Azərbaycanda bütün ümumi təhsil müəssisələrində "Son zəng" çalındı .
 
Bayramınız mübarək, əziz məzunlar!
 
Bu gün Azərbaycanın orta ümumtəhsil məktəblərində “Son zəng” çalınıb. Gunaydin.az xəbər verir ki, bir illik fasilədən sonra yenidən məktəblərdə ənənəvi "Son zəng" tədbirləri keçirilib. Koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın razılıq nəzərə alınaraq “Son zəng” tədbirlərinin müəyyən qaydalara əməl edilməklə təşkil edilməsinə icazə verilib.
 
Bu il yalnız onbirincilərin iştirakı ilə və pandemiya rejiminə uyğun şəkildə həyata keçiriləcək. Maska və ara məsafəsinin qorunması labüd olacaq.
 
Bununla bağlı Təhsil Nazirliyi tərəfindən rayon və şəhər təhsil şöbələrinə müvafiq tapşırıqlar verilib.
Belə kı, Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığını nəzərə alaraq cari tədris ili üzrə "Son zəng" tədbirinin 14 iyun 2021-ci il tarixində aşağıda göstərilmiş qaydalara əməl edilməklə təşkil edilməsinə icazə verilir:
 
- Tədbirin ümumi təhsil müəssisəsinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində bir saatdan artıq olmamaqla keçirilməsi;
 
- Yalnız ümumi təhsil müəssisəsinin 11-ci sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimin iştirakı ilə keçirilməsi;
 
- 11-ci sinif şagirdlərinin sayı 100-dən çox olan ümumi təhsil müəssisələrində iki mərhələdə günün müxtəlif vaxtlarında keçirilməsi.
 
Eyni zamanda bildirilir ki, tədbirin qapalı məkanlarda (akt zalları, idman zalları, sinif otaqları, məktəbin foyesi və s) təşkil edilməsinə və tədbirdə valideynlərin iştirakına icazə verilmir.
 
Qeyd edək ki, respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 131 227 nəfər, XI siniflərini 84 069 nəfər şagird bitirir. IX sinfi bitirənlərdən 60 403 nəfəri qız, 70 824 nəfəri oğlan, XI sinfi bitirənlərdən 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır. 2020-2021-ci tədris ilində respublika üzrə ümumi təhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 580 nəfər uşaq başa vurub. 2021-2022-ci tədris ilində respublika üzrə 158 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.
 
N.Telmanqızı
Baxış sayı: 970
Paylaş: