə olarsa, onda çox vaxt kompleksəmələgəlmə reaksiyalarının həssaslığı artmış olur. Professor R.Ə.Əliyevanın rəhbərliyi altında malein anhidridi və stirolun birgə sopolimeri əsasında sintez edilmiş sorbentdən istifadə etməklə Cu, Cd, Zn, Fe, Ni, Co, U və fenol tipli birləşmələrin qatılaşdırılmasının optimal şəraiti işlənib hazırlanmışdır. Bu sinif sorbentlərdən neftayırma zavodlarından alınan çirkab sularında, axıntı və lay sularında metalların qatılaşdırılması üçün istifadə edilməsi təklif olunmuşdur.
 
Ömrünü kimya elminə həsr etmiş Rəfiqə Əliyeva bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf etmişdir. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan alimin araşdırmaları analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyən edilməsinə həsr olunub. Rəfiqə xanımın ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatları, eyni zamanda, üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodikasının işlənib hazırlanmasına yönəlib. Ekologiyanın aktual problemləri ilə bağlı işləri isə ölkəmizin davamlı inkişafının təmin olunmasına öz töhfəsini verib.
 
450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olan Rəfiqə Əliyeva bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olmuşdur. Alimin rəhbərliyi altında 18 elmlər namizədi və 2 elmlər doktorları yetişdirilib.
 
Akademikin pedaqoji fəaliyyəti də yüksək dəyərləndirilirdi. O, tələbələrin sevimli müəllimi idi. Tələbələrinin hər bir problemi ilə maraqlanar, qabiliyyətli tələbələri elmi işə cəlb edərdi. Rəhbəri olduğu laboratoriyaya yüksək elmi potensiala malik tələbələri toplamışdı.
 
Rəfiqə Əliyeva ABŞ, Fransa, İspaniya, Rusiya, Yaponiya və digər ölkələrdə keçirilən Beynəlxalq simpozium və konfransların iştirakçısı olub. 
 
Müasir Azərbaycan qadın hərəkatının tanınmış simalarından biri olan Rəfiqə xanım Əliyeva Dünya Azərbaycan Qadınları Birliyinin fəxri sədri seçilmişdir.  
 
O öz həyatı və fəaliyyəti ilə sübut etdi ki, qadınlar həm elmlə məşğul ola bilər, həm də sağlam ailə qura və layiqli övladlar yetişdirə bilərlər.
 
Görkəmli alimin rəhbərliyi altında aparılan tədqiqatların nəticələri neft şlamında, neft çıxarılan zaman axıdılan tullantı sularında, dəniz suyunda qatılaşdırılaraq təyini üçün tətbiq edilib.
 
Akademik Rəfiqə Əliyevanın elmi-pedaqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar elm xadimi” adına layiq görülmuş, “Şöhrət” ordeni ilə təltif edilmişdir. Akademik Y.Məmmədəliyev adına mükafatın laureatı olan Rəfiqə Əliyeva Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Amerika Biblioqrafiya İnstitutu tərəfindən “2001-ci ilin adamı” və “2001-ci ilin işgüzar qadını” seçilib. 2003-2004-cü tədris ilində akademik Rəfiqə Əliyeva Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri fərmanı” ilə təltif olunmuşdur. 2005-ci ildə Bakı Dövlət Universitetinin təsis etdiyi “İlin alimi” fəxri adına layiq görülmüşdür. Onun ekologiyaya və ümumi ekologiyaya aid dərs vəsaitləri isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Həsən Əliyev adına mükafatı ilə qiymətləndirilmişdir.
 
O, Dünya Azərbaycan Qadınları Birliyinin Fəxri sədri olmuşdur. 
2018-ci ildə “Azərbaycanım” Beynəlxalq Jurnalının redaksiya şurası “Akademik Rəfiqə Əliyeva adına Qızıl Orden” təsis edib.
 
O, cəmiyyət üçün layiqli övladlar böyüdən ana və qayğıkeş nənə idi. 
Gözəl ana, tanınmış ictimai xadim, pedaqoq, alim və ən əsası, əsl Azərbaycan xanımı – Rəfiqə Əliyevanın həyatı bir çox qadınlara örnəkdir. 
 
 
Rəfiqə Əliyeva böyük rəhbərimiz Heydər Əliyevin bacısı, Əməkdar mühəndis, dövlət xadimi Rafiq Xələfovun həyat yoldaşı, azərbaycanlı rəssam-modelyer, Əməkdar İncəsənət xadimi Fəxriyyə Xələfovanın anasıdır.
 
Rəfiqə Əliyeva 6 may 2017-ci il tarixində vəfat etmiş, I Fəxri xiyabanda dəfn olunmuşdur. 
 
 
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, "Şöhrət" ordeni laureatı, Əməkdar Elm xadimi, akademik Rəfiqə Əlirza qızı Əliyevanın əziz xatirəsi onu tanıyanların, yaxınlarının yaddaşında əsl Azərbaycan qadını, elm fədaisi və humanist qəlbli insan kimi daim yaşayacaq, onun işıqlı xatirəsi illər sonra da ehtiramla yad ediləcəkdir.
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
Baxış sayı: 925
Paylaş: