Heydər Əliyev:
"Azərbaycanın birinci rəhbəri kimi, o dövrdə görülmüş işlərdə, qazanılmış uğurlarda Vəli Axundovun rolu böyükdür, yüksək qiymətə layiqdir və mən bu gün bunu böyük məmnuniyyətlə qeyd edirəm”.
 
Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, akademik Vəli Axundov Azərbaycan SSR-yə 1959-1969-cu illərdə rəhbərlik etmişdir.
 
Azərbaycanın işıqlı simalarından sayılan Vəli Axundov millətçilik probleminin hökm sürdüyü bir şəraitdə işləyib. Görkəmli ictimai xadim hər zaman Azərbaycanın mənəvi dəyərlərini, mədəniyyətini qorumağa çalışıb. O, siyasi fəaliyyətində daim xalqın birliyinə, firavanlığına, azad düşüncəyə sahib olmasına səy göstərib. Bu baxımdan, milli ideologiyanın formalasmasında Vəli Axundovun xidmətləri danılmazdır.
 
Vəli Axundov 1916-cı il mayın 13-də Bakı quberniyasının Saray kəndində kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini Saray kənd məktəbində almışdır. Xatirələrində həmin məktəb yaşadığı yerdən bir neçə kilometr uzaqlığda yerləşdiyini qeyd edirmiş. Uzaq olduğundan və dərsləri buraxmaq istəmədiyindən hər gün evdən məktəbə və məktəbdən evə piyada yol onun həmin məktəbdən əla qiymətlərlə məzun olmasına mane olmamışdır.
 
1929-cu ildə həmin məktəbi bitirərək Biləcəri stansiyasındakı fabrik-zavod məktəbində təhsilini davam etdirmişdir. 1931-ci ildə sənət məktəbini bitirib, Bakı Sənaye texnikumuna daxil olmuşdur. 1935-ci ildə texnikumun kimya şöbəsini bitirib kimyaçı texnik peşəsinə yiyələnmişdir. 
Təhsilini davam etdirmək və ali təhsil almaq məqsədi ilə əvvəlcə Azərbaycan Sənaye İnstitutunun hazırlıq kursunda oxumuş, 1937-ci ildə isə Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. İnstitutda oxumaqla yanaşı ATİ-nin ictimai elmlər kafedrasının laborantı, "Tibbi kadrlar uğrunda" qəzetin redaktoru və komsomol komitəsinin katibi vəzifəsində çalışmışdır.
 
1941-ci ildə ATİ-ni müvəffəqiyyətlə bitirərək orduya çağırılmışdır. 1941-1945-ci illər Böyük Vətən müharibəsində 20-ci atıcı diviziyanın tərkibində həkim-əsgərdən xüsusi tibbi-sanitar batalyonunun komandiri vəzifəsinədək yüksəlmiş, Rusiya, Belarus, Almaniya, Çexoslovakiya ərazisində gedən döyüşlərdə iştirak etmişdir.
 
1946-cı ildə ordudan tərxis olunmuş, ATİ-na qayıtmış, tibb tarixi kafedrasının assistenti qəbul edilmiş və Epidemiologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun elmi işçisi, direktoru olmuşdur. Az sonra Azərbaycan Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmiş və 1946-1949-cu illərdə bu vəzifədə çalışmışdır.
 
Vəli Axundov 1949-1952-ci illərdə Azərbaycan SSR səhiyyə nazirinin müavini, 1952-1953-cü illərdə isə Bakı Vilayəti səhiyyə şöbəsinin müdiri olmuşdur.
1953-1954-cü illərdə Azərbaycan KP MK-da inzibati, ticarət-maliyyə və plan orqanları şöbəsi müdirinin müavini vəzifəsində işləmişdir. 1954-1958-ci illərdə isə Azərbaycan SSR səhiyyə naziri vəzifəsini tutmuşdur.
 
 
1958-ci ilin fevralında Azərbaycan KP MK katiblərindən biri seçilmiş, həmin ilin iyulunda isə Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsinə təyin edilmişdir. 1959-cu ilin iyuluna qədər bu vəzifədə çalışmışdır.
 
1959-1969-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsini tutmuşdur. Onun dövründə Azərbaycan müharibədən sonra ən çox neft – 21,5 mln. ton istehsal etmiş, kənd təsərrüfatı məhsulları istehsalı çoxalmışdır.
 
1956-cı ildə namizədlik dissertasiyası müdafiə etmiş və SSRİ Ali Attestasiya Komissiyası ona tibb elmləri namizədi, 1964-cü ildə isə tibb elmləri doktoru elmi dərəcəsi vermişdir.
1969-cu il iyulun 14-də birinci katib vəzifəsindən azad edilmişdir.
 
H.Əliyevin sədrliyi ilə keçirilən Azərbaycan KP MK bürosunun iclasında onun birinci katib olarkən istifadə etdiyi tibbi və məişət xidmətləri özündə saxlanılmışdır.
 
1969-cu ildə Vəli Axundov Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. 1969-1972-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olmuş və akademiyanın səhiyyə sahəsinə rəhbərlik etmişdir. O dövrlə artıq kifayət qədər yaşlı olduğu zaman ingilis dilini sıfırdan öyrənməyə nail olmuşdur.
 
 
1972-1986-cı illərdə Virusrologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru olmuşdur.
 
İctimai və siyasi fəaliyyət göstərdiyi dövrdə dəfələrlə AKP, Sov. İKP MK, Azərbaycan AKP MK bürosunun üzvü, Azərbaycan, SSRİ Ali sovetlərinin, Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin üzvü olmuşdur.
 
Vəli Axundov 1986-cı il avqustun 22-də Bakı şəhərində vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.
 
O, "Lenin" ordeni, II dərəcəli Vətən Müharibəsi ordeni, "Qırmızı Ulduz" ordeni İlə təltif efilmişdir.
21 aprel 1996-cı ildə Azərbaycanın görkəmli alimi və ictimai-siyasi xadimi, akademik Vəli Yusif oğlu Axundovun 80 illik yubileyi ilə əlaqədar qərar qəbul edilmişdir.
 
15 yanvar 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vəli Axundovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.
 
Haşiyə:
 
Deyilənə görə Vəli Axundovun həyat yoldaşı Sara xanımla qeyri-adi sevgisi olub. 
 
 
Vəli Axundovun nəvəsi Sara Əliyeva:
 
"Babam mənə sevgili Sarasının adını qoyub, zarafatca məni "karmannaya jena" çağırardı. Balaca və kök qız idim. Babam rəhmətə gedəndə iki yaşım olardı...
Özümü dərk edəndən sonra mənim üçün nənəmin adını daşımaq həmişə böyük məsuliyyət olub. 
 
Evdə danışırdılar ki, Sara xanımla babam Vəli Axundov çox kiçik olarkən, 14 yaşlarından bir-birilərini tanıyıblar. Nənəmlə babam bir küçədə yaşayıblar ve eyni texnikumda təhsil alıblar. 
Babam əvvəlcə sənədlərini indiki Neft Akademiyasına vermişdi, lakin biləndə ki, nənəm Tibb Institutunu seçib, sənədlərini götürərək nənəmin arxasınca gedir. Vəli Axundov məhz nənəmə görə, həkim olur...
 
1941-ci ildə müharibə başlayanda Vəli Axundov qərara gəlir ki, Sara xanıma sevgisini etiraf edir. Sara xanımsa ona "səni gözləyəcəm" deyir. 
O zaman heç kim hərbi xidmətinin o qədər uzun çəkəcəyini bilmirdi, babam düz 4 il sonra qayıdır...
 
Amma müharibədən qayıdanda Bakıda nənəmi tapa bilmir. O zaman nənəm Göyçay şəhərinə həkim kimi ezam olunmuşdu. Lakin hansısa ucqar yerə göndərildiyi üçün babam Göyçayda da onu tapa bilmir. 
 
Buna dözməyən babam, nənəmi çox axtarır və təsadüfən at belində onu  görür. Dörd illik ayrılıqdan sonra görüşəndə,Sara xanım huşunu itirir. Elə o vaxtdan sonra onlar bir də ayrılmırlar, Sara xanım dünyasını dəyişənə kimi...
 
Sara xanımın vəfatından 5 il sonra eyni gündə - avqustun 22-i babam dünyadan köçür. Onların iki uşaqları olur, oğlanları Oktay və anam Nigar. 
Əlbəttə, hər zaman babam kimi bir insanla qarşılaşmağı arzulamışam. Çox təəssüf edirəm ki, onunla ünsiyyətdə olmaq imkanım olmayıb. Çünki həyatda elə vəziyyet olur ki, məsləhət almaq üçün sənə müdrik insan lazım olur.
 
Həyatda babam kimi biri ilə qarşılaşmağı çox istərdim, amma təəssüf ki, olmadı...
 
Bu gün hər kəs onun nə qədər mərd, dürüst, sözünün ağası olan insan, eyni zamanda çox yumşaq biri olmasından danışır. Vəzifəsinden gedəndən sonra ona müxtəlif təklifler edirlər, o cümlədən Belçikaya SSSR-nin səfiri getmək. Lakin o, Bakıda qalmağı seçir. Babam hər şeydən əvvəl xalqını çox sevirdi. Vəli Axundovun rəhbərliyi dövründə bir sıra mühüm dəyişikliklər həyata keçirildi. Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Şuşa şəhərlərində böyük inşaat işləri aparıldı, amma babamın ən böyük arzusu Bakıda metronun açılışı idi. Ve bütün çətinliklərə baxmayaraq, 1967 ilin 6 noyabrında buna nail oldu.
 
Metronun iyini sevirəm. Uşaq olanda da buna görə düşərdim, həmin iyi qoxlamaq üçün..."
 
Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, akademik Vəli Axundovun adı hər zaman iftixarla çəkiləcək və onun gördüyü işlər heç zaman unudulmayacaqdır.
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 574
Paylaş: