Uzman Doktor Aydin Talişinski: "Elə Etməliyik ki, Lerikdə, Qaxda, Culfada xəstələrə qoyulan diaqnoz, yazılan reseptlər Bostondaki, Frankfurtdaki, İstanbuldaki Həkimlərin yazdıqlari reseptlərdən fərqlənməsin"

Müsahibimiz qulaq, burun-boğaz və baş-boyun cərrahı Aydın Talışinskidir.

Uzman doktorla ölkəmizdə tibb sahəsindəki mövcud problemlər və onların həlli yolları barədə danışmışıq.  

***

"Bu gün həkimlərimizin maaşı 100 dəfə artırılsa da, problemlər bitməyəcək, əksinə, daha da dərinləşəcək"

"Ölkənin bütün müalicə müəssisələrini və apteklərini birləşdirən vahid virtual sistem yaradılmalıdır" 

"Sağlamlığa zərər verən müəssisələrə xüsusi sağlamlıq vergisi tətbiq etmək olar" 

"Ən ucqar kəndlərimizdə də diaqnostika, müalicə inkişaf etmiş Qərb dünyası ilə eyni olmalıdır" 

- Aydın bəy, öz sahəsinin peşəkarı olan bir həkim kimi tibb elminin müasir dövrünü necə xarakterizə edərdiniz?

 - Ölkəni dünyada tanıdan və nüfuzlu edən ən mühüm göstəricilərdən biri onun elminin səviyyəsidir. Tarix, adət-ənənə, milli mətbəx və rəqslər, idman - bunlar hamısı əlbəttə, önəmlidir, lakin elm zirvədə deyilsə, o biri amillərin əhəmiyyəti qat-qat azalır. Yaxud tərsinə, elm inkişaf edibsə, o biri amillərin də təsiri qat-qat artır. Nəzərə alaq ki, elmin yüksək inkişaf səviyyəsi avtomatik olaraq digər bütün sahələrin irəliləməsinə də təkan verir: demokratiyanın da, mədəniyyətin də, iqtisadiyyatın da, ordunun da. Misal üçün, Braziliyada keçirilmiş son yay Olimpiya oyunlarında Keniya da, Efiopiya da qızıl medal əldə edib. Amma gəlin görək, bu fakt onları dünya dövlətləri arasında ucaldıb söz sahibi edirmi, yaxud da o xalqların güzəranını yaxşılaşdırırmı? Halbuki həmin olimpiya oyunlarında dünyanın ən inkişaf etmiş ölkələrindən sayılan Norveç və Finlandiya, yaxud İsrail və Avstriya bir dənə də olsun qızıl medal qazanmadı. Məgər bu amil onları hörmətdən salırmı? Xeyr, nə qədər ki, elm sahəsində öndədirlər, belə şeylər bu ölkələri hörmətdən salmaz. Əksinə, bəzən belə ölkələr peşəkar idmandan çox, xalqın ümumi sağlamlığı naminə kütləvi bədən tərbiyəsini üstün tuturlar.

ABŞ, Almaniya və Yaponiya kimi ölkələr isə elmi inkişafın təbii davamı olaraq yüksək yaşam standartlarına malikdirlər və eyni zamanda, olimpiadada əldə etdikləri qızıl medalların sayına görə öndədirlər.

Əgər idman mövzusunda uğurlar bizim üçün prinsipialdırsa, bu uğurlar yalnız qeyd olunan kontekstdə əldə ediləndə vətəndaşımızı daha ürəkdən sevindirəcək və bizə də tam mənada nüfuz, şan-şöhrət qazandıracaq. Unutmayaq ki, planetimizdəki 200-dən çox ölkənin içərisində sadəcə, elmi nailiyyətləri ilə öndə olan dövlətlər dünyaya hökm edir. Burada heç bir istisna yoxdur, ola da bilməz və Nizami Gəncəvinin timsalında bizim ulu babalarımız bunu əsrlər öncədən çox gözəl anlayıblar: "Qüvvət elmdədir başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz". Azərbaycanımız ədəb və əxlaq kimi mövzularda, əlbəttə, öz yüksək standartlarını təyin edə bilər, lakin elm mövzusunda dünyada qəbul olunmuş qaydaları qəbul etmək lazımdır. Sadəcə bu çərçivədə öz bilik və intellektimizi ortaya qoyub yeni ixtiralar edə bilərik və bunlar da dünyada tanınar, seçilər, biz də öz növbəmizdə yüksələrik.

Təbii ki, elmin bütün sahələrini dünyaya tam inteqrasiya etməklə irəliyə aparmaq önəmlidir, lakin bir sahə var ki, insanların gündəlik həyatda ən çox qarşılaşdığı, eyni zamanda, yeni texnologiya və yüksək insanlıq keyfiyyətləri tələb edən sahədir, bu sahənin inkişafı ilə nəinki bütün elmin inkişafı, hətta bütün ölkənin tərəqqisi və dünyadakı yeri dəyərləndirilir. Bu, tibb sahəsidir. Ona görə də tibbin inkişafına lokal amil kimi yox, qlobal meyar kimi baxmaq doğrudur.

Sovet İttifaqı qapalı ölkə olduğundan təbabət burada özünəməxsus, qeyri-standart şəkildə formalaşdırılmışdı. Hətta Sovet dövrünün rəsmi tibb kitablarında belə, dünyada qəbul edilməmiş xəstəliklərin təsnifatı və qərbdə dərman sayılmayan vasitələrlə müalicə üsulları ilə qarşılaşırıq. Həmin mirasın əziyyətini hələ də çəkməkdə davam edirik.

Ulu öndərimizin və cənab Prezidentimizin səyləri nəticəsində Türkiyədə, Avropada yüzlərlə azərbaycanlı tibb mütəxəssisi yetişdi, ölkədə saysız-hesabsız modern klinikalar tikildi, yeni ultramüasir və bahalı cihazlar alındı. Bundan əlavə, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva ixtisasca həkim olduğuna görə səhiyyə sahəsində islahatlar daha da intensiv xarakter alıb. Dövlətimiz səhiyyədə öz öhdəliyini artıqlaması ilə yerinə yetirir. Bu sadaladıqlarımız bizləri səhiyyə sahəsində kəmiyyətin tam mənada keyfiyyətə keçməsi üçün yeni təşəbbüslər ortaya qoymağa sövq edir.

- Necə düşünürsünüz, tibb sahəsində əmək haqlarının artımı göstərilən xidmətin keyfiyyətinə təsir edə bilərmi?

- Baxaq görək, əsas problemlərimiz nədir? İndiki halda həkimlərimizin maaşı 100 dəfə artırılsa, ən qısa müddətdə xəstələrimiz ABŞ-dakı kimi müalicə olunacaqmı və problemlər bitəcəkmi? Xeyr, əksinə, böyük ehtimalla, problem daha da dərinləşəcək. Yəni biz gözüyumulu maaşların artımını tələb etməli deyilik, sistemin daha effektiv fəaliyyəti üçün düşünməliyik. Əvvəlcə qeyd edim ki, ölkədə tibbin inkişafı haqqında ümumi fikir sadəcə hansısa bir cərrahın çox mürəkkəb əməliyyatı həyata keçirməsi ilə formalaşmaz. Tibb xidmətinin homogenliyi, daha doğrusu, orta səviyyəsi, həmçinin tibbin əlçatanlığı, müasirliyi, dünyaya inteqrasiyası, avtomatizasiyası, universallığı və sığorta sisteminin fəallığı qiymətləndirilən ilk məsələlərdir.

Daha sadə dillə desək, ilk növbədə, çatmaq istədiyimiz hədəf bu olmalıdır: elə etməliyik ki, məsələn, Lerikdə, Qaxda, Culfada xəstələrə edilən müayinə, qoyulan diaqnoz, müalicədə yazılan göstərişlər deyək ki, Bostondakı, Frankfurtdakı, İstanbuldakı həkimlərin rəftarından və onların yazdıqları reseptlərdən fərqlənməsin, seçilməsin. İslahat dövründə təməl addımı doğru atmalıyıq ki, sonrakı addımlarımız da möhkəm olsun. Ona görə də öncə tibbimizin adı düzgün, aydın və rəsmi şəkildə qoyulmalıdır.

- Sürətlə inkişaf edən və uğurları ilə seçilən Qərb səhiyyəsinin təcrübəsindən yararlanmaq nə dərəcədə effektiv nəticə verə bilər? Təkcə admı? Bəlkə, mahiyyət də dəyişməlidir.

- İnkişaf etmiş ölkələrdə tətbiq olunan tibbin adı - Modern Qərb Tibbidir (Modern Western Medicine). Məhz bu məfhumun üzərində qurulan fəlsəfə Qərbin bu qədər inkişaf etməsinə yol açan əsas amillərdəndir. Bu mənada, Qərb dedikdə coğrafi Qərb nəzərdə tutulmur: Şimali Amerikadan Yaponiyaya, İtaliyadan Avstraliyaya qədər bu tibbin doktrinalarını mənimsəmiş bütün ölkələr əhatə dairəsindədir. Modern Qərb Tibbi yalnız çoxmərhələli xüsusi mürəkkəb üsullarla sübut olunmuş (evidence-based medicine) müayinə və müalicə növlərini qəbul edir. Ən yüksək səviyyədə təhlükəsizliyi və effektivliyi sübuta yetirilmiş müalicə üsulları haqda araşdırmaların nəticələrinə əsaslanan həmin məlumatlar bu məqsədlə yaradılmış Kokreyn kitabxanasında (Cochrane Library) toplanılır. Çox ciddi tədqiqatlar (meta-analiz, sistematik baxış və gözü bağlı randomizə kontrol sınaqlar) zəminində dünyada dərman və müalicə üsullarına lisenziya verən ən mötəbər qurum ABŞ-ın FDA (Food and Drug Administration - Qida və Dərman Nəzarəti) təşkilatıdır və bir çox ölkə onun qərarlarını tərəddüdsüz qəbul edir. Əlbəttə, bu qədər ciddi araşdırmalar tibbi səhv ehtimalını minimuma endirir, həmçinin, lazımsız antibiotik və digər dərman vasitələrinin istifadəsinə əngəl olur. İnkişaf etmiş ölkələrdə istənilən analizə, rentgen və kompüter tomoqrafiyasına da yüksək səviyyədə daimi nəzarət var.

Qərb təbabətinin rəsmi qəbulu, onun təbliğatı əlifbanı öyrənmək kimidir və bu, öz növbəsində böyük islahatlar silsiləsinə yol açar.

Tibbi terminologiyadakı islahatlar da çox mühümdür. Ancaq bundan sonra isə məqsədyönlü şəkildə ABŞ-ın, Qərbi Avropanın qabaqcıl universitetlərinin tibbi təhsil planı mənimsənilməli və onların dərslikləri dilimizə tərcümə edilməlidir.

Hər sahədə dünyanın ən qabaqcıl istinad tibb mərkəzləri ilə də (Mayo Clinic, Cliveland Clinic, Johns Hopkins Hospital kimi) əməkdaşlıq edə bilərik. Bundan əlavə, xaricdə təhsil görmüş azərbaycanlı həkimlər bu prosesə hərtərəfli cəlb olunmalıdır.

- Dünya səhiyyəsi ilə müqayisədə müasir Azərbaycan səhiyyəsi hansı problemlərə görə geridə qalır? Bu problemlərin həlli hansı proseslərdən keçməlidir? Öncə nədən başlamaq lazımdır?

- Öncə hər bir ixtisasın özünün və hər həkimin fərdi sərhədləri cızılmalıdır. Hazırda respublikamızda əksər tibbi ixtisasların sərhədləri beynəlxalq normalarla cavab vermir, bəziləri isə ümumiyyətlə, mövcud deyil. İş sadəcə həkimlərin lisenziyalaşmasıyla məhdudlaşmır, laboratoriya və klinikaların bütünlükdə işləmə sistemlərinin beynəlxalq norma çərçivəsində sertifikatlaşmasına ehtiyac var. Dünyada bu işdən məsul olan ən etibarlı qurumlardan biri JCİ (Joint Comission İnternational) sayılır. Qeyd etmək lazımdır ki, Türkiyədə 31, İsraildə 29, Rusiyada 4, Azərbaycanda isə 2 tibb mərkəzi bu yüksək akkreditasiyanı ala bilib. Medikal turizmin yayılması üçün, əksər əcnəbilərin gözündə bu, ən önəmli göstəricilərdəndir.

Ayrıca, bütün inkişaf etmiş ölkələrdə mövcud olan rezidentura sonrası "üst ixtisas" (fellowship) proqramları yaradılmalıdır. Ümumən də həm rezidentura, həm üst ixtisas proqramlarına Qərb tədris fəlsəfəsi gətirilməlidir. Bu fəlsəfəyə görə, universitet klinikasının ilk hədəfi təhsil, ikinci hədəfi elmi-tədqiqat, sonra isə klassik mənada xəstə müalicəsidir. Bu çərçivədə, universitetin tibb mərkəzinə müraciət edən bütün pasiyentlər öncəliklə rezidentlər tərəfindən müayinə olunmalıdır və cərrahi əməliyyatlar da mütləq qaydada onların iştirakı ilə, komanda şəklində həyata keçirilməlidir.

Elmi jurnalların nüfuzu və elmi məqalələrin nəşri, onlara istinad göstəricilərinin (impact factor və citation index, h-index) ölkəmizdəki etibarının beynəlxalq normalar çərçivəsinə salınması məqsədəuyğundur. Yeri gəlmişkən, üzülərək qeyd edim ki, hələ də heç bir kitabxanamız qabaqcıl elmi jurnal axtarışı motorlarından (PubMed, Ovid, Ebscohost, Web of Science, Scopus və s.) internet üzərindən ev şəraitində, ictimai nəqliyyatda, parkda tam mətn (full text) məqalə oxumaq üçün loqin və parol vermə xidməti təklif etmir.

- Bəhs etdiyiniz təcrübənin effektiv olması üçün bu yöndə nəyin yaradılması əhəmiyyətlidir?

- Artıq ölkəmizdə icbari tibbi sığortanın tətbiqi prosesi gedir. Dövlətimiz tərəfindən, həqiqətən, xeyli işlər görülür, böyük maliyyə ayrılır. Bəs bu və ya digər tibbi sığorta halı hansı tibb növünə və tibb kitablarına istinadən dəyərləndiriləcək?! Qeyd edildiyi kimi, bu gün ehtiyacımız olan ilk addım əlbəttə ki, Qərb tibbinin postulatlarının rəsmi şəkildə ölkəmizdə qəbuludur. Daha sonra, sistemin effektiv olması üçün ölkənin bütün müalicə müəssisələrini və apteklərini birləşdirən vahid virtual sistemin yaradılması da yerinə düşərdi. Bütün xəstəlik tarixlərinin və reseptlərin rəqəmsal formada yazılaraq, elektron imza ilə bu sistemə işlənməsi ciddi sıçrayış olardı.

Bir də ki, insan sağlamlığına birbaşa və ya dolayısı yolla ziyan verən müəssisələrə (tütün fabriki, spirtli içki istehsal edən müəssisə və s.) xüsusi sağlamlıq vergisi tətbiq etmək səhiyyə büdcəsinin formalaşmasına ciddi dəstək olar. Bu sadaladıqlarım ümumilikdə səhiyyə sistemini əhatə etdiyi üçün orta tibb işçilərinin təhsilinin də Qərb standartlarına uyğunlaşdırmaq zərurətini unutmamaq lazımdır.

Qeyd edim ki, Türkiyədə tibb bacıları 4 il təməl tibb təhsili alırlar; arzu edərlərsə, sonra daha 4 il oxuyub, dissertasiya müdafiə edərək uzman-tibb bacısı, bir neçə il müddətində universitetdə elmi və praktiki fəaliyyət göstərdikdə isə dosent-tibb bacısı və professor-tibb bacısı yüksək adlarını qazanırlar. Bu uzun yol nəticəsində onların hörmətli bir peşəyə sahib olmaları təbiidir.

Dünyada daha hörmətli olmağımız üçün dövlət səviyyəsində mürəkkəb tibbi avadanlıq, habelə müasir cərrahi və mikrocərrahi alət dizaynı, istehsalı və təmiri sənayesinin yaradılmasının dəstəklənməsi də sevindirici olardı.

Bundan əlavə, ümumən bioetika mövzusunda qanunvericilikdə və dolayısıylıa təhsildə boşluqlar var. Tibb hüququ mövzusu geniş işıqlandırılmalı, həkim-pasient-klinika-farm kompaniya və xüsusi olaraq da bunların hamısının kütləvi yayım şirkətləri ilə münasibətləri və media tərəfindən həm tibbi xidmətin, həm də tibbi hadisənin təqdimatı məsələləri qanunla tənzimlənməlidir. Əməliyyata və istənilən tibbi müdaxiləyə yazılı şəkildə izahlı icazə formasının imzalanması qaydaları da işlənməlidir. Şüuru özündə olmayan pasientin hüquqlarının qorunması isə ayrı bir mövzudur.  Xaricdə təhqir hesab olunan, bizdə isə hələ də keçmişin mirası kimi normal sayılan bəzi ifadələr işlədilir: "ürək xəstəliyi" yerinə "ürək qüsuru" (hətta körpələrimizə də yolverilməz şəkildə "qüsurlu" deyirlər), "yarıq damaq-dodaq" yerinə "dovşan dodaq və qurd ağız" kimi çeşidli heyvan damğaları, hətta bütün dünyada fiziki məhdud şəxslərin hərəkət etdiyi vasitəyə "təkərli stul" (wheelchair) deyilərkən bizdə əfsus ki, sıx-sıx "invalid kolyaskası" və ya "əlil arabası" termini işlədilir. Zənnimcə, multikultural və tolerant ölkə nümunəsi kimi bu incə məqamlara da diqqət yetirməliyik.

- Necə düşünürsünüz, yerli səhiyyə sistemində, qanunvericilikdə tibb işçilərinə verilən imtiyazlar qənaətbəxşdirmi?

- Düşünürəm ki, tibbi rütbəyə və keçmiş tibbi vəzifəyə, habelə tibbi quruculuğa hörmət məsələləri etika çərçivəsində bərqərar edilməlidir. Misal üçün, xaricdə bir professorun təqaüdə çıxması rəsmi şəkildə təntənə ilə qeyd edilir, yaxud da kafedra müdirliyindən çıxsa belə, xüsusi səlahiyyətlərlə təmin olunur və heç bir şəkildə hörməti azalmır. Türkiyədə həm həkimlərin, həm müəllimlərin böyük əksəriyyəti dövlət məmuru sayılırlar, xidməti pasportlara malikdirlər və onunla vizasız Avropada beynəlxalq konqreslərə asanlıqla qatıla bilirlər. Bunların hamısının gəncliyin düzgün yetişdirilməsində mühüm rolu var. "Tibbi tərbiyə" təbib və alimlik adının yüksəlməsində çox vacibdir və nümunəvi həkimlik anlayışının zəruri parçasıdır. Qeyd olunanlar hamısı bir-biri ilə əlaqəli mövzulardır və müasir yüksək texnoloji nailiyyətlər buna ciddi şəkildə yardımçı ola bilər. Həmçinin, blokçeyn (blokchain), Süni Zəka (Artificial İntelligence), Maşın Öyrənməsi (Machine Learning), Neyron Şəbəkələr (Neural Networks) kimi müasir texnologiyaları dərmanların orijinallığı, tibb standartlarının unifikasiyası və dünyaya inteqrasiyası kimi məsələlərdə biz də geniş tətbiq edə bilərik.

Nəticədə, təhsil, diaqnostika, müalicə ən ucqar kəndlərimizdə belə inkişaf etmiş Qərb dünyası ilə eyni olmalıdır və sistemin çarxları o şəkildə əlaqəli hərəkət etməlidir ki, həm pasiyent, həm həkim, həm tibb müəssisələri, həm də dövlət qurumları uduşlu olsunlar. Azərbaycan yüksək intellektə malik olan həkimlər diyarıdır və bu potensialı düzgün istiqamətləndirmək lazımdır. Buna heç də kiçik, lokal bir məsələ kimi baxmaq olmaz. İnkişaf etmiş ölkələrdə ən nüfuzlu təbəqə həkimlərdir. Sadəcə ona görə yox ki, alimdirlər, biliklidirlər, hörmətləri var və zəngindirlər. Bir də ki, Qərbdə "Tibb Universiteti" anlayışı yoxdur, universitet nəzdində digər fakültələrlə yanaşı, Tibb fakültəsi də fəaliyyət göstərir və o da, təbii ki, universitetin ən böyük fakültəsi olduğu üçün səsvermədə daima həkimlər qalib gəlir və buna görə universitet rektorlarının əksəriyyəti həkimlərdir. Bu isə onlara ciddi səlahiyyətlər verir və ictimai fikri formalaşdırma imkanı yaradır. Yeri gəlmişkən, bütün müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi fəaliyyətə başlayan Bakı Dövlət Universitetinin ilk fakültəsi məhz Tibb fakültəsi idi.

 

Tibb elminin nailiyyətlərindən bəhrələnib aid olduğumuz Türk və İslam dünyasında barışın, rifahın çoxalmasına, bu vəsilə ilə ümumən bütün dünyaya daha böyük töhfə verə bilərik. Həmçinin bunları birləşdirən qeyri-hökumət elmi təşkilatları yaradıb daha nəhəng işlər görmək, konqreslər, kurslar keçirmək olar, habelə mobil cərrahi qruplar yaradıb Tuvadan Qırğızıstana qədər ödənişsiz əməliyyatlar icra edə bilərik və nəticədə, həm səmimi dostluğu, qardaşlığı dərinləşdirə, həm də hamımız üçün bir çox siyasi divident əldə edə bilərik. Respublikamızın rəmzlərindən olan bayrağımızın rənglərinin təcəssümü - Türk multi-millətçiliyi, unikal tərəqqi-müasir elm və İslamın mənəviyyat, savad, sülh simbiozuna verdiyi dəyəri bu formada düzgün şəkildə təbliğ edib Milli İdeyamızı başqa ölçüyə çıxara bilərik. Tibb sahəsində nailiyyətlərimiz qədim mədəniyyətimizi, şanlı tariximizi və müasir dünyagörüşümüzü layiqli şəkildə təzahür etdirməli və birlikdə davamlı inkişaf çərçivəsində cənab Prezidentimiz İlham Əliyevin öndərliyində elmimizi zirvələrə daşımalıyıq /525-ci qəzet.

 

Baxış sayı: 1825
Paylaş: