Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı, professor SƏİD RÜSTƏMOVun doğum günüdür.
 
Ehtiramla xatırlayaq.
 
"Anamın laylası", "Alagöz", "Maralım, gəl", "Qurban adına", "Bənövşə", "Haralısan" və onlarla digər mahnılarını xatırlamaq kifayətdir ki, onun bizə qoyub getdiyi irsin necə zəngin olduğunu dərk edək.
 
 
 
O, Azərbaycan bəstəkarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, xalq çalğı alətləri orkestrinin dirijoru, pedaqoq, folklor tədqiqatçısı və ictimai musiqi xadimi olmuşdur.
Səid Əli oğlu Rüstəmov 1907-ci il mayın 12-də İrəvan (indiki Yerevan) şəhərində anadan olmuşdur. 1921-ci ildə o, Bakıya köçərək Müəllimlər seminariyasını, 1929-cu ildə Musiqi Texnikumunu və 1932-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun kimya fakultəsini bitirmişdir.
 
Səid Rüstəmov musiqi sənətinə ilk dəfə tarzən kimi gəlmiş, bu sənətin sirlərini Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovdan və tarzən Mansur Mansurovdan mənimsəmişdir.
S.Rüstəmov 1931-ci ildə Ü.Hacıbəylinin təşkil etdiyi ilk notlu Azərbaycan xalq çalğı alətləri orkestrinin yarandığı gündən əvvəl konsertmeyster, daha sonra isə həmin orkestrin bədii rəhbəri və baş dirijoru kimi uzun illər fəaliyyət göstərmişdir.
 
30-cu illərdə bəstəkarlığa başlayan S.Rüstəmovun ilk əsəri — «Bayatı-kürd» muğamı əsasında fantaziya məhz xalq çalğı alətləri orkestri üçün yazılmışdı. Sonralar o, həmin orkestr üçün «Cəngi» və «Qəhrəmani» pyeslərini, üç süita, tar konserti və bir sıra kantatalar bəstələmişdir.
 
 
 
 
Bəstəkarın yaradıcılığında mahnı janrı mühüm yer tutur. Mübaliğəsiz qeyd etmək olar ki, S.Rüstəmov professional musiqi tariximizə əsil mahnı ustadı kimi daxil olmuşdur. Geniş dinləyici kütlələri tərəfindən sevilən «Alagöz», «Qurban adına», «Bənövşə», «Haradasan» və s. mahnıları bəstəkara ümumxalq məhəbbəti qazandırmışdır. Onun «Sürəyya», «Mən sülhə səs verirəm», «Sumqayıt» mahnıları Dövlət mükafatına layiq görülmüşdür. S.Rüstəmov həmçinin, 1957-ci ildə xalq çalğı alətləri orkestrlərinin Ümumittifaq baxışında Qızıl medal qazanmışdır.
 
 
 
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
Baxış sayı: 493
Paylaş: