Şəhidlərimizi Tanıyaq
 
9 May İkinci Qarabağ müharibəsinin igid oğlu Səbuhi Rövşən oğlu Sadıqovun doğum günüdür. 
 
 
O, çiçəkli baharın ən gözəl günlərindən birində, 9 mayda atası ilə eyni gündə doğulmuşdu. Ad günlərini də eyni gündə deyə-gülə qeyd edərdilər. Amma bu gün adı daha ucalarda çəkilən, şəhadətə qovuşmuş  igidimiz doğum gününü cənnətdə qeyd edir...
 
 
Ailənin yeganə oğul övladı olan 24 yaşlı  şəhidimiz nişanlı idi.
Kim bilir, qəlbində nə qədər arzuları, söz-söhbəti getdi?!...
 
Qısa arayış:
 
44 günlük Vətən müharibəsində 37 gün torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına vuruşan Səbuhi Rövşən oğlu Sadıqov 9 may 1996–ci ildə Biləsuvar rayonunda anadan olmuşdur.
Əslən Füzuli rayonundan olan Səbuhi Sadıqov Bakı şəhəri Nərimanov rayonu 73 saylı tam orta məktəbdə təhsil almışdır. Uşaqlıq yaşlarından idmana böyük həvəsi olan Səbuhi Sadıqov kiçik yaşlarından karate, kikboks ilə məşğul olmuş, VIII-IX sinfə kimi yüngül klublararası turnirlərdə iştirak etmişdir. Daha sonra sərbəst güləşlə məşğul olmağa başlayan Səbuhi Sadıqov Azərbaycan Güləş Federasiyasının milli yığmasının üzvü olmuşdur. O, respublika daxilində və beynəlxalq yarışlarda dəfələrlə müxtəlif dərəcələrlə təltif olunmuş, çempion adını qazanmışdır. MMA (Qaydasız doyuş) döyüş növü üzrə professional olaraq məşğul olmuşdur. Ultimax Döyüş Növləri Federasiyasının üzvü, qara kəmər sahibi idi. Hətta özünün yetirmələri də var idi, məşqçilik edirdi.
O, bir çox yarışlarda Azərbaycan Respublikasını təmsil edərək qazandığı naliyyətləri ilə bayrağımızı yüksəklərə qaldırmışdır.
 
Səbuhi Sadıqov 2014-cü ildə Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrdə 1il 6ay xidmət etmişdir. 2015-2017-ci illərdə Ultimax Döyüş Növləri Federasiyasının təşkil etdiyi Bakı çempionatında və 2017-ci ildə Respublika çempionatında qalib olmuşdur. Gürcüstan Respublikasında Dünya Çempionatında professional kəmər uğrunda mübarizə aparmış və qara kəmər qazanmışdır. Bununla yanaşı şəxsi “Comando Fight Klub”unu yaradaraq çoxlu sayda özü kimi idmançılar yetişdirmişdir.
 
Gürcüstan Respublikasında Ultimax döyüş növləri üzrə keçirilən 3-cü Dünya Çempionatında 1 yetirməsi dünya çempionu olmuş, digər 3 yetirməsi isə fərqli dərəcələrlə III yeri qazanmışdır.
 
 
"Dua et ana mən arzuma çatım"
 
28 sentyabr 2020-ci ildə Vətən müharibəsinə könüllü olaraq yollanmışdı. “Vətən dardadır” deyərək ailəsi ilə sağollaşan Səbuhi Sadıqov "dua et ana, mən arzuma çatım" - sözlərini demişdi. 
Səbuhi Sadıqov 2014-cü ildə Azərbaycan Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində 1il 6ay, 28 sentyabr 2020-ci ildə Vətən müharibəsində Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrində kəşfiyyatçı kimi 37 gün xidmət etmişdir. 
 
Səbuhi Sadıqov Füzuli, Xocavənd, Hadrut, Cəbrayıl, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. O, Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. 
 
Səbuhi Sadıqov 2020-ci il noyabr ayının 5-də Füzuli rayonunun Əhmədbəyli kənd qəbiristanliğinda dəfn olunmuşdur.
 
Xatirələrdən:
 
Atası Rövşən Sadıqov:
"Mən oğlumla qürur duyuram.
 
Bəlkə də, başqa vəziyyətdə oğul itirsəydim, çox pis olardım. Vətən, Torpaq uğrunda oğul itirmək çox qürurverici hissdir.
Səbuhi müharibəyə getməyə çox can atırdı. Onu saxlamaq mümkün deyildi. Çağırış gələndə də çox sevindi. Hətta o qədər sevindi ki, boğazından bir qurtum su, bir tikə çörək də keçmədi. Tez çantasını hazırlayıb yola düşdü...
 
Onun döyüş yolu Füzulidən - ata-baba yurdundan başladı. Xüsusi Təyinatlı Qüvvələrə qoşularaq Qubadlı, Zəngilan, Hadrut uğrunda gedən döyüşlərədə iştirak etdi. 
Çox vətənpərvər övlad idi. Zəng edəndə deyirdi ki, rahat ol, ata, 90-cı illərdəki şəhidlərimizin, Xocalının qisasını almışıq. 
 
Sonuncu dəfə Qubadlı azad olunan ərəfədə - oktyabrın 23-də onunla danışa bildik.Bizə dedi ki, yuxarı qalxırıq, telefon işləməyə bilər. Ondan sonra əlaqə saxlaya bilmədik...
Noyabrın 4-ü şəhid xəbəri gəldi, Laçın meşələrində 4-5 silahdaşı ilə birlikdə mühasirəyə düşüb, minamyot mərmisi ilə vurulublar... 
Oğlumla bərabər bütün şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə isə can sağlığı arzulayıram! Onların sayəsində üzərimizdən bu qara ləkə götürüldü. 
 
Anası Yeganə Sadıqova:
"O, Vətənini, doğma Azərbaycanımızı, gözəl Qarabağı çox sevirdi. Qarabağ savaşında həlak olan az qala bütün Milli Qəhrəmanların həyat  tarixçəsini bilirdi. Qarabağa, Xocalıya aid filmlərə dəfələrlə baxmışdı. O sanki özünü bu günə - döyüşə hazırlayırdı.
Nişanlı idi, aprelin 18-i toyu olacaqdı... 
 
Hətta restoranın behini də özü aparıb vermişdi. Bəlkə də onda heç bu qədər sevinməmişdi. Cəbhəyə gedəndə qanad açıb uçmaq istəyirdi. Çıxanda mənə “nişanlıma deyərsən ki, ona haqqımı halal edirəm, işdi-şayət qayıtmasam, getsin, xoşbəxt olsun” -  dedi. Döyüşdə olanda zəng vururdu, deyirdi elə sevinirəm ki, alınan torpaqlarda mənim də əlimin duzu var"...
 
Anası onu da dedi ki, müharibəyə  gedende atası ve qonşular cibinə pul qoyublarmış. Gedənden sonra  zeng vurub dedi ki, bu qeder pulu mən neyləyirəm burda, inşallah, döyüşdən  çıxım, geri sizə göndərəcəm, ehtiyacı olan birinə verərsiniz...
 
Nənəsi Nəcibə Əliyeva:
“Dayısı oğluna zəng edib, anasını, bacısını onlara tapşırıb. Deyib “hələ gəlməyəcəyəm, söz vermişəm, torpaqlar alınandan sonra evimizə qayıdacağam". 
Bir ona üzülürəm ki, arzuları yarımçıq qaldı. Mənə deyirdi, toy edəndən sonra səni də, gəlini də götürəcəm, gedib kənddə yaşayarıq. Bir də arzusu vardı, toyunda “Niva” maşın karvanı təşkil edəcəkdi... 
 
Anası Yeganə xanım bir arzusunun ürəyində qaldığını, oğlunun yanında olan, onu görən dostlarından, yaxınlarından Səbuhinin son günləri haqda öyrənmək istədiyini, axır  sözünün nə olduğunu bilmək istədiyini də söylədi. O hələ də ümid edir ki, döyüş yoldaşlarından kimsə tapılacaq, oğlunun fotolarını onlara verəcək, xatirələrini bölüşəcək, son sözlərinin nə olduğunu  deyəcək...
 
Son söz yerinə:
Cəmi 24 yaşı vardı Səbuhinin... 
Amma sanki çoxdan böyümüşdü. 
Uşaqlığından ağıllı, fərqli düşüncələri ilə hamıdan  seçilirdi. Torpağını, Vətənini canından çox sevirdi. O qədər çox sevirdi ki, hətta  atasının maşınını satıb Lələtəpəyə, digər döyüş bölgələrinə gedir, hərbçilərə, su, ərzaq aparırdı...
 
Onu da deyirlər ki, şəhid olmaq Səbuhi Sadıqovun uşaqlıq arzusu imiş. Müəllimi Aygün xanım xatırlayır ki, hələ ibtidai sinifdə oxuyarkən şagirdlərdən gələcəkdə hansı peşənin, sənətin sahibi olmaq istədiklərini soruşduqda, o, “mən şəhid olmaq istəyirəm” söyləyibmiş...
Bu gün ən uca ad - Şəhid adını daşıyan qardaşımız Səbuhi Sadıqov çox sevdiyi dədə-baba torpağı olan Füzulidə - Əhmədbəyli kənd qəbiristanlığında uyuyur.
Ruhu şad, məkanı cənnət olsun. 
 
Qeyd:
Azərbaycanın igid oğlu Səbuhi Rövşən oğlu Sadıqov 15.12.2020-ci il tarixində "Vətən uğrunda" medalı (ölümündən sonra), 24.12.2020-ci il tarixində "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) və 29.12.2020-ci il tarixində "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra) ilə təltif edilmişdir.
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
 
 
Baxış sayı: 709
Paylaş: