Qeyri-adi fitri istedada, dərin elmi biliklərə malik olan görkəmli alim, türkoloq, ədəbiyyatşünas, şair, dilşünas, mətnşünas, türkologiya sahəsində ilk elmlər doktoru, professor, ictimai xadim  və böyük düşüncə sahibi - MİLLİ İDEYANIN ŞƏHİDİ - BƏKİR ÇOBANZADƏ
 
"Azərbaycan dilçilik elmi və Azərbaycan dilçiləri Bəkir Çobanzadənin köynəyindən çıxmışdır. Bəkir Çobanzadə qoyub getdiyi zəngin və qiymətli irsi ilə sübut etmişdir ki, onun Vətən sevgisinin coğrafiyası minlərlə imperiya qulunun vətən anlayışından daha geniş, daha dərindir. Görkəmli alim və ictimai xadim Bəkir Çobanzadə üçün Vətən tikanlı məftillər arasındakı torpaq sahəsi deyil, türk dünyasının özüdür”.
Cəlal Qasımov
 
Böyük şəxsiyyətlər, məşhur insanlar haqqında həmişə çoxlu rəvayətlər, hekayətlər yayılır. Qəribədir ki, eyni insan haqqında ayrı-ayrı şəxslərin danışdıqları çox vaxt bir-birinə bənzəyir. Bəzən də tamamilə təzad təşkil edən fikirlər söyləyir, hadisələr nəql edirlər. Həyatı haqqında ən çox hekayətlər danışılan, bəzi hallarda bir-birinin əksinə olan, hətta həqiqətə uyğun gəlməyən epizodlar söylənilən belə şəxsiyyətlərdən biri də Bəkir Çobanzadədir.
 
Onun məhkəməsi cəmi 20 dəqiqə çəkib. Ömrü də qısa olub - cəmi 44 illik bir həyat yaşayıb. Amma ömür hekayəti xeyli uzundur...
1937-ci ildə 20-cə dəqiqəlik “məhkəmə prosesinin” hökmü ilə ölüm cəzasına məhkum edilmiş bu görkəmli şəxsiyyətin,  böyük istedad sahibi olan alim B.Çobanzadənin yazıb-yaratdıqları, zəngin irsi aydın, şəffaf bir həqiqətdir. 
 
Şəxsiyyəti, amalı, əqidəsi də həmçinin bura daxildir. Və həmin həqiqətlərə tarix boyu heç bir qüvvə qaranlıq gətirə bilməz. Necə ki şər və böhtanla, dəhşət və vəhşətlə dolu 1937-ci illərin olayları bunu edə bilmədi, sadəcə, gücü çatmadı...
 
43 nömrəli şagird və ya 83 il əvvəl qırılan alim ömrü...
 
BƏKİR ÇOBANZADƏ kimdir?
 
O, 15 may 1893-cü ildə Tavrida vilayətini Simferopol (Akməscit) qəzasının Qarasubazar bölgəsi yaxınlığındakı kiçik Arqun kəndində anadan olmuşdu. O, ailəsi haqqında “Bakinskiy raboçiy” qəzetində yazdığı məqalədə “əsil-nəsilcə mən çoban oğluyam və 14 yaşıma qədər özüm də çoban olmuşam” qeydini etmişdir. 
Milliyyətcə Krım tatarı olan atası Vahab cəsur, qorxmaz və qoçaq olduğuna görə el arasında ona "Qurd Vahab" deyirlərmiş. Bu insanı bəzən "Əbdülvahab" da çağırırlarmış.
Onun atasını Vahab çağırırdılar. Lakin bəzən ona Qurd Vahab, Əbdülvahab da deyərdilər. 
 
İlk bioqrafa görə anasının adı Zahidə olub. Ancaq Bəkirin bacısı xatırlayır ki, onun anasını Vadə-şərfə çağırırlarmış. 
Vahabın həyat yoldaşının adının mənbələrdə gah Zahidə, gah da Zibeydə olduğu da göstərilir. Bu ailədə iki övlad böyüyüb - Bəkir və ondan 11 yaş kiçik olan bacısı Zəlixa (Züleyxa).
Çoban Vahab zirək, zəhmətkeş, çalışqan olsa da, maddi imkanı çox məhdud idi.
 
Qardaşından 11 yaş kiçik olan Zəlixa (Züleyxa) isə 1904-cü ildə doğulmuşdur. Bəkir Çobanzadənin müxtəlif adları və ləqəbləri olduğu məlumdur. Onu yaxından tanıyan Şövqü Bektorə yazırdı ki, əvvəllər onu xəlifə Əbu Bəkrin şərəfinə Əbu-Bəkr adlandırıblar. Daha sonra, o, rüşdiyyədə oxuyanda, adına Sidqi təxəllüsü əlavə olunub. Özünün ilk ədəbi və elmi məqalələrini o, Çobanzadə Bəkir, Çobanoğlu Bəkir Bavbək, Bəkir Cavbək, Krımlı Çobanoğlu və Bəkir Sidqi imzası ilə yazmışdı. Bəkir Sidqi adı onun 1916-ci ildə Budapeşt Universitetinə qəbulu haqqında sənəddə və 1919-cu ildə öz əli ilə rektora yazdığı ərizədə də göstərilmişdir. Onun Krıma döndüyü pasport 23 iyun 1920-ci ildə “cənab doktor Sidqi Bəkir”in adına verilmişdir. İ.Otarın iddiasına görə, artıq 1916-1919-cu illərdə o, yazdığı şerlərə Bəkir Sidqi Çobanzadə imzası qoyurmuş. Çobanzadə özünün ilk təhsilini 1904-1908-ci illərdə Qarasubazar rüşdiyyəsində aldığını yazmışdı. 
 
Avtobioqrafiyasında o yazır” 8 yaşımda əvvəlcə ibtidai sinifə getmişəm və üç ildən sonra, daha doğrusu 1904-cü ildə Yeni üslublu gimnaziya tərkibində olan” Rüşdiyyə” yə qəbul olundum , hansı ki 1908- ci ildə onu bitirdim” . 
 
F. D. Aşinin Çobanzadə haqqında yazdığı məşhur məqaləsində qeyd edir ki, “ ...bir il ərzində onu “43 nömrəli şagird” adlandırmışlar”. Lakin bu 43 nömrəli şagird öz fitri istedadı ilə rüşdiyyədə böyük hörmət və soyad qazanır. B.Çobanzadə. 1909-cu ildə Müsəlman xeyriyyə Cəmiyyətinin köməkliyi ilə İstambula gedən Bəkir Sidqi Türk liseyinə qəbul olunur. 1914-cü ildə liseyi və paralel olaraq İstambul Universitetinin nəzdində olan 3 illik ərəb və fransız dillərini öyrədən ali kursu bitirir, orta məktəblərdə və liseylərdə bu dilləri tədris etmək hüququ alır. 1914-cü ilin yayında təhsilini bitirib Krıma gələn Bəkir az keçmir ki, rus dilini mükəmməl öyrənmək üçün Odessaya gedir. 1914-cü ilin payızında isə yenidən İstambula qayıdır. 1914-cü ilin payızından 1915-ci ilin payızına qədər İstambul universitetində azad dinləyici olan Çobanzadə, professor Mesaroşla və Macarıstanın baş konsulu ilə münasibət yarada bilir. 1915-ci ilin dekabrında Qalatasaray liseyindən müvafiq sənədlərini götürən Bəkir təhsil almaq üçün Macarıstana gedir. 7 fevral 1916-ci ildə o, sənədlərini Budapeşt Universitetinə və universitetin nəzdində olan, baron Yozef Etveyş adına kolleguma verir. Lakin onun sənədləri qəbul olunmur. Bu iki səbəbdən ola bilərdi:ya artıq boş yer qalmamışdı, ya da Çobanzadənin macar dilini bilməməsi onun normal təhsil almasına maneçilik törədəcəyini düşünürdülər. Çörəkpulu qazanmaq üçün bir baronun kənd təsərrüfatında işləyən Bəkir , eyni zamanda macar dilini öyrənməyə başlayır.
 
"Sən Allah, bir baxın, burada bir dərya var!" - İsmayıl bəy Qaspiralı
 
Ədəbiyyatşünas, şair, dilçi, mətnşünas olan bu alim genişmiqyaslı elmi və bədii yaradıcılıq fəaliyyəti göstərib. 1920-ci ildə 27 yaşında ikən filologiya elmləri doktoru elmi dərəcəsini qazanan, iki il sonra professor adına layiq görülən, 1934-cü ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib. 
Xatirələrdən:
 
- Uşaqlarına Tanrı tərəfindən bolluca istedad payı verilsə də, ailə onları oxutdurmaq gücündə deyildi. Belə ki, Bəkir uşaq yaşlarında bir mollanın evində çalışırdı. Elə ilk savadını da burada qazanır: molladan ərəb dilini öyrənir. Sonra Quranı qiraət etməyə, Şərq klassiklərinin əsərlərini oxumağa başlayır. Kənddəki rüşdiyyə məktəbinə daxil olanda artıq  onun xeyli biliyi vardı.
Məktəb illəri ilə bağlı xatirələrin birində yazılıb ki, imtahan vaxtı növbə Bəkirə çatanda müəllimi, şair Həsən Səbri onu irəli çıxmağa çağırır. Amma uşaq əynindəki yamaqlı geyimdən utandığı üçün yerindən tərpənmir. Bunu başa düşən müəllim Bəkirə yaxınlaşır. O isə elə bil bunu gözləyirmiş kimi, uca səslə dil-dil ötməyə başlayır:
 
- Nə istəyirsiniz, müəllim, soruşun. Sədidən, Hafizdən, Füzulidən sual verin, hamısını əzbər deyəcəyəm. Qurani-Kərimdən soruşun...
Həsən Səbri gülümsünüb köksünü ötürür və ona yaşına görə çətin sayılan suallar verir. 
 
Bir-birinin ardınca mürəkkəb sualları cavablandıran uşaq Həsən Səbrini təəccüb qoyur və o, həmkarını yanına çağıraraq deyir:
- İsmayıl bəy (İsmayıl Qaspiralı nəzərdə tutulur), sən Allah, bir baxın, burada bir dərya var!
Uşaqdan adını və soyadını soruşurlar. Adını deyir, amma soyadı olmadığı üçün duruxub qalır...
 
Yoldaşları onun kəndin qurdürəkli çobanının oğlu olduğunu söyləyirlər. Müəllimləri də belə qərara gəlirlər ki, onun soyadını "Çobanzadə" yazsınlar... Beləcə, o dövrün sayılıb seçilən maarifçiləri öz tərifləri ilə çoban Vahabın balaca oğlunun böyük bir dünyaya - elm, idrak, zəka dünyasına addımlamasına "vəsiqə" verirlər...
 
 İlk şeirlərini, "Anan harda?" poemasını tələbəlik dövründə qələmə almışdır. İstanbul Universiteti nəzdində olan üçillik ali kursda ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Türkiyədə "Müstəqil tatar Krımı" ideyaları ilə yaşayan gənclərdən ibarət "Krım-tatar tələbə cəmiyyəti"nin yaradıcılarından və rəhbərlərindən olmuşdur. Sonra Budapeşt universitetinin tarix-filologiya fakültəsində türk, ərəb və macar filologiyası ilə yaxından tanış olmuş, doktorluq dissertasiyası müdafiə etmişdir. Budapeştdə türk dilində çıxan "Şərq" qəzetinin redaktoru olmuşdur (1919). "Krım", "Göy kitab" (İstanbul) məcmuələrində və "Şərq" qəzetində şeirləri dərc edilmişdir (1918-1919). Sonralar "Türk ensiklopediyası"nda "Çoban oğlu", "Bəkir Baybək", "Bəkir Cavbək", "Bəkir Yaybək", "Çoban oğlu Bəkir Sidqi" imzaları ilə məqalələri dərc olunmuşdur. Krım Universitetinin rektoru olmuşdur. S.Ağamalıoğlunun dəvəti ilə Azərbaycanda yeni əlifba komitəsinin sədri, Yeni türk əlifbası Ümumittifaq Mərkəzi Komitəsinin rəhbəri təyin edilmişdir. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspirantura şöbəsinin müdiri işləmişdir (1929). Bir sıra Avropa yazıçıları onun tədqiqat və elmi maraq dairəsinə vüsət vermişdir. Nəzəri-filoloji irsi zəngin və çoxcəhətli idi. Sovet Şərqində yaşayan türk xalqlarının bədii ədəbiyyatının, müasir ədəbi prosesin nəzəri problemlərinin tədqiqinə və dil tarixinin yaranmasında təqdirəlayiq xidmətləri olmuşdur. O, bir sıra monoqrafik əsərlərlə yanaşı, "Türk dilinin metodikası" (1932), "Elmi qramerin əsasları" (1932) kitablarını şərikli tərtib etmişdir. Elmi məqalələri və bədii əsərləri dövri mətbuatda müntəzəm çap olunmuşdur. İlk şeirlər məcmuəsi özbək dilində kütləvi tirajla buraxılmışdır
 
Bəkir Çobanzadə 13 oktyabr 1938-ci ildə 44 yaşında  qətlə yetirilmişdir.
Abdulla Battal Taymas yazırzı: "B.Çobanzadə beynində elm və mədəniyyət yükü, ürəyində türklük və yurd sevgisi daşıyan, misli-bərabərinə zəmanəmizdə az-az təsadüf olunan idealist ruhlu bir türk övladı idi”...
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
Baxış sayı: 484
Paylaş: