Bu gün tanınmış aktyor FAZİL SALAYEVin xatirə günüdür.
 
Xatırlayaq.
Ruhu şad olsun.
 
 
Əli qələm-karandaş tutandan şəkil çəkirdi. Ona görə də, orta məktəbi bitirən kimi sənədlərini Əzim Əzimzadə adına rəssamlıq məktəbinə verdi. Qəbul oldu, təhsil aldı, "Azərnəşr"də tərtibatçı rəssam kimi işlədi də. Amma özü demişkən, axıracan rəssam olmağa fürsət yoxmuş...
 
Fazil Salayevin əsli Arazın o tayından idi. Günün birində Cənubi Azərbaycandan bu yerlərə pənah gətirirlər. Oxuyur, təhsil alır, işləməyə başlayır...
 
Günün birində Fazil Salayevin atası İdris kişi özü kimi əsli cənubdan olan Nurəddin adlı həmyerlisinin qızına elçi düşür.1954-cü il aprelin 24-də, yağışlı bir gündə yaşadıqları evin geniş otağındaca oğluna toy edir. Onda Fazil Salayev rəssamlıq məktəbinin sonuncu kursunda təhsil alırdı. O vaxt Fazil Salayevin də yaşı elə çox deyildi. Heç 23 yaşı tamam olmamışdı. 
 
Beləliklə, aprelin 24-də İdris kişi dostu Nurəddinlə həm də quda olur.  Deyilənə görə,  nişanlananacan qızın üzünü bir dəfə də  görməyibmiş. Toydan qabaq cəmi bir dəfə, valideynlərinin dəvətilə qız tərəfi teatra gələndə onunla rastlaşıbmış. Nurəddin kişinin ağırxasiyyətliyi cavanların kəlmə kəsməyinə imkan verməyib. On səkkiz yaşında ər evinə köçən Fəridə xanım ömür-gün yoldaşının rəssam olacağını zənn edirmiş. 
Dövrünün sayılan kişilərindən olan, partiya və bir sıra təşkilati işlərdə, vəzifələrdə çalışmış İdris Salayev də bu gümandaymış. Amma...
 
Aktyor peşəsi yamanca sehrləmişdi Fazil Salayevi. Və beləcə, günün birində fırçanı, palitranı bir yana qoydu və "Azərnəşr"lə vidalaşdı. O, Teatr institutunun aktyorluq fakültəsində oxuyanda da əsl aktyor olacağı günü səbrsizliklə gözlədi. Ürəkdən inanırdı ki, o gün uzaqda deyil. 
 
Fazil Salayev sənədlərini ovaxtkı Teatr İnstitutuna (Mədəniyyət və İncəsənət Universiteti) verir. Deyilənə görə, Salayevin kumiri məşhur italyan aktyoru Toto (əsl adı Antonio Binçenzo Stefano Klemente) idi. Çox güman ki, onun bu seçimində Toto ilə zahiri oxşarlıqlarının olması da böyük rol oynamışdı.
 
İllər ötdü, Fazil Salayev universiteti bitirdi. Azərbaycan Akademik Dram Teatrına işə qəbul olundu. Bir-birindən maraqlı rollar oynadı... 
 1963-64-cü illər onun həyatında yeni dövrün başlanğıcı oldu. 
 
Görkəmli kinorejissor və dramaturq Həsən Seyidbəyli Fazil Salayevi "Möcüzələr adası" filmində kiçik bir rola çəkdi. 
 
 
Cəmi bir il sonra isə qəhrəmanımız rejissor Ağarza Quliyevin ekranlaşdırdığı "Ulduz" filmində müxbir rolunu oynayır. Ardınca "Alma almaya bənzər", "Bir cənub şəhərində", "Dərviş Parisi partladır" kimi filmlərdə yaddaqalan obrazlar yaradır. "Azdrama"dan küsüb getdiyi illərdə isə "Mozalan" satirik kinojurnalında müxtəlif tipajlar yaratmağa nail olur.
 
1966-cı ildə Həsən Seyidbəyli "Sən niyə susursan" filmində Fazil Salayevə kiçik bir rol tapşırır və o, bu rolun da öhdəsindən lazımınca gəlir.
 
 1969-cu ildə Şamil Mahmudbəyovun çəkdiyi "Şərikli çörək" filmi isə qəhrəmanımızın istedadını başqa tərəfdən üzə çıxarır. Bu psixoloji rolla sübut edir ki, onun üçün heç bir amplua məhdudiyyəti yoxdur. Bu rol Azərbaycan kinosunda sükutla "danışmağın" bənzərsiz nümunəsidir.
 
 
O zamandan bir müddət paralel olaraq teatrda və kinoda çalışdı. "Azdrama"dan Musiqili komediya teatrına yerini dəyişsə də, Fazil Salayev yaxşı bilirdi ki, gec-tez kino onu teatrdan, sevimli sənət ocağından əməlli-başlı ayıracaq.  
 
 O, qırçı Məhəmməd ("Şərikli çörək"), Qulaməli ("Dərviş Parisi partladır"), alverçi ("Bizim Cəbiş müəllim"), çilingər ("Ürək-Ürək") və zontik Mehdi ("Alma almaya bənzər") obrazları ilə qısa müddətdə böyük tamaşaçı məhəbbəti qazandı.
 
Fazil Salayev kinoda ilk rolunu 32 yaşında oynasa da, məhz kinoaktyor kimi məşhurlaşır. 
 Filmdən filmə onun axtarışları öz bəhrəsini verirdi. Elə buna görə də, yüz ölçüb, bir biçən aktyorun ifasında qəlibçilikdən uzaq, heç kimə bənzəməyən rollarla, həyatda çoxlarının qarşısına çıxan tipajlarla ekranda bir daha rastlaşarkən tamaşaçılar onu daha çox sevdilər.
 
Fazil Salayevin filmlərdəki qəhrəmanları ilə yanaşı "Mozalan" satirik kinojurnalında yaratdığı tipajları da diqqətəlayiqdi. Aktyorun metroya baxmağa cəhd göstərən sərxoş, şəhərin gecə səhərədək uğultusundan dinclik tapıb yata bilməyən narahat, toylara dəvət olunmaqdan əldən düşən və axırda şalvarsız qalan, əmək qabaqcılı kimi tez-tez iclaslara, görüşlərə çağrılıb yarıtmaz işçiyə çevrilən qəhrəmanları ilə hər dəfə ekranda görüşməyə imkan tapanda gah gülür, gah halına acıyır, gah da təəssüf hissi keçiririk. Bu obrazlarda başlıca cəhət Fazil Salayevin səmimiyyəti və yaradıcılıq axtarışları idi... 
 
...Cəmi 47 il ömür yaşadı Fazil Salayev. 
 
O, bu dünyada doyunca yaşamasa da,  yaddaqalan ömür yaşadı və bu günəcən ona olan sevgi, heyranlıq heç azalmadı.  Üç qız atası olan Fazil Salayev kiçik qızı Ofelyanın ad günündə, iyunun 19-da son saatlarını xəstəxana divarları arasında keçirən zaman necə sevinmişdi. Sarıqlı boğazını arıtlamağa taqəti olmasa da, axır dəqiqələrində güclə udqunaraq qızına xoşbəxtlik arzulamışdı... 
 
Arzulamışdı və bir gün sonra, 1978-ci ilin iyunun 20-də dünyasını dəyişmişdi...
 
Həyat yoldaşı Fəridə Salayeva Fazil Salayevin son günlərini belə xatırlayırdı:
 
"Ölümündən bir qədər əvvəl veriliş efirə getmişdi. Orada Həsən Seyidbəyli onun haqda danışmışdı. Fazil öləndən sonra verilişi yenidən efirə verdilər. Söz-söhbət gəzirdi ki, guya Fazil bizimlə yola getmirmiş. Ancaq Həsən Seyidbəyli Fazilin sənətini təhlil etdi, şəxsiyyəti barədə xoş sözlər dedi".
 
Fəridə Salayeva "Fazilsiz keçən illərdə təsəlliniz nə olub?" sualına belə cavab vermişdi:
 
"Təsəllim qızlarım olub. Axı onlar rəhmətliyin ən qiymətli yadigarlarıdır. Üç qız zarafat deyil. Fazil rəhmətə gedəndə hələ hamısı evdəydi. Sonra başım qarışdı onları köçürməyə. Daha sonra nəvələrim dünyaya gəldi. Heç o rəhmətə gedəndən bəri vallah bir düz-əməlli başım açılmayıb. Elə bil yaxşı-pis nə gün görmüşdümsə, hamısı onnan getdi. Fazil evin vur-tut bircə uşağı olub. Özü də varlı-hallı bir kişinin. Üstəlik üç qardaşın evində yeganə uşağıydı. Ona görə ürəyi nə istəyib, əlüstü düzəlib. Yəni, korluq çəkməyib. Rəhmətlik qayınatamın artistlikdən xoşu gəlməzdi. Elə sözün doğrusu, mənim də. Heç, inanın, teatrda tamaşalarda oynayırdı, tək-tük halda gedib baxırdım. 
 
Pianino çalmağı, oxumağı aləm idi. Hədsiz istedadlıydı. O açıq-saçıq, əhli-kefiydi, Bakının yarısı da dostları. Mənsə  ciddi, qısqanc... Nə təhər deyərlər, çox fərqimiz vardı. 
 
Fazilin ana babası Cabbarın da artistliyi varmış. Teatrda işləməyib, toy-düyündə iştirak eləyərmiş. Görünür, babasına çəkibmiş. İndi mənim beş nəvəm var. Üçü ali təhsil alıb. Onlardan ikisi artıq ailə qurub. Hər ikisi də ixtisasca memardı. Balaca nəvələrim uzaqdadı. Burnumun ucu göynəyir onlarçün. Bax, o ən balaca nəvəm var ha, yaman dilli-dilavərdi. Kim bilir, bəlkə o da babasına çəkib?..
 
İstedadlı aktyor Fazil Salayev qısa ömür yaşasa da, oynadığı rolları, gözəl mimikası və yumor hissi ilə xalqımızın yaddaşında əbədi qaldı.İllər keçsə də,onun yaratdığı rollara və filmlərə maraq itmədi, indi də sevilə-sevilə baxılır.
Çox acı təsadüf oldu ki, sənətkar 1978-ci il iyunun 20-də 47 yaşında kiçik qızı Ofeliyanın doğum günündə həyata əlvida dedi.
 
Əməkdar incəsənət xadimi Əli ƏMİRLİ:   
 
"Elə aktyorlar var ki, haqqında danışarkən onun hansısa cizgisi yada düşür. Fazil Salayevdə bu, təbəssüm idi və onun təbəssümüylə göz ifadəsi arasında fərq var. Gözləriylə iri planda işləməyi bacarır. Ancaq təbəsümündə qəribə bir kədər..."
 
Həqiqətən, nə qədər gülsə, nə qədər güldürsə də, onun gözləri qəlbinin dərinliklərində baş verən başqa təlatümlərdən xəbər verirdi. Onun akryor böyüklüyü də elə bu idi: Kədərlə sevinci hörgüləyən Fazil Salayev ömrünün yaşantıları...
 
Mədəniyyət və incəsənətimizdə çox istedadlı aktyorlar, tanınmış sənətkarlar dünən də olub, bu gün də var, sabah da olacaq. Amma Azərbaycanın teatr və kino tarixində kiçik rollarla yaddaşlarda qalan belə aktyor bir də olmayacaq!
 
Bu gün onun xatirə günüdür. 
Ölümündən 43 ildən artıq vaxt keçsə də, o tamaşaçı yaddaşında beləcə qalacaq - gözlərində kədər gülə-gülə...
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
Baxış sayı: 628
Paylaş: